31 mart soyqırımı Peru mətbuatında – FOTObackend

31 mart soyqırımı Peru mətbuatında - FOTO

Perunun nüfuzlu KİV-lərindən olan “La Razon” və “Prensa 21” qəzetlərində 31 Mart Azərbaycanlıların Soyqırımı və ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər haqqında yazı dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən KONKRET.az-a verilən məlumata görə, yazıda 1918-ci ilin mart-aprel aylarında erməni daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, eləcə də Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində xüsusi qəddarlıqla kütləvi qırğınlar törədildiyi, on minlərlə dinc azərbaycanlının etnik və dini mənsubiyyətinə görə qətlə yetirildiyi bildirilir.

1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada 16 mindən artıq insanın xüsusi amansızlıqla öldürüldüyü məlumat verilir, Quba ərazisində aşkar olunmuş kütləvi məzarlığın ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutu olduğu deyilir və Qafqazın o vaxtkı fövqəladə komissarı, erməni əsilli Stepan Şaumyanın qırğınlarda Bakı Sovetinin 6 min nəfər, Daşnaksütyunun 4 min silahlı əsgərinin iştirakına dair etirafları xatırladılır.

Ümumilikdə 1918-ci il mart qırğınlarının radikal millətçi ermənilərin xalqımıza qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə motivləri əsasında, öncədən planlaşdırılmış və qəddarcasına həyata keçirilmiş siyasət olduğu, həmin hadisələrdən bir əsrdən çox vaxt keçməsinə rəğmən, bu siyasətin müasir dövrdə də davam etdirildiyi, xüsusən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun 30 ilə yaxın müddətdə Ermənistanın tərəfindən hərbi işğalda saxlandığı, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yüz minlərlə soydaşımızın etnik təmizlənməyə məruz qoyulduğu bildirilir.

Ermənistanın Xocalı soyqırımı da daxil olmaqla, çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətdiyi, ötən ilin 27 sentyabr tarixindən başlanılan hərbi əməliyyatlar zamanı Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinə qarşı raket hücumlarına əl atdığı, bu yolla da bir əsr öncəki mart qırğınının xatirələrini geri qaytardığı söylənliir.

Ermənistanın xalqımıza qarşı tarix boyu törətdiyi soyqırımları və insanlıq əleyhinə cinayətlər, habelə irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti qınanır və bənzər cinayətlərin qarşısının alınması və təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyi vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*