40 günlük mücadilə – qanla qazanılan 206 yurd və Böyük Zəfərin bir addımlığı  backend

40 günlük mücadilə - qanla qazanılan 206 yurd və Böyük Zəfərin bir addımlığı  

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatının 40-cı günü tamam olur. 40 rəqəmi türk, orta Asiya və yaxın Şərq mifologiyalarında, folklorunda  ayrıca olaraq İslam inancında müqəddəs rəqəmdir. İnancına, tarixinə, kökünə bağlı Azərbaycan türkləri bu 40 günü öz tarixlərinə ən müqəddəs günlər kimi həkk edə bildilər. Məhz bu 40 gündə Azərbaycan öz zəfər yürüşünü tam qələbə ilə başa vurmaq üçün mühüm nailiyyətlər qazandı; həm cəbhədə, həm də siyasi və beynəlxalq müstəvidə.

Azərbaycan xalqı dünyaya sübut etdi ki, o dünyanın ən qürurlu, torpağı uğrunda canından keçməyi ən ali vəzifə sayan xalqlarından biridir. Bu xalq böyüklüyünü, Vətən uğrunda hər şeyi bir kənara buraxıb bir yumruq kimi birləşdi və bunun real nümunəsini yaratdı. Millətimiz ən kiçiyindən, ahılına qədər, həmçinin siyasi mövqeyindən, statusundan asılı olmayaraq elə bir ruh nümayiş etdirir ki, bu ruhun qarşısında dünya güclərinin illərdir davam etdirdiyi ədalətsizlik duruş gətirə bilmir.

Azərbaycan dünyaya iqtisadi gücünü göstərdi.

Bu 40 gündə arxa cəbhədə əhalinin rifah halında geriləmə olmadı. Müharibənin qaçılmaz sifəti kimi qəbul olunan aclıq, sosial fəlakət yaşanmadı. Bir yandan düşmənlə, digər yandan pandemiya ilə mübarizənin uğurlu nəticələri Azərbaycanın möhkəm iqtisadi bazaya malik olmasının əyani göstəricisidir.

Müharibədə vahid idarəetmənin nümunəsi də yaşandı bu 40 gündə. Heç bir boşluq buraxılmadı. İnformasiya cəbhəsində, səngərdə mübarizə qüsursuz aparıldı. Daima Azərbaycanı daxildən parçalamağa nail olanlar tam fərqli mənzərənin şahidi oldular və olmaqda davam edirlər.

Nələr edilmədi, bu mənzərəni pozmaq üçün!

Faşist mahiyyətli Ermənistanın Gəncə, Bərdə və digər ərazilərdə dinc sakinləri hədəf seçməsi millətin ruhunu sarsıtmağa, daxildə gərginlik yaratmağa hədəflənmişdi. Lakin hər dəfəsində qarşılarında daha da sıx birləşmiş, əzmi, ruhu yüksələn Azərbaycanı gördülər və görəcəklər!

Azərbaycan dünyaya hərbi sahədə öz gücünü, qüdrətini nümayiş etdirdi. Heç kim Azərbaycan Ordusunun belə imkanlara malik olmasını gözləmirdi. Yeni müasir silah, texnika, avadanlıqla təmin olunmuş, infrastrukturu yenilənmiş, peşəkar döyüş qabiliyyətinə malik Ordunun ortaya çıxmasını hələ də sinirə bilmirlər.

İnamın, qətiyyətin, əzmin müəllifi olan Azərbaycan Ordusu elə bir tarix yazır ki, onun qələbələrini kiçiltmək üçün düşmən və havadarları hər gün nəsə uydurmaq zorunda qalır.

Ermənistan ordusu haqqında mifi bir neçə günə darmadağın edən Azərbaycan Əsgərinin qələbələrinə kölgə salmaq üçün Qarabağda muzdluların döyüşməsi barədə yalan dövriyyəyə buraxılmaqda davam edir.

Bu yalanların da 40 günü tamam olur və Prezident İlham Əliyev hər dəfə ayrı-ayrı tribunalarda bunun yalan olduğunu, rəsmi səviyyədə fakt istənildiyini qətiyyətlə bəyan edir və heç bir dəlilin təqdim olunmadığını bildirir. Bu yalanı uyduranlar da faktın olmadığını yaxşı anlayır. Amma həqiqəti etiraf etməyə özlərində güc tapmırlar. Fəqət Azərbaycan Ordusunun qüdrətini düşmənin və havadarlarının etiraf edəcəyi gün uzaqda deyil.

Öz tarixi torpağında separatizmin kökünü kəsən Azərbaycan bunun müharibə yolu ilə mümkünlüyünü isbatladı. 30 ilə yaxındır qətnamələri icra edə bilməyən BMT-nin işini görən Azərbaycan təkbaşına beynəlxalq hüququn ayaqlar altına düşən imicini bərpa edir. ATƏT-in Minsk Qrupunda cəmləşən Rusiya, ABŞ, Fransa kimi dövlətlərin edə bilmədiyini cözməkdə olan Azərbaycan erməni lobbisinin, havadarlarının əks-təbliğatını da yerə vurmağı bacardı. Prezident İlham Əliyev demək olar ki, hər gün bir əcnəbi televiziya kanalının jurnalistinə müsahibəsində yorulmadan haqq işimizi böyük qətiyyətlə müdafiə etdi. Nəticədə, bütövlükdə regionda yeni reallıq yarandı. Düşmənin əzəli müttəfiqləri belə tədricən Azərbaycanın yanında yer almaqdadır.

Bu 40 gündə son məlumatlara əsasən, noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edildi. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azadlığa qovuşdu.

Düşmən tərəfi üçün isə bu 40 günün nəticələri fəlakətdən ibarət oldu. Muzdluların və kənardan gətirilən ayrı-ayrı yaraqlıların ümidinə qalan Ermənistan ordusundan demək olar ki, əsər-əlamət qalmayıb.

Ordunun rəhbər heyətinin tanınmış isimləri, Xocalı faciəsini törədən hərbiçilər məhv edilib. Düşmənin pulsuz əldə etdiyi milyardlarla məbləğdə silah-sursat məhv olunub, bir hissəsi isə qənimət kimi götürülüb. Ermənistan təkcə cəbhədə acı məğlubiyyətə uğradılmayıb. Düşmən ölkə iqtisadi fəlakətin astanasındadır. 40 gündə dünya liderlərinə yalvarışları ilə yadda qalan Paşinyanın nəinki özünün, bütövlükdə ölkəsinin gələcəyi sual altına düşüb. Qarabağdakı qondarma respublika isə artıq yoxdur. Ermənistana qaçan separatçıların bir qismi məhv edilib.

Beləliklə, 40 günə yazılan bu şərəfli tariximiz bizi daha böyük zəfərə yaxınlaşdırıb.  Azərbaycan bu Qələbəyə həqiqətən bir nəfəs qədər yaxındır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*