Azərbaycanda ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı məsələ sosial şəbəkələrdə müzakirə olunur. Maraqlıdır, bu halda diplom və digər rəsmi sənədlərdə də dəyişiklik edilməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Vamiq Şükürov bildirib ki, diplom və digər sənədlərin dəyişdirilməsi üçün şəxsiyyət vəsiqəsinin rekvizitlərində, yəni ad və ya soyad dəyişikliyi əsası göstərilməyib:
“Əgər hansısa quruma diplom təqdim edilirsə və orada ad və soyadda uyğunsuzluq yaranarsa, bu zaman şəxs ad və ya soyadın dəyişdirilməsi barədə şəhadətnaməni də təqdim etməklə diplomun ona məxsusluğunu sübuta yetirə bilər. Diplom bir şəxsin ali təhsil almasını təsdiq edən rəsmi sənəddir. Burada təhsil aldığı illər, ixtisas, fakültə, sənədin nömrəsi, imza və möhür kimi məlumatlar göstərilir. Yalnız bu hissələrdə səhv olarsa, diplom dəyişdirilə bilər. Digər hallarda dəyişiklik mümkün deyil”.
Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, bu məsələ qanunvericilikdə də öz əksini tapıb:
“12 may 2011-ci il tarixli “Adın, soyadın və ata adının dəyişdirilməsi haqqında” qaydalara əsasən, ad, soyad və ata adı dəyişdirildikdə, bununla bağlı mütləq şəkildə müvafiq dövlət qurumlarına və şəxsin hüquqlarının təsbit olunduğu digər zəruri təşkilatlara məlumat verilməlidir. Dövlət qurumlarının öhdəliyi isə yalnız həmin dəyişiklikləri elektron sistemə yerləşdirməkdən ibarətdir. Kağız daşıyıcıda olan sənədlərdə dəyişikliklər isə vətəndaşın özü tərəfindən müvafiq sənədlərin təqdim olunması ilə həyata keçirilir”.
Beləliklə, adını dəyişən şəxsin diplom və digər sənədlərini mütləq yeniləməsinə ehtiyac yoxdur. Sadəcə, müvafiq şəhadətnaməni təqdim etməklə sənədlərin ona məxsus olduğunu sübut edə bilər.
Aynurə İsmayıl
KONKRET.az