Oktyabrın 9-da vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasiminin hansısa mədəniyyət ocağında deyil, Təzə Pir məscidində keçirilməsi narazılıq yaradıb.
KONKRET.az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İnsanlar 73 filmdə iştirak etmiş, vaxtı ilə Gənc Tamaşaçılar Teatrı, Milli Dram Teatrının aktrisası olmuş, Azərbaycan kinostudiyasında çalışmış, qiraətçi olmuş, eyni zamanda Xalq artisti adına layiq görülən Əminə Yusifqızının heç bir səhnədən və ya mədəniyyət evindən deyil, sadəcə məsciddən aparılıb dəfn olunmasını qınayıblar. Məsələyə münasibət bildirənlər Mədəniyyət Nazirliyini tənqid ediblər.
“Yeni Sabah” Xalq artisti ilə vida mərasimin hansısa mədəniyyət ocağında keçirilməməsinin səbəbini öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu verib.
Qeyd edək ki, Ə.Yusifqızı ilə vida mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, mərhumun yaxınları iştirak ediblər.
Mərhum Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.