Tütün sənayesində son illər baş verən texnoloji yeniliklər və zərərin azaldılması konsepsiyası dünyanın bir çox ölkəsində qanunvericilik və ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Alternativ nikotin məhsullarının bazara çıxışı, onların hansı qaydalarla tənzimlənməsi və istehlakçılar üçün yaratdığı imkanlar həm dövlət qurumlarının, həm də istehsalçıların diqqət mərkəzindədir. Azərbaycanda da bu istiqamətdə yeni standartların qəbul edilməsi və normativ bazanın təkmilləşdirilməsi prosesi davam edir.
Philip Morris International (PMI) şirkətinin MDB üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim KONKRET.az-a müsahibəsində tütün sənayesində innovasiyalar, zərərin azaldılması strategiyası, Azərbaycanda tənzimləmə mexanizmləri və şirkətin gələcək planlarından danışıb.
– Siz innovasiyanı təşviq edən tənzimləmədən danışdınız. Bu sahədə digər ölkələrin təcrübəsindən hansı nümunələri göstərə bilərsiniz?
– Dünyada innovasiyanı dəstəkləyən tənzimləmə modellərinin çoxsaylı nümunələri var. Bunları avtomobil sənayesində də görmək mümkündür. Məsələn, elektrik, hibrid və benzinlə işləyən avtomobillər üçün dövlətlər fərqli hüquqi çərçivələr formalaşdırırlar.
Eyni yanaşma farmokologiya sahəsində də tətbiq olunur. Dərman preparatları bazara çıxarılmazdan əvvəl klinik sınaqlardan keçirilir və yalnız müsbət nəticə əldə etdikdən sonra istifadəyə icazə verilir.
Biz əczaçılıq şirkəti olmasaq da, ABŞ-da fəaliyyət göstərən Qida və Dərman Administrasiyası (FDA) nikotin tərkibli məhsulların da bazara çıxmasına icazə verən və ya verməyən qurumlardan biridir. Bu günə qədər həmin qurum tərəfindən bəzi qızdırılan tütün məhsulları və nikotin kisələrinin satışına əhalinin sağlamlığı baxımından icazə verilib.
Azərbaycanda da son 18 ay ərzində mühüm addımlar atılıb. Dövlət nikotin tərkibli məhsullar üçün texniki reqlamentlərin hazırlanması istiqamətində çalışır. Bu müddətdə qızdırılan tütün məhsulları və nikotin kisələri üzrə iki könüllü standart qəbul olunub.
Şirkət olaraq həmin standartlara əməl etməyi özümüz üçün prioritet hesab edirik. Bu, dövlətə bazara hansı məhsulu gətirdiyimizi və onun müəyyən olunmuş tələblərə tam uyğun olduğunu göstərmək baxımından vacibdir.
– Şirkətiniz qlobal miqyasda və Azərbaycanda hansı əsas istiqamətlərə üstünlük verir?
– Əsas məqsədimiz ən zərərli tütün məhsulu hesab olunan siqaretdən daha az zərərli alternativlərə keçidi sürətləndirməkdir.
Hazırda şirkətin gəlirlərinin 40 faizdən çoxu artıq siqaret olmayan nikotin və tütün məhsullarından, o cümlədən qızdırılan tütün məhsulları və nikotin kisələrindən formalaşır.
Biz siqaretdən imtina edə bilməyən yetkin istehlakçılara daha az zərərli alternativlər təqdim etməyə çalışırıq. Bununla yanaşı, hər hansı ölkədə qanunvericiliklə tənzimlənməyən məhsulun satışına başlanmasının qəti əleyhinəyik. Məhsul bazara çıxarılmazdan əvvəl onun hüquqi bazası formalaşdırılmalıdır.
– Zərərin azaldılması və innovasiyanı dəstəkləyən tənzimləmənin əsas elementləri hansılardır?
– Əslində bizim sahə digər sənaye sahələrindən ciddi şəkildə fərqlənmir. Məhsulların istehsalı, dövriyyəsi və satışı qanunvericiliklə aydın şəkildə tənzimlənməlidir.
Məsələn, əvvəlcə məhsulun hüquqi tərifi müəyyən edilməlidir. Elektron siqaret nədir, hansı məhsullar bu kateqoriyaya daxildir – bunlar qanunvericilikdə dəqiq göstərilməlidir.
Daha sonra məhsulun tərkibi, icazə verilən maddələrin miqdarı, laboratoriya yoxlamaları və keyfiyyət standartları müəyyən olunmalıdır. Bundan əlavə, aksiz tənzimlənməsi və yetkinlik yaşına çatmayanların bu məhsullara çıxışının qarşısının alınması da vacib məsələlərdəndir.
– Azaldılmış riskli məhsullara qarşı cəmiyyətdəki skeptisizmi necə aradan qaldırmaq olar?
– Yeni məhsullara qarşı ilkin inamsızlıq tamamilə normaldır. Bazara yeni oyunçular daxil olur və cəmiyyət onların hamısını dərhal qəbul etməməlidir.
Bu məsələdə əsas meyar elmi sübutlar, texniki sınaqlar və digər ölkələrin uğurlu tənzimləmə təcrübələridir. Qərarlar emosiyalar əsasında deyil, məhz elmi faktlara söykənməlidir.
– Siz bir neçə ölkəyə cavabdehsiniz və Azərbaycana tez-tez səfər edirsiniz. Digər ölkələrlə müqayisədə Azərbaycanı necə qiymətləndirirsiniz?
– Azərbaycan mənim üçün həqiqətən unikal ölkədir. Hətta ötən həftə dostlarım ailələri ilə birlikdə Bakıda olublar və şəhərdə gedən inkişaf proseslərini yaxından görüblər.
Mən hesab edirəm ki, Azərbaycan daim yeniliklərə açıq olan və irəliyə doğru addımlayan ölkələrdən biridir. Məhz bu xüsusiyyət onu fərqləndirən əsas cəhətlərdəndir.
Aynurə İsmayıl
KONKRET.az
