“ABŞ-nin cavabı özünü çox gözlətməyəcək” – “Politico” nəşrindən Yaxın Şərq böhranı ilə bağlı ŞƏRH  backend

“ABŞ-nin cavabı özünü çox gözlətməyəcək” – “Politico” nəşrindən Yaxın Şərq böhranı ilə bağlı ŞƏRH  

ABŞ-nin nüfuzlu “Politico” nəşri ABŞ və İran arasında gərginliyin artması və bunun səbəblərinə dair analitik məqalə dərc edib.

KONKRET.az həmin məqalənin tərcüməsinitəqdim edir.

“Yaxın Şərqdə artan gərginlik nəticəsində üç ABŞ əsgəri həlak olub. Oktyabr ayında İsraillə HƏMAS arasında müharibə başlayandan sonra regionda münaqişələr kəskin şəkildə artıb. Bu, daha böyük müharibənin başlanmasına səbəb ola bilərmi? ABŞ rəsmilərinin bildirdiyinə görə, ötən həftə İranın dəstəklədiyi qrup tərəfindən İordaniyadakı bazaya hücum ABŞ-nin rəhbərlik etdiyi dəniz koalisiyasının Qırmızı dənizdə husilərlə döyüşdüyü vaxta təsadüf edir. Bütün Yaxın Şərq regionu indi növbəti zorakılıq alovlarına hazırlaşır.

ABŞ cavab verəcəkmi?

İordaniyadakı hücumdan sonra çıxış edən ABŞ prezidenti Co Bayden Suriya və İraqda fəaliyyət göstərən radikal qrupları  günahlandıraraq cavab zərbəsi endirəcəyini vəd edib. İran bölgədəki qruplarla işbirliyi içində olmadığını iddia edərək, onlarla hər hansı əlaqəni rədd edir. Son onilliklər ərzində İran və ABŞ birbaşa münaqişədən qaça biliblər. Baydenin rəqibləri Ağ Evi Tehranı cilovlamaq üçün kifayət qədər iş görməməkdə ittiham edir. Respublikaçı senator Tom Kotton Amerika ordusunun asan  hədəfə çevrilməsindən narahatlığını ifadə edib: “Hücumlara yeganə cavab həm ölkə daxilində, həm də Yaxın Şərqdə İranın terrorçu qüvvələrinə qarşı sarsıdıcı cavab olmalıdır”.

Bununla belə, hakimiyyətdə olarkən həm Respublikaçılar, həm də Demokratlar İranla birbaşa qarşıdurmadan qaçıblar. ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə İranı hücumla hədələsə də, heç vaxt real addım atmayıb. O, ancaq Tehrana qarşı sanksiya tətbiq edib. Bununla belə, 2020-ci ildə Tramp Bağdadda Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin aradan götürülməsini təşkil edib.  IFRI analitik mərkəzinin tədqiqatçısı Heloise Faye deyib ki, ABŞ-nin cavabı çox güman ki, özünü çox gözlətməyəcək.

Keçmiş Amerika kəşfiyyatçısı və Flashpoint analitik şirkətinin qlobal təhlükəsizlik direktoru Endryu Boren isə hesab edir ki, İranla müharibə ilə bağlı riskləri hesablamaq asan olmayacaq və bu, İranın nüvə imkanlarının qiymətləndirilməsini, habelə rejimin gələcək fəaliyyətlərini əhatə etməlidir: “Bu, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Türkiyə, İsrail və Misir kimi Amerikanın regiondakı tərəfdaşlarının və müttəfiqlərinin mövqelərinin qiymətləndirilməsini tələb edəcək”.

Vaşinqtonun müttəfiqləri bunu dəstəkləyəcəkmi?

Faye bildirib ki, Avropa ölkələri Yaxın Şərqdə İranla böyük  münaqişədə maraqlı deyil: “Avropa narahatdır, lakin onlar Ukrayna problemi ilə paralel olaraq İranla da məşğul olmaq istəmirlər”.

Amma bu o demək deyil ki, onlar heç bir tədbir görməyəcəklər. İtaliya, Almaniya, Belçika və digər Aİ ölkələri Qırmızı dənizdə patrul  gəmiləri göndərməyi öhdələrinə götürüblər və üzv ölkələrin xarici işlər nazirləri Aİ-nin regiondakı missiyasını müzakirə etmək üçün fevralın 19-da görüşməlidirlər. ABŞ və Böyük Britaniya Qırmızı dənizdə husilərə çoxsaylı zərbələr endirib və tankerlərin hücuma məruz qalması halında əlavə tədbirlər görmək hüququnu özündə saxlayıb.

Böhran enerji sektoruna necə təsir edir?

Qırmızı dəniz neft və qaz üçün ən mühüm daşıma marşrutlarından biridir. Amma bu günə qədər böhranın enerji bazarlarına təsiri məhdud olub. Baxmayaraq ki, iri gəmiçilik şirkətləri gəmilərə Ümid burnu ətrafında uzun marşrutu seçməyi əmr ediblər.

İran üçün daha radikal variant Fars körfəzini Hind okeanına birləşdirən və qlobal neft daşımalarının təxminən beşdə birini təşkil edən Hörmüz boğazını bağlamaq olardı. Almaniya Gəmiçilik Assosiasiyasının rəhbəri Martin Kröger hesab edir ki, belə bir addım Avropa üçün ciddi nəticələrə səbəb olacaq.

Ərzaq təchizatı niyə təsirləndi?

“Neft və qazdan fərqli olaraq, tez xarab olan məhsulları Ümid burnundan asanlıqla keçirmək mümkün deyil. Bu marşurutun uzun olması daşıma müddətini üç həftəyə qədər artırır. Bu o deməkdir ki, təzə qida Avropaya qədər gedib çata bilmir”.

Bunu  Britaniya İxrac və Beynəlxalq Ticarət İnstitutunun baş direktoru Marko Forgione deyib.

Əvvəllər Süveyş kanalından asanlıqla faydalanan İtaliya, Yunanıstan və Kipr kimi Aralıq dənizi ölkələri xüsusilə ağır zərbə alıb.

ABŞ daha sərt mövqe tuta bilərmi?

Səudiyyə Ərəbistanı Tehranla münasibətlərdə təmkinli olmaqda israrlıdır və iqtisadi xərclərdən ehtiyat edir. Yaxın Şərq üzrə milli kəşfiyyatın keçmiş direktor müavini Conatan Panikoffa görə, İran rəhbərliyi ümid edir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyi artıra və regional münaqişəyə səbəb ola biləcək cavab tədbirləri görməyəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*