Son günlər ABŞ və İran arasında artan gərginlik beynəlxalq maliyyə bazarlarında dalğalanmalara səbəb olub. Xüsusilə, dolların məzənnəsində müşahidə olunan dəyişikliklər bir sıra ölkələrin milli valyutalarına təsir göstərib. Maraqlıdır, ABŞ-İran gərginliyi və dolların dəyişkən məzənnəsi Azərbaycan manatına necə təsir edə bilər?
Mövzunu İqtisadçı-ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirir ki, bu dəyişikliklərin Azərbaycan manatına birbaşa təsiri yoxdur.
“Azərbaycan manatının məzənnəsi inzibati qaydada tənzimlənir. Yəni ölkədə məzənnə bazar şərtlərinə deyil, Mərkəzi Bank və hökumətin müəyyən etdiyi inzibati çərçivəyə əsaslanır. Bu səbəbdən dünya birjalarında baş verən valyuta dəyişiklikləri, o cümlədən dollar indeksinin enib-qalxması manata birbaşa təsir etmir”.
Ekspert vurğulayıb ki, Azərbaycan manatına təsir göstərən əsas iqtisadi amil isə dünya bazarlarında neftin qiymətidir.
“ABŞ-İran gərginliyi fonunda enerji bazarında qiymət artımı müşahidə olunur. Hazırda Azərbaycan nefti 80 dollar civarında ticarət olunur ki, bu da ölkə üçün kifayət qədər komfortlu qiymət səviyyəsi hesab edilir”.
Aynurə İsmayıl
KONKRET.az