İnternet üzərindən edilən paylaşımların məsuliyyəti məsələsi son dövrlərdə cəmiyyət üçün getdikcə daha aktual mövzulardan birinə çevrilib. Sosial şəbəkələrin geniş yayılması ilə hər kəsin informasiya yaymaq imkanı əldə etməsi, eyni zamanda hüquqi məsuliyyət məsələsini də gündəmə gətirir. Bəs, internetdə edilən paylaşımlara görə hüquqi məsuliyyət varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, internetdə paylaşılan məzmuna görə məsuliyyət birbaşa həmin paylaşımı edən şəxsin üzərinə düşür.

“Əgər yayılan material kütləvi şəkildə nümayiş etdirilərsə və ictimai mənəviyyatı alçaldan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətləri əks etdirərsə, bu artıq hüquqi məsuliyyət yaradır. Əxlaqsız ifadələrin səsləndirilməsi, qeyri-etik jestlərin nümayiş etdirilməsi və ya bədən hissələrinin milli-mənəvi dəyərlərə zidd formada informasiya resurslarında paylaşılması qanunvericiliyə görə yolverilməzdir. Bu cür məzmunu yayan şəxslər inzibati və ya digər hüquqi məsuliyyət daşıya bilərlər”.
Ekspert vurğulayıb ki, sosial mediada sərbəstlik anlayışı məsuliyyətsizlik demək deyil və hər bir istifadəçi paylaşım edərkən həm qanunvericiliyi, həm də cəmiyyətin qəbul etdiyi etik normaları nəzərə almalıdır.
Müşviq Tofqioğlu
KONKRET.az
