backend

Ali Baş Komandanın düşmənin ünvanına söylədiyi sözlər zərb-məsələ çevrilib”

15 sentyabr 1918-ci il və 27 sentyabr 2020-ci il. Biri paytaxtımız Bakının qurtuluş günü kimi tarixə düşüb. İkincisi isə işğalda olan torpaqlarımızın azad olunması mərhələsinin başlanğıc günüdür.

Düz 102 il sonra igid əsgər və zabitlərimiz Qarabağ cəbhəsində Azərbaycanın dövlət himnində deyildiyi kimi, Vətən torpaqlarından ötrü can verməyə, qan tökməyə hazır olduqlarını sübut edirlər. Bu gün Cəbrayıl, Füzuli, Zəngilan rayonlarında, Hadrut qəsəbəsində, Xudafərin körpüsündə və onlarla kəndlərimizdə Azərbaycan bayrağının dalğalanması məhz gecə-gündüz Vətən torpaqlarının keşiyində dayanan, onu qarış-qarış düşmən tapdağından təmizləyən əsgər və zabitlərimizin qorxmazlığı sayəsində mümkün olub.

Yəqin ki, Ermənistanın bayrağını ayaqlar altına atıb, Azərbaycan bayrağını Cəbrayıl, Hadrut, Füzuli, Xudafərin, Zəngilanda ucalara qaldıran Azərbaycan əsgəri bununla xalqımıza necə fərəhli anlar bəxş etdiyini yaxşı anlayır. İgid oğullarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevə qürurla, həyəcanla raport vermələri, dövlət başçımızın tərzində yumruqlarını göyə qaldırıb “Qarabağ Azərbaycandır!” deyə yüksək səslə hayqırmaları qələbə sevincinin misilsiz duyğu olduğunu bir daha nümayiş etdirir.

Təbii ki, bu qürurlu anları yaşamağımıza səbəb Prezident İlham Əliyevin siyasət, hərb, diplomatiya sahələrində yüksək pilotaj nümayiş etdirməsidir. İndi xalqa bəlli olur ki, 17 illik hakimiyyəti dönəmində Qarabağla bağlı Azərbaycanın haqlı mövqeyini qapalı görüşlərdə iri dövlətlərin rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin nəzərlərinə dəfələrlə, prinsipiallıqla çatdıran Prezident İlham Əliyev usanmadan, yorulmadan müstəqil dövlətimizin maraqlarını inadla müdafiə edib, bir addım da geri çəkilməyib.

Onun fəaliyyətinin bu tərəfi xalqımıza məlum deyildi. Bu məqam isə rəqiblərin bu məsələdən spekulyativ məqsədlərlə sui-istifadə etməsinə səbəb olurdu. Heç kimə məlum deyildi ki, mənfur düşmənin cinayətkar, səviyyəsiz rəhbərləri ilə görüşmək, onların Azərbaycan xalqının qanına batmış əllərini sıxmaq, üzlərinə baxmaq, ağlasığmaz iddialarını dinləmək Prezidentə necə ağır olub. Lakin Prezident bunların hər birinin öhdəsindən gəlib.

Məhz İlham Əliyev Azərbaycan Ordusunu müasir hərbi texnologiya ilə təchiz etməklə, onu dünyanın 50 güclü ordusundan birinə, Cənubi Qafqazın birincisinə çevirdi. Ermənistan istisna olmaqla Azərbaycanın münasibətlərini bütün dövlətlərlə, hətta düşmənin havadarları ilə də yaxşılaşdırdı. Ermənistanın əlindən din, xristian-müsəlman münasibətləri bəhanəsini aldı, Paşinyanın sülh danışıqlarından qaçdığını, diplomatik həlldən imtina etdiyini dünyaya nümayiş etdirdi, Azərbaycanın sülhpərvər, insanpərvər imicini möhkəmləndirdi.

Ən əsası, “LAZIM gəldikdə…” vədini əməldə gerçəkləşdirdi. Sentyabrın 27-dən başlayaraq, xalqımız və bütün dünya “LAZIM”ın necə gəldiyinə hər gün şahid olmaqdadır.

Hazırda bir zamanlar dünya çapında eşidilməyən tələblərimizin həyata keçirilməsi prosesinə Azərbaycan rəhbəri əsl Siyasətçi, Diplomat və Sərkərdə kimi rəhbərlik edir. Bunu dövlət başçısının xarici telekanallara verdiyi müsahibələrdən açıq-aydın görmək olur. Prezident xalqla və beynəlxalq ictimaiyyətlə səmimi şəkildə söhbət edir. Onun fikirlərinin Azərbaycanın suverenliyinə, beynəlxalq qanunlara, fundamental insan hüquqlarına, xalqımızın yaşamaq haqqına tam uyğun olduğunu bütün dünya görür. Ölkə başçısı bir tərəfdən Ermənistanın havadarlarına iradlarını və sözünü də çatdırır, digər tərəfdən onların böhtanlarının əsassız olduğunu ifşa etməklə mövqelərinin diplomatik yolla yumşalmasına nail olur. Fransa prezidenti Emmanuel Makronun timsalında bunu hər kəs gördü.

Qətiyyətlə demək olar ki, qüdrətli dövlət xadimi Heydər Əliyevin ruhu şaddır. Sağ olsaydı, bu gün qətiyyətli, müdrik oğlu üçün iftixar hissi keçirərdi. Necə ki, xalqın hər ağsaqqalı, ağbirçəyi İlham Əliyevi sevgi ilə özünə oğul, qardaş sayır, onunla bir əziz adamı kimi fəxr edir.

Əgər bu gün xalqın dinləmək istədiyi bir nömrəli siyasətçinin Azərbaycan Prezidenti olduğunu desək, yanılmarıq. Hər gün bütün xalq İlham Əliyevin qələbə tvitlərini və ya xalqa müraciətini səbirsizliklə gözləyir. Müsahibələrindən fərqli olaraq xalqımızla daha açıq danışan Ali Baş Komandanın düşmənin ünvanına söylədiyi sözlər dərhal zərb-məsələ çevrilir. Xalq görür ki, Prezident hər qələbə xəbərinə ürəkdən sevinir, müharibənin tezliklə qələbə ilə başa çatmasına nail olmaq istəyir, şəhidlərimizə üzülür, ona ünvanlanan səmimi məktublardan kövrəlir.

Bu hissləri tezliklə hamımızın Şuşada və Xankəndidə keçiriləcək qələbə paradlarında yaşamasına ümidlə,

Xatirə SADİQ,

KONKRET.az

 

 

 

 

  • məmiş
    Oktyabr 22, 2020 - 10:15

    hazırda propaqanda tam yersizdir…yaşasın xalq və ordu, onların birliyi!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*