İkinci Vətən Müharibəsinin başlamasının 4 ilinin tamamına düz 50 gün qalıb. Həmin gün-27 sentyabr şəhidlərimizin anım günü kimi qeyd edilir. O gün həm də Böyük Zəfərə gedən yolun başlanğıcıdır.
Ona görə də bu tarixi günlər barədə hər zaman danışmaq lazımdır. Çünki 44 günlük müharibənin yekununda təkcə Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları bərpa olunmadı, həm də dünya daha bir faşist ideollogiyasından xilas oldu.
Nəzərə alaq ki, düz 36 il əvvəl erməni ultramillətçiləri Xankəndinin baş meydanında “miatsum” deyə bağırmağa başladı. “Dənizdən-dənizə Böyük Ermənistan” “xəritəsi”ni tirajlayan balayanlar, aqenbekyanlar təkcə Azərbaycana yox, bütövlükdə sivilizasiyaya meydan oxudular. Çünki Qaregin Nijdenin xəstə ideyaları ilə beyinləri dumanlanmış erməni millətçiləri Orta Avropadan Orta Asiyaya qədər böyük bir əraziyə sahiblik iddiasına düşmüşdülər. Guya nə vaxtsa bu ərazidə “Böyük Ermənistan” dövləti olub. Ermənilərin bu sərsəm çağırışları qlobal güclərin də işinə yarayırdı. Qərb SSRİ-nin dağılmasında əsas vasitə kimi milli-etnik münaqişələri görürdü. Ona görə də ermənilərin qonşu Azərbaycan, Gürcüstan və digər respublikalara torpaq iddiası SSRİ-ni sarsıdan səbəblərdən biri idi. Nəzərə alaq ki, Qərbin pulla satın aldığı Mixail Qorbaçov da Qərbin maraqlarına uyğun hərəkət edərək SSRİ ərazisində milli münaqişələrin qızışdırılmasına öz töhfəsini verdi. Beləcə, 36 il əvvəl başlanan çirkin kampaniya təkcə SSRİ-nin dağılması ilə yekunlaşmadı, həm də bir çox respublikaların köksündə yaralar açdı.
Həmin ölkələrdən də biri Azərbaycan oldu. Qlobal güclərin dəstəyi ilə Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal edildi. Bir milyon insan dədə-baba ocağından qovuldu. Bundan əlavə, Qərbi Azərbaycan torpaqlarından 250 mindən artıq soydaşımız Moskvanın təşkilatçılığı və Qərbin ssenarisi ilə deportasiya edildi.
Vəziyyəti tam nəzarətdə saxlamaq və Ermənistan-Azərbaycan münaqişəsini “həll etmək” üçün 1997-ci ildə ABŞ, Rusiya və Aİ qurama bir təşkilat da təsis etdilər. ATƏT-in Minsk qrupu adlanan bu qurum münaqişənin həllinə yox, daha çox Azərbaycanı təzyiq altında saxlamağa xidmət edirdi. Çünki fəaliyyətdə olduğu 23 il müddətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa açıq şəkildə Ermənistanın maraqlarından çıxış etdilər və münaqişəni sonsuza qədər uzatmağa çalışdılar.
Azərbaycan təkcə Ermənistanla yox, bütövlükdə qlobal güclərlə üz-üzə qaldığının fərqində idi. 23 il ərzində Azərbaycan dövləti boş dayanmadı. Ötən hər ildə ölkənin iqtisadi və hərbi gücü bir qədər də artırıldı və torpaqlarımızın işğaldan azad olunması üçün tarixi məqamın gəlməsi naminə geriyasım başladı.
Belə bir məqam isə 2020-ci ilin payızında yarandı. Bu o zaman idi ki, dünyanın aparıcı dövlətləri “COVİD-19”un gətirdiyi iqtisadi bəlaların məngənəsində sıxılırdı. ABŞ-də kritik prezident seçkiləri keçirilirdi. Rusiya Azərbaycanı unudub Ukrayna ilə məsələni birdəfəlik həll etmək istəyirdi. Üstəlik, Ermənistanın yeni rəhbəri Nikol Paşinyan Rusiyaya dirsək göstərməyə başlamışdı.
Bu azmış kimi ermənilər Rusiya, ABŞ və Fransaya qarşı təxribatçı hərəkətlər edirdilər. Belə ki, ermənilər Rusiyanın Krasnador, Armavir, Fransanın Marsel, ABŞ-nin Kaliforniya bölgələrində təxribatçı hərəkətlər edir, bu ərazilərdə özlərinin milli və dövlət atributlarını dirçəldirdilər. Təbii ki, ermənilərin bu nankorluğu cavabsız qala bilməzdi. 2020-ci ilin sonlarına yaxın Qərb və Rusiya bir növ əlini Ermənistanın üzərindən çəkdi. Bunu görən Paşinyan Azərbaycana qarşı müharibə ritorikasını durmadan gücləndirdi. Sanki öz ayaqları üstündə dayandığını Qərbə və Rusiyaya sübut etmək istədi. Amma Paşinyan kiminlə üz-üzə qaldığını dərk etməkdən çox-çox uzaq idi.
Məhz belə tarixi bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev qəti qərar verdi. Ermənistanın təşkil etdiyi növbəti silahlı təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Təbii ki Qərbin və Rusiyanın dəstəyindən məhrum olan Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməzdi və bilmədi də…
Cəmi 44 günə Azərbaycan nəinki, torpaqlarını işağaldan azad etdi, həm də Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Təbii ki, bu qələbənin arxasıında ordu-xalq, xalq-hakimiyyət birliyi dayanırdı. Bu qələbə üçün 3 mindən artıq qəhrəman soydaşımız canından, minlərlə soydaşımız sağlamlğından keçdi. Ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanın qətiyyəti qarşısında aciz qalan Paşinyanın yalvarışları başladı və bundan sonra Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-a keçən gecə üçtərəfli Bəyannamə imzalandı. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri ən qısa zamanda yerinə yetirəcəyinə söz verdi.
Lakin tipik erməni kimi Paşinyan da öz imzasına hörmət etmədi və yenidən siyasi manipulyasiyaya başladı. 3 aya reallaşdırılması nəzərdə tutulan sərhədlərin delimitasiyasi və demarkasiyasını, silahlı dəstələrin Qarabağdan çıxarılmasını və digər məsələlərin həllini 3 il uzatdı. Lakin Azərbaycan Ermənistanın nazı ilə daha 30 il oynamaq fikrində deyildi.
Ona görə də sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirləri həyata keçirildi. 23 saat ərzində Azərbaycan Ermənistan və Rusiya sülhməramlılarının 3 ilə edə bilmədiklərini reallaşdırdı. Ermənistanın silahlı hərbi birləşmələri bircə gün ərzində Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan nəhayət ki, hər qarış torpağında suveren hüquqlarını bərpa etdi.
Bəli, bu gün Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları bərpa olunsa da, yaralarımız hələ də sağalmayıb. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan azərbaycanlıların didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilib.
Nəticədə Azərbaycan dövlətinə milyard dollarla ziyan dəyib. 25 minə yaxın soydaşımız şəhid olub, 1 milyona yaxın insan hələ də öz dədə-baba ocaqlarına qayıda bilmir. Xocalı, Qaradağlı, Malibəyli faciələrinin yaraları hələ də qaysaq bağlamayıb.
Rəsmi statistikaya görə, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə ən azı 600 şəxsə aid meyit qalıqları tapılıb.
Bununla belə, Birinci Vətən Müharibəsindən sonra 4 minə yaxın soydaşımızın taleyi hələ də qaranlıq qalıb.
Ermənistan işğal müddətində Azərbaycanın maddi-mənəvi irsinə çox böyük ölçüdə ziyan vurub. Yüzlərlə tarixi və mədəni abidə məhv edilib. Tək bir faktı deyək ki, işğal dövründə 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib.
Digər tərəfdən, 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, separatçılar tərəfindən Azərbaycanın ərazisinə yenidən minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Təbii ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi vandaalizm siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı iş aparılır. Çünki Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər bütövlükdə sivilizasiya qarşı törədilmiş qəsddir, cinayətddir.
Natiq Səlim,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna uyğun olaraq dərc edilir.