Armen Aşotyan: “Yüksək çinli məmurlarımız Qarabağ haqda danışmaqdan çəkinirlər”backend

Armen Aşotyan: "Yüksək çinli məmurlarımız Qarabağ haqda danışmaqdan çəkinirlər"

Bu günlərdə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü olub. Sammitdə təşkilata sədrlik 3 il müddətinə Azərbaycana keçib. Azərbaycan hakimiyyəti uzun illər bu istiqamətdə çalışıb və indi, Qoşulmama Hərəkatı onların beynəlxalq ictimaiyyət qarşısında öz mövqelərini irəli çəkməsi üçün əsas alətə çevrilib.

Bakıda keçirilmiş beynəlxalq tədbirdə 60-dan çox ölkənin dövlət və hökumət başçıları iştirak edib. Gözlənildiyi kimi, İlham Əliyev bu toplantıdan da Azərbaycanın təbliğat tezislərinin irəli çəkilməsi üçün istifadə edib. Bu tezislərin kökündə isə əlbəttə ki, antierməni əhval-ruhiyyəsi, Bakının Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi dururdu. İlham Əliyevin çıxışının böyük hissəsi həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə həsr etmişdi.

Bütün bunların fonunda ən maraqlısı bilirsiniz nədir? Ermənistan hakimiyyəti Bakıda təşkil olunmuş bu beynəlxalq tədbirdə iştirakdan… intina edib. Halbuki, Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. Demək, onun bu tədbirdə iştirakına heç bir əngəl yox idi. Buna baxmayaraq, Ermənistanın Xarici İşlər Nazirliyi hələ bir neçə gün əvvəldən toplantıya qatılmağın məqsədəuyğun olmadığını bəyan etmişdi.

Bir fikri təəssüflə bir daha təkrarlamalıyam: Ermənistan XİN-i beynəlxalq müstəvidə çox dişsiz siyasət yürüdür. Dəfələrlə qeyd etmişəm ki, ölkəmizdə yüksək vəzifə tutan şəxslər, o cümlədən parlamentin spikeri, Təhlükəsizlik Şurasının sədri və s. beynəlxalq tədbirlərdə Qarabağ münaqişəsi haqda danışmaqdan çəkinirlər. Azərbaycan tərəfi isə ən yüksək vəzifəli şəxslərinin vasitəsilə bu istiqamətdə məqsədyönlü siyasət aparır. Ermənistanın mövcud hakimiyyətinin üzvlərindən, hökumət nümayəndələrindən bir nəfər də olsun, onlara qarşı çıxa, ortaya tutarlı arqument qoya bilmir!

Görünən odur ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün də yekun qətnaməsində Qarabağ münaqişəsilə bağlı Ermənistan əleyhinə fikirlər əks olunacaq (yazı toplantının başa çatmasından öncə dərc edilib – WM) və bundan sonra İlham Əliyev bu münaqişədən danışarkən daha bir beynəlxalq sənədə istinad edəcək.

Məhz buna görə Bakıya getmək, toplantı iştirakçıları ilə ünsiyyət qurmaq, ortaya mövqe qoymaq lazım idi. Ermənistana qarşı yönəlmiş təbliğatın qarşısını məhz bu yolla almağa çalışmaq olardı. Bilirəm, bu, çox çətindir. Amma şəxsən mən 2017-ci ilin sentyabrında Bakıda olarkən bu istiqamətdə əlimdən gələni etmişdim. O zaman “Avronest” Parlament Assambleyasının Bakıda keçirilən toplantısına qatılmış, orada müxtəlif görüşlər və mətbuat konfransı keçirmişdim. Bununla da Azərbaycanın Ermənistan əleyhinə çalışan təbliğat maşınının qarşısını almağa çalışmışdım. Bəli, biz Bakıya gedərək, mövqeyimizi Azərbaycanın paytaxtında bildirməliydik!

Ermənistanın xarici işlər naziri BBC-nin efirində Qarabağ münaqişəsilə bağlı suallar qarşısında aciz qalır, amma Nikol Paşintanın keçmiş hakimiyyətin kisələrlə pul oğurlaması barədə əsassız ittihamlarını təkrarlamaqdan çəkinmir. Belə hakimiyyətdən nə gözləmək olar?

Armen Aşotyan,

Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini

 

Bir cavab yazın