İraqın şimalında, Kərkük şəhəri yaxınlığında İraq ordusunun hərbi bazasına raket hücumu zamanı bir ABŞ vətəndaşı (bazada mülki kontraktla işləyən) həlak olub.
KONKRET.AZ bildirir ki, bir neçə amerikalı və iraqlı hərbçi yaralanıb. Bazanın yaxınlığında üzərində kustar üsulla raket qurğusu quraşdırılmış avtomobil aşkarlanıb. Hücumu İrana bağlı “Xətaib Hizbullah” qruplaşmasının həyata keçirdiyi bildirilir, lakin bu barədə rəsmi məlumat yoxdur.
İraqda hazırda 5 min ABŞ hərbçisi dislokasiya edilib. Son günlər Amerika hərbçilərinin yerləşdiyi İraq bazalarına raket hücumları intensivləşib. Bir neçə gün əvvəl Bağdad yaxınlığında belə hücum baş vermişdi, Amerika hərbçiləri zərər çəkməsə də İraq ordusunun bir neçə hərbçisi həlak olmuşdu. Həmin hücumun ardınca ABŞ dövlət katibi Maykl Pompeo bəyan etmişdi ki, İraqda amerikalı hərbçiləri hədəf alan hücumların arxasında İran dayanır və əgər belə hücumlar dayanmasa Birləşmiş Ştatların cavabı çox amansız olacaq. (Virtualaz.org)