“2026-cı ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 65 dollar götürülüb. Yanvar-fevral aylarında orta qiymət təxminən 65 dollar ətrafında dəyişib. Yəni büdcədəki qiymətlə dünya bazarındakı qiymət oxşar olub. Bu baxımdan, neftin dünya bazarındakı qiymət artımı nəticə etibarı ilə, Azərbaycanın həm dövlət gəlirlərinə, həm də valyuta ehtiyatlarına birbaşa təsir göstərir”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, Hörmüz boğazındakı faktiki vəziyyətlə bağlı dünya bazarında neft qiymətinin intensiv artımı büdcə daxilolmalarına ciddi təsir göstərir:
“Neftin mart ayı üzrə dünya bazarındakı qiyməti büdcədə nəzərdə tutulan orta qiymətdən daha yüksək olub. Azərbaycan dövlət büdcəsinin 2026-cı il üzrə gəlirlərinin 43 faizi neft sektorunun payına düşəcək. Neftin dünya bazarındakı qiyməti illik orta qiymətdən yüksək olacağı halda, neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq”.
Deputat söyləyib ki, dövlət büdcəsinə dəyişikliyin edilməsi birbaşa hökumətin qiymətləndirmələrindən asılı olan məsələdir:
“Eyni zamanda, 1 aylıq yekuna deyil, daha uzunmüddətli yekuna əsasən qərarın verilməsi mümkün ola bilər. Amma sözsüz ki, hökumət tərəfindən belə bir layihə təqdim olunarsa, biz də büdcəyə dəyişiklik zamanı yeni xərclərlə bağlı öz təkliflərimizi təqdim etmək niyyətindəyik. Bu, hökumətdəki qiymətləndirmələrdən asılı olan məsələdir”.
Qeyd edək ki, builki dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Hazırda isə dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmağa davam edir. Aprelin 2-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 10,89 ABŞ dolları və ya 8,3% artaraq 141,68 ABŞ dolları olub. “Azeri Light” (CIF) markalı neftinin əvvəlki qiyməti 130,79 ABŞ dolları təşkil edib.
