Andrey İlliarionov “Exo Moskva”nın efirindən Putinin Qarabağdakı məğlubiyyətinin 10 səbəbini açıqladıbackend

Andrey İlliarionov "Exo Moskva"nın efirindən Putinin Qarabağdakı məğlubiyyətinin 10 səbəbini açıqladı

17 noyabr axşamı birdən-birə Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı KİV-lərin suallarını cavablamaq qərarına gəldi. Əslində bu, Rusiya Federasiyasının Dağlıq Qarabağdakı məğlubiyyətinin etirafı idi. Dolayısı ilə Vladimir Putin KİV-lərə İkinci Qarabağ Müharibəsində Rusiyanın məğlubiyyət səbəblərini dedi.

Putini təcili çıxış etməyə sövq edən digər səbəb İrəvanda dərinləşən siyasi böhran idi. Bildiyiniz kimi, o ərəfədə (16 noyabr axşamı) Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasına səbəb olacaq erkən parlament seçkiləri tələb etdi. Qeyd etmək lazımdır ki, Putin əvvəlki iki il yarım ərzində – Paşinyanı birmənalı olaraq qəbul etmədi. Çünki Putin onu hər zaman Qərbin adamı bildi. Amma indiki vəziyyətdə Paşinyanın hakimiyyətdən getməsi Rusiyanın maraqlarına uyğun deyil. Ona görə də Putin son çıxışında azı üç dəfə Paşinyanın erməni xalqı qarşısındakı “dürüst mövqeyini” qeyd etdi və respublikadakı hakimiyyət dəyişikliyinə qətiyyətlə qarşı çıxdı: “Bu intihar olardı”, – deyə o bildirdi.

Putin bəs niyə sevmədiyi Paşinyanı müdafiə etməyə başlayıb?

Bunun səbəbi Ermənistanla yanaşı İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın aldığı ağır məğlubiyyətdir. Bu məğlubiyyət isə Rusiyanı Ermənistanla müttəfiqliyə məcbur edir.

Bildiyiniz kimi, İlham Əliyev bir neçə ildir dəfələrlə səylərini diplomatik vasitələrlə məhdudlaşdırmayacağını və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hərbi güc tətbiq etməyə hazır olduğunu bəyan edirdi.

Təbii ki, Putinin özü üçün bu yeni və qeyri-adi bir şey deyildi. Bu, onun hərbi üsullarla Çeçenistanda, Gürcüstanda, Ukraynada, Suriyada, Liviyada özü üçün istədiyi nəticələri əldə etməyə çalışdığı bir vasitə idi. Ona görə də Putin 27 sentyabrda Azərbaycan tərəfindən açıq hərbi əməliyyatların başlanmasına müqavimət göstərə bilmədi. Hətta 19-20 oktyabr tarixlərində Əliyev və Paşinyanla telefon danışıqları Putinə yaxşı heç nə vəd etmədi. Yalnız bir təsadüf Putinin köməyinə çatdı. Noyabrın 9-da Azərbaycan tərəfi bilməyərəkdən Ermənistan səmasında Rusiya hərbi helikopterini vurdu. Bundan cəmi bir neçə saat sonra sülh anlaşması oldu. Baxmayaraq ki, anlaşmada Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etdiyi yazılmışdı. Bu təkcə Ermənistanın yox, həm də Rusiyanın məğlubiyyəti idi. Bəs Rusiyanın Böyük Məğlubiyyətinin digər səbəbləri hansılardır?

Birincisi, Putin zamanında hərbi əməliyyatların başlanmasının qarşısını ala bilmədi.

İkincisi, tərəflər açıq şəkildə Putini eşitmədilər.

Üçüncüsü, döyüş əməliyyatları “Putinin müdaxiləsi” səbəbindən deyil, Rusiya müttəfiqinin təslim olması səbəbindən dayandırıldı. Və sizi əmin edirəm ki, Rusiya bunun baş verməməsi üçün hər şeyi etdi. Həm siyasi, həm ideoloji, həm də hərbi sahədə Rusiya 44 gün Ermənistanı dəstəklədi. Və tək bir şeyi edə bilmədi. Rus əsgəri ermənilərin əvəzindən vuruşmadı.

Ermənistan hərb meydanında məhz müttəfiq Rusiyanın hərbi texnika və sursatları ilə məğlub oldu. Azərbaycansa öz müttəfiqi Türkiyənin “Bayraqdar”ı ilə döyüş meydanında hər zaman diqtə edən tərəf oldu. Bu da Türkiyənin Azərbaycana verdiyi köməyin Rusiyanın Ermənistana göstərdiyi yardımdan daha təsirli olduğunu ortaya çıxardı. Və nəticədə Azərbaycanın ən vacib müttəfiqi olan Türkiyənin Ermənistanın ən vacib müttəfiqi və sponsoru olan Rusiyadan daha güclü olması deməkdir. Bu da Putinin məğlubiyyətinin dördüncü səbəbi.

Putinin beşinci məğlubiyyəti: Dağlıq Qarabağ probleminə dair danışıqların formatında dramatik dəyişiklik olması idi. Dörddə bir əsrdən çox müddətdə Rusiya, Fransa və ABŞ-la birgə Dağlıq Qarabağ üzrə Minsk qrupuna həmsədrlik etdilər. Sonuncu dəfə 1 oktyabrda Vladimir Putin, Emmanuel Makron və Donald Trampla birlikdə Qarabağla bağlı üçtərəfli bir bəyanat imzaladılar. Amma 25 ildə göstərilən digər təşəbbüslər kimi bu bəyanat da kağız üzərində qaldı. Və bundan qırx gün sonra İlham Əliyev Nikol Paşinyanla üçtərəfli bəyanat imzaladı. Kiçik ölkələrin iradəsi qarşısında üç böyük dövlət aciz qaldı. Putinsə bu anlaşmada Əliyevin diktə etdiyi mətnin korrektoruna çevrildi.

Putinin altıncı məğlubiyyəti 10 noyabr tarixli üçtərəfli bəyanatda Qarabağın statusundan bəhs edilməməsi, hətta mövcud status-kvonun qorunması idi.

Putinin yeddinci məğlubiyyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın – atəşkəsə nəzarət etmək üçün ortaq bir Rusiya-Türkiyə sülhməramlı mərkəzinin yaradılması məqamı idi. Putinin açıqlamalarının əksinə olaraq, Türk ordusu davamlı olaraq Azərbaycanda qalacaq.

Səkkizinci məğlubiyyət: Putinin həm türk ordusunun mandatını, həm də onların (türk tərəfi) erməni tərəfinin hərəkətlərinə nəzarət etmək üçün istifadə edəcəyi texniki vasitələri (və kimləri izləyəcəklər?) tanıması oldu.

Putinin doqquzuncu məğlubiyyəti “mütləq suverenlik” termini ilə təsvir edilə bilən Azərbaycanın prinsipial olaraq yeni beynəlxalq statusunu dramatik şəkildə tanıması idi. Bildiyiniz kimi, Putin Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və hətta Baltikyanı ölkələrə xarici müttəfiqi seçmək baxımından belə bir beynəlxalq status vermədiyi halda Azərbaycana yaşıl işıq yandırdı.

Nəhayət, Putinin onuncu məğlubiyyəti Türkiyənin tamamilə yeni bir beynəlxalq statusunun və mövqeyinin tanınması idi. Türkiyə artıq regionun fövqəlgücünə çevrilir.

Bütün bu səbəblər onu göstərir ki, Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxır və özü üçün yeni reallıqlar diqtə edir.

Andrey İlliarionov, “Exo Moskva” 18 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*