“Yetərincə nüfuzlu olan “Qlobal İnnovasiyalar İndeksi 2024″ –də 6 pillə geriləyərək 89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğuran haldır. Düşünürəm ki, bu, ciddi müzakirə predmeti olmalıdır. “Qlobal İnnovasiyalar İndeksi”nin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətində səmərəliliyin qiymətləndirilməsindən ibarətdir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
O qeyd edib ki, son 5 ildə dərc olunan hesabatlardan görünür ki, bu sektorda bəzi illərdə bir neçə pillə yükəslmə olsa da, ümumilikdə daha aşağı yerllərə enmişik.
“Bu, güman ki, həm də onun göstəricisidir ki, digər ölkələr də “yatmayıblar”, biz yerimizdə “oturanda”, hansısa sənədin “razılaşdırılmasına” uzun zaman sərf edəndə onlar daha dinamik olublar. Hesabat “İnnovasiya resursları” (institutlar, insan kapitalı və elm, infrastruktur, bazarın inkişafı və biznesin inkişafı) və “innovasiya nəticələri” (bilik və texnologiyaların yayılması, yaradıcə fəaliyyətin nəticələri) alt indeksləri üzrə ölkələrdəki faktiki nəticələri əks etdirir.
Reytinqdən görünür ki, ölkənin innovasiya resursları üzrə sıralaması 82-ci yerdə, innovasiya nəticələri üzrə isə 20 pillə geridə, 101-ci yerdədir. Bu isə anlaşıqlı dildə o deməkdir ki, ölkəmizdə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil.
Hesabatı hazırlayanlar Azərbaycanın güclü və zəif tərəflərini də hazırlayıblar”.
O.Gündüz bildirib ki, Azərbaycanın güclü tərəfləri aşağıdakılardır:
1. Biznes siyasətinin sabitliyi (19-cu yer)
2. Şagird-müəllim nisbəti (20-ci yer)
3. Əmək məhsuldarlığının artımı (28-ci yer)
4. Universitet-sənaye əməkdaşlığı (30-cu yer)
5. Elmi və texniki məzunlar (45-ci yer)
6. Tədqiqatçıların sayı (45-ci yer)
7. Patent tətbiqləri (50-ci yer)
Azərbaycanın zəif tərəfləri aşağıdakıalrdır:
1. Xarici birbaşa investisiyalar (128-ci yer):
2. Yüksək texnologiyalı idxal və ixrac (126-cı və 114-cü yerlər)
3. Özəl sektorun kreditləşdirilməsi (117-ci yer):
5. Ümumi kapital yatırımı (112-ci yer)
6. İstehsalat və ixrac mürəkkəbliyi (111-ci yer)
7. Risk kapitalı investisiyası (106-cı yer):
8. Qanunların aliliyi (105-ci yer)
9. Tədqiqat və inkişaf xərcləri (95-ci yer)
10. Elektron iştirakçılıq (92-ci yer)
11. Tənzimləyici keyfiyyət (78-ci yer)
12. Hökumətin effektivliyi (73-cü yer)
Onun sözlərinə görə, BMT-nin bir neçə gün öncə açıqlanan “Elektron hökumət indeksi 2024” hesabatında 9 pillə irəlilədiyimiz halda bu reytinqdə geriləməyimiz xeyli düşündürücüdür:
“İnnovasiya sahəsində ölkəmizin son beş ildəki vəziyyəti aşağıdakı kimi olub :
2020: 82-ci yer
2021: 80-ci yer
2022: 93-cü yer
2023: 89-cu yer
2024: 95-ci yer
İnnivasiya sektorunun əsas qurumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Əlbəttə, bu sahədə fəaliyyətin təşkili, əlaqələndirilmə və tənzimləmədə qurumdan gözləntilər hədsiz çoxdur.
Lakin “Qlobal İnnovasiyalar İndeksi 2024” indikatorları bir çox sahələri ( innovasiya və rəqəmsal sektor, elm və təhsil sektoru, iqtisadiyyat, əqli mülkiyyət, mədəniyyət, qanunvericilik və s. ) əhatə edir. Hesabatı hazırlayanlar bu indekslər üzrə datanı aidiyyatı üzrə müxtəlif mənbələrdən əldə edirlər.
Ona görə bu indekslər üzrə geriləməyə görə konkret bir qurumdan məsuliyyət tələb etmək də ədalətsilzlik olardı.
Düşünürəm ki, hesabatda sadalanlarla əlaqəli olan RİNN, İRİA, İN, KOBİA, ETN, ASAN, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və digər əlaqəli qurumlar bu nəticələri ciddi analiz etməlidirlər. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi əlaqəli qurumların və maraqlı tərəflərin iştriakı ilə müzakirə təşkil etməli və geriləmə ilə bağlı konkret sahələr üzrə məsul şəxslərdən hesabatlar tələb olunmalıdır.
Hesabatdan çıxan nəticə budur ki, Azərbaycan bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün innovasiya nəticələrini artırmalı, xarici investisiyalar cəlb edilməli, kiçik biznes və startaplar üçün investisiya əlçatanlığı gücləndirilməli, İT məhsulların ixracı artıırlmalı, tədqiqatlara güclü resurslar ayrımalıdır və s”.
Məlik,
KONKRET.az