“Alatava”dan “sol”a burulanlar – Söyüşü evimizə gətirənləri efirə kim buraxıb?backend

“Alatava”dan “sol”a burulanlar – Söyüşü evimizə gətirənləri efirə kim buraxıb?

Bir neçə il öncə Rusiyanın düşüncəli təbəqəsi yerli telekanalların, xüsusilə də ermənilərin çoxluq təşkil etdiyi TNT-nin efirindən birbaşa evlərə “axıdılan” qeyri-normativ ifadələrlə bağlı sərt və kəskin mövqe nümayiş etdirdi. Həmin zümrə yaranmış mövcud durumun fəlakətə aparıb çıxaracağını əsaslandıraraq “həyəcan təbili” çaldı.

Bu düzgün yanaşmanın nəticəsində həmin ifadələrin, yəni söyüşlərin işlədilməsi həm azaldı, həm də hansısa ehtiyatsızlıqdan və ya cahillikdən işlədilərkən onun qarşısı xüsusi siqnallarla alınmağa başlandı.

Təsəvvür edirsinizmi, bu, küçə söyüşlərinin heç bir əhəmiyyət kəsb etmədiyi, ayıq başların az olduğu Rusiyada baş verdi.

Azərbaycanda isə qeyri-normativ leksikanın yolverilməz olduğu əzəldən bəllidir. Bu mənada müstəqillik illərində ANS-in ilk dəfə olaraq Tarantinonun “Kriminal qiraət” filmini dilimizə söyüşlərlə birlikdə tərcümə edib səsləndirməsi birmənalı qarşılanmamışdı.

Çünki hətta cahilə də bəllidir ki, böyük-kiçiyin, abır-həyanın, ədəb-ərkanın gözlənildiyi ailələrdə yaxşı, tərbiyəsizliyin hökm sürdüyü ailələrdə, yumşaq desək, pis övladlar yetişir. Amma çağırılmamış qonaq olan “mavi qutu”dan söyüşlərin evlərə, mənzillərə yağmur kimi yağdırılmağa başlaması artıq təkcə bir ailənin deyil, bütöv cəmiyyətin probleminə çevrilir.

Hər halda, İçtimai Televiziyada (İTV) yayımlanan “Alatava” serialını izləmək bu qənaətə gəlməyimiz üçün kifayət edir. Elə rejissor, aktyor və ssenarist Əlixan Rəcəbovun aprelin əvvəlindən başlayaraq İTV-də nümayiş etdirilən “Alatava” serialının doğurduğu mənfi münasibət də bununla əlaqəlidir.

Aydındır ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli kinoaktyor Rasim Balayevin seriala təpkisi adi məsələ deyil. Serialın bir neçə bölümünü izləmək xalq artisti Rasim Balayevin nə qədər haqlı olduğunu sübut edir.

Onun “Ekrandan söyüş söymək sənət deyil, tərbiyəsizlikdir. Ola bilər ki, başqa ölkələrdə ekran işlərində bu cür davranışlar qəbul olunur, amma bizdə olmamalıdır. Əksinə, biz insanlara mehribanlığı, səmimiyyəti təlqin etməliyik, hazırkı dövrdə yavaş-yavaş yoxa çıxan gözəl xüsusiyyətləri aşılamalıyıq. Biz gözəl şeyləri tərənnüm edən filmlər, serillar çəkməliyik. Söyüş, ara sözlər, jarqonlarla dolu layihələrə ehtiyac yoxdur. Bu, həmin serialı çəkənlərin reytinq qazanmaq üçün atdığı və müəyyən kütləyə hesablanmış bir addımdır. Belə seriallar əqli cəhətdən gerizəkalı insanlar üçündür” fikri sərrastlıqla hədəfə dəyib.

Əlbəttə, istedadlı, yaradıcı insanların bir araya gəlməsinə, serial çəkməsinə heç kimin sözü yoxdur. Əksinə, cəmiyyəti geriyə deyil, irəliyə aparacaq, milli şüurumuza müsbət təsir edəcək maraqlı filmlərin, serialların ortaya çıxması hamımızı yalnız sevindirə bilər. İndi Türkiyə, Ukrayna, Yaponiya, Koreya seriallarında bu müsbət tendensiyanı görmək olur. Belə serialların nəinki ölkəmizdə, həm də xarici ölkələrdə populyarlıq qazanması isə həm rejissorlarımızın, aktyorlarımızın yaradıcılıq və şəxsi həyatını zənginləşdirər, həm də milli kinomuzun inkişafına gətirib çıxarar.

Amma bunu “Alatava” haqqında demək qeyri-mümkündür. Əvvəla, milli serialın milli reallıqla heç bir əlaqəsi yoxdur. İkincisi, serial daha çox məşhur amerikalı kinorejissor, ssenari müəllifi, prodüsser və aktyor Kventin Tarantinonun qeyri-xətti povest quruluşu, zorakılığın estetikləşdirilməsi ilə xarakterizə olunan filmlərinin ayrı-ayrı epizodlarını xatırladır. Həmin epizodların milliləşdirilməsi olduqca süni təsir bağışlayır. Üçüncüsü, əcnəbi tamaşaçı seriala baxsa, onun hansı ölkənin dilində çəkildiyini anlamaz.

Əgər korifey rejissorlarımızın və ssenari müəlliflərimizin “Malış”, “polnı xod vermə”, “həm də mənim bratımdır”, “öpürəm brat”, “sən məndən dostoynı kişisən”, “obnovleniye”, “srazu”, “naxadu çatdırıb”, “xodovoy yerdə”, “kliyent”, “toje mne”, “seryoznı söhbət”, “nastroyeniyem yox idi”, “krısinni hərəkətdir”, “krısa”, “vosstaniye”, “oboronnı dəstəsi”, “proxodnoy dvor”, “sidet də edəsən”, “Norvegiya”, “tema var”, “detdom uşaqları”, “otboy verirsən”, “v lucşem sluçaye orada olacaq”, “krasavçik”, “xod edə bilmədin”, “rastamojka eləyə bilmir ki”, “vse”, “rasxoda verirsiniz” kimi əcaib ifadələri və sözləri eşitmək imkanı olsaydı, yəqin ki, məzarlarında  çevrilərdilər.

Adam fikirləşir ki, dünya kinosuna “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi orijinal sənət incilərini bəxş edən bizim kino nədən belə deqradasiyaya uğrayıb?

Adama təsir edən daha bir vacib məqam var. Vaxtilə maestro Niyazinin bir haqlı tənqidi fikri ilə verilişi bağlayan televiziya rəhbərlərindən fərqli olaraq, indikilər Yayım Şurasının üzvü Azər Həsrəti irəli verirlər. O da deyir ki, Yayım Şurası öz toplantısında “Alatava” və “Gündəlik” seriallarını geniş şəkildə müzakirə edib, serialda vulqar ifadələrin işlədilməsini məqbul saymayıb və bununla bağlı tədbir görüləcək. “İctimai Televiziya sosial media üzərindən yayımla bağlı müəyyən dəyişikliklər edəcək. Serial çəkilib, onun dəyişdirilməsi imkanı yoxdur, amma efirə, eyni zamanda, “YouTube” kanalı üzərindən təqdimata müəyyən korrektələr ediləcək. Bu da elə olacaq ki, həm serial özü zərər görməsin, həm də səviyyə qoruna bilsin”.

Bu o deməkdir ki, Rasim Balayevin bu cür seriaların efirdən yayımlanmasının yolverilməz olması barədə fikirləri nəzərə alınmayıb. İTV rəhbərliyi və Yayım Şurasının üzvləri sənətkarın “Belə layihələr çəkilsə belə, onları ekrana buraxmaq olmaz! Bu məsələdə telekanalların üzərinə də məsuliyyət düşür. Telekanalların bir başçısı olmalıdır, nəzarət etməlidirlər, qanun, qayda olmalıdır. Bir deyən olmalıdır ki, ay balam, bura efirdir, bu kanala arvad, uşaq, yeniyetmələr baxır. Bizim milli mentalitetimiz var, Azərbaycanda yaşayırıq, müsəlmanıq, belə şeylər bizə yaddır. Söyüşü heç küçədə istifadə etmək olmaz, sən isə söyüşü ekrana çıxarırsan. Bu nə deməkdir? Bu guya sənət əsəridir?! Gedin, işinizlə məşğul olun! Serial, film çəkə bilmirsiniz, söyüşlə, jarqonla kimi aldatmaq istəyirsiniz? Bununla kimin yanında xal qazanacaqsınız? Olmaz! Ayıbdır!” fikrini heç vecinə belə almayıblar.

Əslində, son dövrdə “vecinə almamaq” dəbə düşüb. İndi bunu azğın məktəbli qız da deyir, 74 yaşlı deputat da… Bir sözlə, kefdəyik!!!

Almayın vecinizə! Qoy, İTV-nin rəhbərliyi başda olmaqla, “Alatava”nı efirə buraxanların və müdafiə edənlərin hamısı ailə üzvlərini, əsasən də övladlarını oturtsunlar televizorun qarşısında, “Alatava”nın söyüşlərini dinlətdirsinlər! Sonra Prezident İlham Əliyevin şəxsiyyət kimi yüksək qiymətləndirdiyi Rasim Balayev kimi sənətkarı həqiqəti söylədiyinə görə tərbiyəsizlikdə ittiham etməyə cəhd göstərən aktyor Taleh Yüzbəyovun “Söyüş söymək isə tərbiyəsizlik deyil” moizəsinə qulaq assınlar. Anlasınlar ki, “Alatava”nın söyüş dili ilə xaricdə oturub, ölkəmizin ünvanına ağızlarına gələn söyüş yağdıran ünsürlər arasında heç bir fərq yoxdur.

Bir başınıza, bir də dizinizə döyəndə, Rasim Balayevi yada salarsınız.

Başa düşməyənlərə “Alatava”nın tərzində deyirik: “Atam balası, bizə söyüş lazım deyil, söymək istəyirsən, get evində söy!”.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*