Azərbaycana qarşı işlədilən bu silah hər kəsi məhv edəcək – Cəhənnəmə xoş gəlmisiniz!backend

Azərbaycana qarşı işlədilən bu silah hər kəsi məhv edəcək - Cəhənnəmə xoş gəlmisiniz!

                                     Fadil Paşayev

Bu gün cəmiyyət ARB-nin aparıcısı Zaur Kamala “müharibə elan edib”. İctimai qınaq getdikcə kəskinləşir, əsəblər gərilir, Güney Azərbaycandan olan müğənninin efirdən qovulmasını uca xalqımız həzm edə bilmir. Doğrudan da istəyirəm fərəhlənəm ki, nəhayət, ictimai qınaq uzunmüddətlidir, efirdən bir neçə gün keçməsinə baxmayaraq, müzakirələr davam edir. Çünki belə bir halla hələ azyaşlı Nərminin qətli zamanı rastlaşmışdım.

Təəssüf ki, bizi gözləyən daha böyük təhlükənin fərqində deyilik. Hələ anlamırıq ki, bizə qarşı nüvə silahı qədər təhlükəli olan silah tuşlanıb.

Bəli, səhv oxumadınız, dəhşətli bir yolayrıcında bu silahın qarşısında gözümüzü döyə-döyə qalmışıq. Hələ ki, tətik söyüş blogerlərinin əlindədir. Siz heç bilirsiniz ki, bu blogerlərin aqoniya saçan söyüş fəlsəfəsi artıq ömrümüzə oturub?! Nə baş verdi ki, ana-bacı söyüşü, küçə əxlaqı, küfr, vulqar, jarqon sözlər adi leksikonumuza çevrildi?!

Son otuz ildə dünyada baş verən təlatümlü ictimai-siyasi dəyişikliklər, əlbəttə, bütün cəmiyyətlərdə sarsıdıcı iz buraxıb. Zarafat deyil, bizim nəsil şüurlu şəkildə bir qərinədə hansı tarixi hadisələrin şahidi oldu. Və hər bir əhəmiyyətli olay insanların həyatına necə təsir etdi?! Üstəgəl, yeni texnologiyaların inkişafı, xəbərin işıq sürətilə yayılması insan dünyagörüşünü əsaslı şəkildə dəyişdirdi, dəyərlərə əks-təsir effekti yaratdı.

Bütün bunlar Azərbaycan cəmiyyətinin sosial strukturunda da köklü dəyişikliklərə səbəb oldu. Təbii ki, dilimizin inkişafında və quruluşunda bu mənfi meylləri görməyə bilməzdik. Bu gün dilçilik üzrə dünya mütəxəssisləri bir məsələdə çox yekdildirlər ki, dil və ünsiyyətdəki əsas dəyişikliklər sosial dəyişikliklərin birbaşa nəticəsidir.

Təsadüfi deyil ki, ta qədimlərdən babalarımız həcvlərdən istifadə edib, şahlar, hökmdarlar rəsmi məktublarında söyüş söyməkdən çəkinməyiblər. Amma bu, dövrümüzdəki qədər təhlükəli xarakter daşımayıb. Deyə bilərsiniz ki, axı bu söyüşlərin nəticəsində böyük imperiyalar qarşıya-qarşıya gəlib, dövlətlər yıxılıb.

Əslində belə deyil, çünki dünya durduqca, güclər toqquşacaq, qırğınlar, xəstəliklər, fəlakətlər olacaq. Amma mədəniyyətlər, intibah nümunələri nəsildən-nəsilə keçdiyi kimi həmin proses davam edəcəkmi? Doğrudur, göstərə bilərsiniz ki, böyük imperiya və dövlətçilik ənənəsi olan rus və Osmanlı türklərinin lüğətində söyüş elementləri adi hal kimi qarşılanır. Artıq ruslarda bununla bağlı efirlərdə heç bir mənəvi senzura belə tətbiq edilmir, səhnəciklərdə, teatr tamaşalarında, böyük auditoriyalarda geniş istifadə vasitəsinə çevrilir.

Ruslar bunun monqol-tatar boyunduruğunun çoxəsrlik ağır mirası olduğunu söyləsələr də, slavyan coğrafiyasında bu məsələ özünün faciəli mərhələsini yaşamır. Çünki bu xalqlar arasında dövlət atributları, tanınmış ictimai-siyasi xadimlər, sənət adamları kütləvi və uzunmüddətli şəkildə aşağılanmır, qürur və şəxsiyyət məsələlərində qırmızı xətt qorunur. Ayrı-ayrı istisnalar olsa da, bizdəki qədər dəhşətli vəziyyət müşahidə olunmur.

Artıq leksikonumuzda ibtidai icma təfəkküründən doğan ədəbsiz yanaşma hökmranlıq edir, həyatımızda rituallaşır, yeni yanaşmada sistemsizlik və faciəli xaosun bünövrəsini möhkəmləndirir. Blogerlərin təhqiri ana dilimizin ana xəttinə çevirməsi bu baxımdan yolverilməzdir. Buna qarşı bütün xalq ayaqda olmalıdır. Hakimiyyətin sosial siyasətini bəyənməyənlər də, dövlətçilik prinsiplərini əsas gətirənlər də. Belə olmasa, bizi qarşıdan gələn onillikdə 12 ballıq tektonik zəlzələlər gözləyir.

Məhəmməd Mirzəlilər, Qabillər, daha nə bilim, kimlər olur-olsun, fərq etməz, əgər sosial şəbəkələrin söyüş fenomeninə çevrilirsə, onda ədəbsiz ifadələr bütün yanaşmalara hopacaq. Dövlət təhlükəsizliyi bir ifadə olaraq ciddi qəbul olunmayacaq. Dövlət başçısı və ailəsi, gerb və himni, eləcə də qürur sayılacaq ordusu adi funksiyalar formatına keçəcək.

Yeri gəlmişkən, hələ Prezidentin sabiq köməkçisi Əli Həsənovun dövründə mediamıza gətirilən söyüş texnologiyası zamanı media ekspertləri buna qarşı çıxsa da, onlar az qala dövlətə xəyanətdə, satqınlıqda ittiham edilirdi. Ramiz Mehdiyevin siyasi quldurluqla məşğul olduğu dönəmdə Əli Həsənov daha çox mal-sərvət yığmaq üçün siyasi rəqibləri xoruza bənzədəndə unudurdu ki, büdpərəstlərin mistik bir silah kimi işlətdiyi təhqiramiz ifadələr xərçəng xəstəliyi tək yayılacaq və dövlətin sütunlarına sarsıdıcı zərbə vuracaq. Yeri gəlmişkən, büdpərəstlikdə söyüş silahından istənilən rahib istifadə edə bilməzdi və bu, çox təhlükəli sayılırdı. Çünki ədəbsiz texnologiya bəzən hədəfdə olan insanın özünü deyil, bütöv bir ailəni məhv edə bilirdi.

Bu gün də həmin xəttdir. Vulqar, jarqon, küçə söyüşləri bu blogerlər üçün üzdə dövlətin ali rəhbərliyinə, iriçaplı məmurlara  tuşlansa da, məqsədlər daha dərinə gedir. Dövlət-ailə təhlükədədir, dəyərlərin ölçmə cihazı sıradan çıxarılmaqdadır.

Nalayiq, tabu sözlər sistematik silaha çevrilməklə hər kəs hədəfdədir. Cənablar, cəmiyyətdə küfr hesab etdiyimiz ifadələr səhər yeməyində çörəyimizə yağ kimi çəkilir, naharımızda əsas menyu kimi təqdim edilir və şam yeməyi süfrəsini bəzəyirsə, biz yaxın gələcəkdə nəyimizlə qürur hissi keçirəcəyik? Dövlət təhlükəsizliyimizdə, cinayətkarlıqla mübarizədə, təhsildə, mədəniyyətdə hansı dönüş nöqtəsinə gəlib çıxacağıq?

Dil mədəniyyətində əxlaqsızlıq son həddir. Yəni artıq münasibətlərdə sondur, başlanğıc, yeni mərhələ kimi anlayışlar tükənib. Zatən güclü duyğuların ifadəsi azalıb, mesajlarda smayliklər hər şeyi həll edir. Qlobal modellərdə söyüş blogeri kimi Qabillər qalib olur. Sistemsizlikdə yeni üslub qüsurlu məntiq yaradır. Bütün dəyərlər qurşaqdan aşağı hesablanır, Azərbaycan məhvə sürüklənir. Elə isə cəhənnəmə xoş gəlmisiniz!..

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*