Alimentin məbləği dəyişə bilər – Mühüm detallar üzə çıxdıbackend

Alimentin məbləği dəyişə bilər – Mühüm detallar üzə çıxdı

Alimentin məbləğinin artırılacağı haqda xəbər yayılıb. Bildirilir ki, məbləğin dəyişdirilməsi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilir.

Alimentin məbləğinin dəyişdirilməsi qanunvericiliyə əsasən hansı hallarda mümkündür? Məbləği hüquqi prosedurlarla necə artırmaq olar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, aliment öhdəliyi uşağın maddi təminatının qorunmasına xidmət edir:

“Lakin iqtisadi şəraitin dəyişməsi, tərəflərin maddi vəziyyətindəki fərqlər və uşağın artan ehtiyacları əvvəl müəyyən edilmiş aliment məbləğinin hər zaman ədalətli və yetərli olmasını təmin etmir. Bu səbəbdən qanunvericilik alimentin məbləğinin dəyişdirilməsinə hüquqi imkan yaradır. Aliment əsasən bir valideynin uşağın saxlanması üçün ödədiyi pul vəsaitidir. Bu, valideynin borcu, uşağın isə təminat hüququdur. Aliment tərəflərin razılığı əsasında və ya məhkəmə qərarı ilə müəyyən edilə bilər. Qanunvericiliyə görə, alimentin məbləği ilkin məbləğ uşağın real ehtiyaclarını ödəmədikdə, tərəflərin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verdikdə və ya uşağın mənafeyi bunu tələb etdikdə dəyişdirilə bilər. Əsas prinsip ondan ibarətdir ki, dəyişiklik uşağın mənafeyinə xidmət etməlidir”.

Ellada Bayramova bildirib ki, alimentin artırılması üçün əsas yaradan bir sıra hallar var:

“Bura uşağın məktəbə, yaxud bağçaya başlaması, əlavə təhsil və kurs xərclərinin yaranması, tibbi xərclərin artması, eləcə də yaş artımı ilə bağlı qida və geyim xərclərinin çoxalması daxildir. Bu hallar sübut edildikdə, alimentin artırılması hüquqi baxımdan əsaslı sayılır. Eyni zamanda aliment ödəyən valideynin gəlirlərinin artması da məbləğin artırılması üçün əsasdır. Məsələn, əməkhaqqının yüksəlməsi, yeni iş yerinin əldə edilməsi, sahibkarlıq fəaliyyətindən və ya əmlakdan gəlir əldə olunması bu qəbildəndir. Uşaq valideynin maddi rifahından kənarda saxlanıla bilməz. Aliment alan valideynin maddi vəziyyətinin pisləşməsi, yəni işini itirməsi, xəstələnməsi və ya əmək qabiliyyətinin azalması nəticəsində uşağın saxlanması yükünün faktiki olaraq onun üzərində qalması da məbləğin artırılmasına əsas verə bilər. İqtisadi şəraitin dəyişməsi, o cümlədən inflyasiya, qiymət artımı nəticəsində əvvəl təyin edilmiş aliment real dəyərini itirərsə və yaşayış minimumundan aşağı qalarsa, məhkəmənin bu amili nəzərə alması mümkündür”.

Hüquqşünasın sözlərinə görə, alimentin artırılması üçün əlavə iki üsul da var:

“Belə ki, tərəflər notarial qaydada saziş bağlayaraq və ya mövcud sazişə dəyişiklik edərək məsələni könüllü şəkildə həll edə bilərlər. Bu halda məhkəməyə müraciət tələb olunmur və sənəd icra sənədi qüvvəsinə malik olur. Razılıq əldə edilmədikdə isə məsələ məhkəmə qaydasında həll edilir. İddia ərizəsini aliment alan tərəf verir. Bu zaman məbləğin artırılması əsaslandırılmalı, müvafiq sübutlar təqdim edilməlidir. Məhkəmə qərar qəbul edərkən uşağın xərclərini təsdiqləyən sənədlərə – təhsil, tibbi xidmət, əlavə kurs və digər gündəlik xərclər, eləcə də aliment ödəyənin gəlirlərini göstərən sənədlərə baxır. Aliment gəlirin müəyyən faizi və ya sabit pul məbləği formasında təyin oluna bilər. Əgər aliment gəlirin faizi kimi müəyyən edilibsə, gəlir artdıqda məbləğ avtomatik artır. Sabit məbləğ kimi təyin edildikdə isə dəyişiklik üçün ayrıca məhkəmə qərarı tələb olunur. Məhkəmə qərar verərkən uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, digər aliment öhdəliklərinin olub-olmamasını, valideynin əmək qabiliyyətini və real gəlir imkanlarını kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə yalnız rəsmi gəlirlərlə məhdudlaşmır. Qərar qüvvəyə mindikdən sonra icra məmuru vasitəsilə icra olunur və yeni məbləğ əvvəlki qərarı əvəz edir. Borclu ödənişdən yayınarsa, qanunvericiliyə uyğun icra tədbirləri görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*