Anaya dəstək – Ödənişli atalıq məzuniyyətibackend

Anaya dəstək - Ödənişli atalıq məzuniyyəti

Birləşmiş Millətlər Təşkilatınn Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsi ilə bağlı tövsiyə verib. Qeyd edilib ki, məişət və uşağa qulluq öhdəliklərinin ər-arvad arasında bərabər bölüşdürülməsi və atalıq məsuliyyətini təşviq etmək üçün Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyəti daxil edilməlidir.

KONKRET.az xəbər verir ki, Milli Məclisdə də sözügedən məsələ müzakirə olunub. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkədə yeni ata olanlara ödənişsiz məzuniyyət verilsə də heç kim bu hüququndan istifadə etmir:

“Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə ziyan vurur. Dünyada ödənişli 14 günlük atalıq məzuniyyətinin tətbiqinin müsbət nəticələri var. Komitə olaraq ödənişli atalıq məzuniyyətinin verilməsini təklif edirik. Artıq bu stereotipləri aradan qaldırmaq lazımdır”.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən atalıq məzuniyyəti ödənişsiz əsasla verilir. Məcəllənin 130-cu maddəsində işçilərin xahişi ilə bir iş ilində ödənişsiz məzuniyyətlər verilməsi halları sırasında həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilməsi əksini tapır. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Məcəllədə dəyişikliklər edilməsinə dair yeni qanun layihəsində əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər nəzərdə tutulub. Bunlardan biri də Məcəllənin 125-ci maddəsində “Hamiləliyə və doğuşa görə məzuniyyətlər”ə dəyişiklik edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə hamiləliyə və doğuşa görə həyat yoldaşı məzuniyyətdə olan kişilərə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilə bilər. Belə ki, iş yerinə təqdim etmək üçün şəxsə doğum ərəfəsində ananın doğuşu üçün müraciət etdiyi xəstəxanadan arayış almaq lazım gələcək. Qanun layihəsi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında deyib ki, atalıq məzuniyyəti ödənişli olsa, hər kəs bundan istifadə edəcək:

“Lakin ödəniş dövlət büdcəsi və ya hansısa fondan deyil, işəgötürən tərəfindən ödəniləcək. İşəgötürənlərin xərcləri onsuz da çoxdur. Düşünürəm ki, yeni ata olan işçilərə atalıq məzuniyyətinə görə ödəniş verilsə, bu, diskriminasiyaya səbəb olacaq. Hesab edirəm ki, qanuna dəyişiklik ictimai rəyi öyrənəndən sonra edilməlidir”.

Sosioloq Elçin Bayramlı isə bu dəyişikliyi vacib hesab edir:

“Əksər ölkələrdə bu tətbiq olunur. Məntiqli və ədalətlidir. İndi ailə quran cütlüklərin çoxu ayrı yaşayır. Yeni ana olmuş qadın məcburdur ki, körpəsinə baxsın. Ata da bütün günü işdə olanda ananın və körpənin ehtiyaclarını ödəmək çətin olur. Qəfildən hər hansı dərman, qida lazım ola bilər, nə isə bir iş görmək, kömək etmək gərəkə bilər. Belə vəziyyətdə yeni ananı tək və köməksiz qoymaq təhlükəlidir. Uşaq doğulandan sonra ataya müəyyən müddətə ödənişli məzuniyyət verilməlidir. İlk vaxtlar həm ana, həm də körpə üçün əhəmiyyətli və həssas dövrdür. Belə bir vaxtda atanın ailədə, qadının yanında olması, körpənin qayğıları ilə yaxından məşğul olması, dəstəyi vacibdir. Ata və ana həm tibbi, həm fizioloji, həm psixoloji, həm mənəvi cəhətdən bu yükü birlikdə çəkməlidir.

Ən az 1-2 ay ödənişli məzunuyyət olmalıdır, hər ölkədə bu müddət fərqlənir. İlk ayları ödənişli edib, sonrakı bir neçə ay da ödənişsiz məzuniyyət vermək olar. Məsələn, əməkhaqqından 50 faiz tutulmaqla həyata keçirilə bilər. Ata ödənişli məzuniyyət hüququndan istifadə edib, ödənişsiz məzuniyyət imkanından da yararlanırsa, demək ki, bunu zərurətdən edir.

Ödənişli atalıq məzuniyyətinin tətbiq edilməsi üçün dövlətin maliyyə imkanları var. Üstəlik, nəzərə alsaq ki, ölkədə əhalinin artım tempi getdikcə aşağı düşür, sosial-iqtisadi problemlər içində ailələr məcbur bir uşaqla kifayətlənirlər. Demoqrafik artım üçün bir ailədə 3 uşaq olmalıdır. Ona görə də müxtəlif sosial güzəştlər tətbiq olunmalıdır. O cümlədən uşaq pulu mütləq şəkildə verilməlidir. Necə ki, əksər ölkələrdə, hətta Ermənistanda belə verilir.

Dövlət sağlam ailə, sağlam cəmiyyət, sağlam əsaslarla böyüyən uşaq görmək istəyirsə, ailələrə sosial dəstəyi artırmalıdır. Hətta bir çox inkişaf etmiş ölkələrdə yeni ailələrin ev, torpaq məsələsi həll olunur. Onlara böyük həcmdə birdəfəlik müavinətlər, aylıq müavinətlər verilir, hər uşağa görə müavinət, müxtəlif məsələlərlə bağlı güzəştlər edilir”.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*