Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilmiş bütün seçkiləri müşahidə etmək üçün həmişə dəvət alıb və iştirak edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası ilə paralel şəkildə AŞPA da 2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkisi üzrə müşahidə aparıb. Sonda birgə bəyanatla çıxış ediblər. Hətta xatırlayırıq ki, 2018-ci ildə AŞPA nisbətən loyal, ATƏT DTİHB isə sərt bəyanatla çıxış etmişdi. 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisini izləmək üçün ATƏT DTİHB yenə dəvət olunub. Qurumun Seçki Ehtiyaclarını Qiymətləndirmə Missiyası dekabr ayında Bakıya səfər edib, seçki hazırlığını yerinə yetirib. Dekabrın 29-da isə ATƏT müşahidə missiyası Bakıya gəlib. AŞPA isə yoxdur.
Yanvarın 22-də AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə çağırış edənlər bu faktı xüsusi qabardıblar. Azərbaycan nümayəndə heyətinə qarşı sanksiya tətbiq etmək üçün 4 “mühüm səbəb” göstəriblər. Həmin 4 səbəbdən biri də guya AŞPA-nın 7 fevral prezident seçkisini müşahidə etmək üçün dəvət almamasıdır. Əgər dəvət edilsəydilər, gəlib müşahidə etsəydilər, nə dəyişəcəkdi? Heç nə. Həmişəki sözlərini deyib, cavablarını alıb gedəcəkdilər. Bəs niyə dəvət edilməyiblər, niyə “incik salınıblar”? Azərbaycan nümayəndə heyətinin AŞPA-da səlahiyyətinin dondurulmasının səbəbləri ilə bağlı yaranmış bütün sualların cavabı bu nöqtədə tapılır.
İş ondadır ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi üçün çağırış edənlər ağ yalan danışırlar. “Seçkiyə dəvət” mövzusunu manipulyasiya edərək, özlərinin qərəzli davranışlarına haqq qazandırmağa, gerçək niyyətlərini gizlətməyə çalışırlar. Yuxarıda qeyd etdik: AŞPA müşahidə missiyası 2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərində Bakıda olub və hətta ATƏT DTİHB-ə nisbətən loyal bəyanat verib. Məntiqə görə, əgər rəsmi Bakı seçkilərin xarici missiyalar tərəfindən müşahidə edilməsindən ehtiyatlansaydı, indi ATƏT DTİHB-i deyil, AŞPA-nı çağırmalıydı. Deməli, AŞPA tərəfdən irəli sürülən arqument əsassızıdır.
Problem ondadır ki, AŞPA-da Azərbaycan əleyhinə səsvermə təşkil edənlərin öz mövqelərini əsaslandırmaq üçün sadaladıqları digər 3 səbəb də bu formadadır. Məntiqsiz, ədalətsiz və qərəzlidir. Məsələn, 2023-cü ildə “Laçın dəhlizindən sərbəst və təhlükəsiz keçidin təmin olunmadığını, Dağlıq Qarabağdakı humanitar vəziyyətə dair AŞ qətnamələrinin yerinə yetirilmədiyini” irad bildirirlər. Absurddur. Axı proses bütün dünyanın gözü qarşısında baş verib. “Humanitar yardım” adı ilə Qarabağ regionuna qanunsuz silah-sursat daşındığı videofaktlarla sübuta yetirilib. Hər kəs gördü ki, Azərbaycan problem aradan qaldırmaq üçün Ağdam-Xankəndi yolunu qısa müddət ərzində tikdi və istifadəyə verdi. Bununla da daşınmalarda həm səmərəliliyi artırdı, həm də şəffaflığı təmin etdi. Əgər Qarabağın erməni sakinləri humanitar böhran yaşayırdılarsa, Bakıdan Ağdam-Xankəndi yolu ilə göndərilən yardımları niyə qəbul etmədilər? Özləri bu yolun istifadəsindən imtina etməklə erməni lobbisinin “Xankəndi blokadası” adlı realiti-şousunda iştiraka qərar verdilər.
AŞPA-dakı qrup bu cür reallıqları görmək istəmir. “Yüz mindən çox erməni əhalinin bölgəni tərk etməsindən” narazılıq ifadə edir. Faktları şişirdirlər, yanlış arqumentlər səsləndirilər. Azərbaycan dövlətinin Qarabağın erməni sakinləri ilə necə davrandığı dünyanın gözü qarşısında olub. Onlara getməmələri üçün dəfələrlə rəsmi müraciətlər edilib. AŞPA revanşistlərinin söykəndiyi 4 məsələnin hər biri bu cür əsassızdır.
Amma bu da problemin hamısı deyil. Azərbaycan torpaqları 30 il ərazində işğal altında saxlanıldı. Bir milyon nəfər azərbaycanlı humanitar bohranın ən dəhşətli formasını yaşadı: qaçqına, məcburi köçkünə çevrildi; itkin düşdü; əsir və girov götürüldü. AŞPA Ermənistan nümayəndə heyətinə qarşı bir dəfə də olsun məhdudlaşdırıcı addımlar atmadı.
AŞPA-dakı çetenin göstərdiyi arqumentlər qondarma olsa da, onların gerçək niyyətlərini açmaq üçün ipucu verir. Seçkiyə dəvət mövzusu fikri yayındırmaq üçündür. Dava Qarabağ üzərindədir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirləri təkcə erməni şəbəkəsini deyil, İslamofobiyanın əsirinə çevrilmiş Qərb mərkəzlərini də rahatsız edib. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi onların Qarabağ üzərindən qurulmuş bütün planlarını pozub. Təzyiqləri artırmaqla Azərbaycanı geri addım atmağa məcbur etmək istəyirlər. Rəsmi strukturlardan, dövlətlərarası təşkilatlardan başlamış təsirlərində olan QHT və KİV-lərə qədər ən müxtəlif komponentləri təzyiq prosesinə cəlb ediblər. Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin dondurulması təşəbbüsünün ortaya çıxması da bu kampaniyanın tərkib hissəsidir. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyunkturaya uyğun davranır.
Amma bu məqamda daha bir sual yaranır: AŞPA-da 46 ölkənin nümayəndə heyəti səsvermə hüququna malikdir. Hər bir ölkə öz əhalisinin sayına və üzvlük ödəyiciləri sırasında payına görə AŞPA-da nümayəndə yeri qazanır. Nümayəndəlik sayı minimum 2, maksimum 18 aralığında dəyişir. Azərbaycan özü də 6 nəfərlik heyət göndərib. Ən çox üzvlə təmsil olunan 4 dövlətdən biri isə Türkiyədir. Necə olur ki, “erməni şəbəkəsi” bu qədər rəngarəngliyin içində orta xətt tapa bilir, istədiyi qərarı AŞPA-da asanlıqla qəbul etdirə bilir?
15 il öncə rüşvət qalmaqalına görə istefaya göndərilmiş yunanıstanlı nazir Rousopoulos indi AŞPA prezidentidir
Avropa Şurasının Parlament Assambleyasının yeni prezidenti 60 yaşlı siyasətçi, yunanıstanlı deputat Teodoros Rousopoulosdur. O, AŞPA-nın sayca 35-ci prezidentidir. Bu vəzifədə Tini Koksu əvəz edəb. Siyasətə jurnalistikadan gəlmiş Teodoros Russopulos informasiya manipulyasiyalarını yaxşı bacarır. 2004-2008-ci illərdə Yunanıstan hökumətinin mətbuat katibi, daha sonra informasiya və kommunikasiya məsələləri üzrə dövlət naziri olub.
Maxinasiya quruculuğu ilə ad qazanmış nazir sonda elə bu əməlinə görə qurban gedib. 2008-ci ildə “Vatopedi monastrı qalmaqalı”na görə istefaya göndərilib. Məlumat üçün qeyd edək ki, adı çəkilən qalmaqal dini icmadan rüşvət alınmasını ehtiva edir. Rüşvət qarşılığında monastra məxsus dəyərsiz duzlu göl ərazisini kənd təsərüfatı üçün yararlı olan və dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahəsinə dəyişdiriblər. Nazir dövlətlə Vatopedidəki Athos monastırı arasında qeyri-şəffaf əməliyyatlarda iştirak edib. Bunun nəticəsində dövlət milyonlarla avro itirib. Yunanıstan parlamenti dövlətlə Vatopedi monastırı arasındakı daşınmaz əmlak alqı-satqısı üzrə xüsusi araşdırma aparılmasına yekdilliklə səs verib. Çünki Prokurorluğun məlumatına görə, bu əməliyyat dövlət üçün böyük itkilərə səbəb olub. Media bu itkiləri 100 milyon avro məbləğində qiymətləndirib. Yunanıstan parlamentinin qalmaqala xüsusi diqqət yetirilməsinin bir səbəbi də odur ki, Vatopedi monastırı Afinadakı “Olimpiya kəndi”nin əkin sahələrini də ələ keçirməyə təşəbbüs göstərib.
İndi AŞPA prezidenti postunu tutan Teodoros Rousopoulosun adı Vatopedi qalmaqalında mərkəzi fiqurlardan biri kimi keçir. Digər həmkarları ilə birgə istefaya göndərilib. Paralel olaraq, Teodorosun təmsil olunduğu hökumət komandası Avropa İttifaqından alınmış 3 milyard avro dəyərində yardımı düzgün istiqamətdə sərf etmədiyi, defolt vəziyyəti yaratdığı üçün ittiham olunub.
Teodoros Rousopoulosun adı təkcə Yunanstanın daxilində deyil, beynəlxalq skandallarda da hallanır. Onun adı məşhur “Vodofone qalmaqalı”nda da keçir. Motivi budur ki, bir il ərzində naməlum hücumçular Yunanıstanda Baş nazir, müdafiə naziri, xarici işlər naziri də daxil olmaqla, 100 aparıcı siyasətçinin və iş adamının telefonlarını dinləyiblər. Bu fonda NATO əməliyyatları ilə bağlı sızma faktları üzə çıxıb. Bütün bunlar Teodoros Russopulosun Yunanıstan hökumətində informasiya – kommunikasiya məsələləri üzrə dövlət naziri oluduğu illərə təsadüf edib. Onun adı bu insidentdə də mərkəzi fiqurlardan biri kimi keçib. Kommunikasiya nazirinin belə dinləmələrə “göz yummaqla” kimin marağına xidmət etməsi sualı bu gün də aktualdır.
Bu cür qlobal insidentlərin içində yer tutmasından sonra ehtimal yaranır ki, Teodorosun karyerası bitib. Amma deyil. “Erməni şəbəkəsi” onu dərhal himayəsinə alıb, dəstək verib. Aldığı dəstək qarşılığında imkanlarını artırıb. 2019-cu ildə Yunanstanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə düşüb. İndi isə AŞPA-nın prezidenti “seçilib”. AŞPA-nın yanvarın 22-də başlayan yeni sessiyasında Prezident qismində ilk çıxışını edib. Dərhal da Azərbaycana qarşı münasibətini büruzə verib.
Məsələ ondadır ki, Teodoros Russopulos “erməni şəbəkəsi”nin təsirində olduğunu 22 yanvar sessiyasından öncə də büruzə verib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndində Azərbaycan bayrağını yüksəldəndə, Teodoros buna qarşı narazılıq ifadə edib, etirazını bildirib. Prosesi inkişaf etdirərək 22 yanvarda Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsinə mane olmağa qədər gətirə bilib.
Teodoros Russopulos AŞPA-nın yeni prezidenti postuna təsdiq olunduğu gün Avropa Şurası Parlament Assambleyasının deputatları Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdıra biləcək təşəbbüs irəli sürdülər. Bu haqda təklif almaniyalı deputat Frank Şvabe (Frank Schwabe) tərəfindən indi səsləndirilsə də, təşəbbüsün tarixi geridədir. Teodoros bu təklifi şəxsən öz dilindən hələ 2023-cü ilin oktyabr ayında, Avropa Xalqlar Partiyası Qrupunun vitse- prezidenti və AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinin sədri olanda gündəmə gətirmişdi.
Yanvarın 22-də Frank Şvabeni önə verməsi isə təsadüfi deyil. Şyabe 2016-cı ildə Almaniya parlamentində qondarma erməni soyqırımının tanınması üçün kampaniya aparan siyasətçilərdən biridir. Mediada bununla bağlı kifayət qədər yazılar var.
Teodoros Russopulos və Frank Şvabe nümunəsindən belə nəticə doğur ki, “erməni şəbəkəsi” prosesi uzun müddət ərzində yetişdirib. Ayrı-ayrı ölkələrdə ələ aldığı siyasətçilərin AŞPA-da cəmləşdirilməsini təşkil edə bilib. Avropada məskunlaşmış erməni əsilli milyerdərlərin bunun üçün nə qədər vəsait xərclədiklərinə dair faktlar da üzə çıxmağa başlayıb.
AŞPA-nın daxili nizamnaməsini pozublar
Yeri gəlmişkən qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə səsvermənin keçirlməsi AŞPA-nın daxili nizamnaməsinə ziddir. Belə ki, 2019-cu ildə Avropa Şurasının Parlament Assambleyası özünün sanksiya mexanizmini məhdudlaşdıran qətnamə qəbul edib. “Parlament Assambleyasının səlahiyyətləri və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi haqqında” başlığı ilə təqdim edilən və 12 bənddən ibarət olan reqlament qaydaları 2019-cu ilin yay sessiyasında təsdiq edilib. Reqlamentə edilən bu yeni dəyişikliklər “Parlament Assambleyasının səlahiyyətləri və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin gücləndirilməsi” adlı qətnamənin mətnində təsdiq edilib. Bunun ardınca Avropa Şurasının Nazirlər Komitəsi hər hansı nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi imkanına qadağa qoyan qərar qəbul edib. Qətnamənin 8 və 10-cu bəndləri bütün üzv dövlətlər üçün Avropa Şurasının həm Nazirlər Komitəsində, həm də Parlament Assambleyasında bərabər iştirak hüququna malik olmağı , assambleyada və onun iclasında səs verməsini, danışmaq və təmsil olunmaq hüququnu toxunulmaz edir.
“Parlament Assambleyasının səlahiyyətləri və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi haqqında” sənəd, eyni zamanda, milli nümayəndə heyətlərinin AŞPA-da səs vermək, danışmaq və təmsil etmək hüququndan məhrum edilməklə cəzalandırılmasını qadağan edir.
Qətnamə layihəsinin müəllifi sol təmayüllü Belçikalı deputat Petra De Sutterdir. O, sənədi AŞPA-ya təqdim edərkən, təklifini “Avropa Şurasına üzvlük bütün üzv ölkələr qarşısında AŞ-nin hər iki qanadında iştirak etmək öhdəliyi qoyur. Bütün milli nümayəndə heyətlərinə eyni hüquqlar verilir” arqumenti ilə əsaslandırmışdı. AŞPA-nın Qaydalar komitəsinin tövsiyəsi ilə qəbul olunmuş və artıq 4 ildir qüvvədə olan daxili nizamnaməyə görə, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin, assambleyada səsvermə və təmsilçilik hüququnun məhdudlaşdırılması qaydaların pozulmasıdır.
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü olan İan Liddel-Granger öz çıxışında bu faktların bir qismini xatırlatdı. Həmkarlarını mövzuya ehtiyatlı yanaşmağa dəvət etdi. İngilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pislədi. Bütün bunlara baxmayaraq, Teodoros Russopulos öz iddiasını təsdiqlətdirə bildi. Çünki, bu prosesdə ona dəstək vermək üçün öncədən hazır olan qrup formalaşdırılıb.
AŞPA-dakı LGBT və femenist qruplarını Azərbaycana qarşı prosesə cəlb ediblər
Teodoros Azərbaycana qarşı prosesi təkbaşına idarə etməyib. Onun rahat hərəkət etməsi üçün zəruri platforma öncədən yaradılıb. Sosialistlər, Demokratlar və Yaşıllar; Avropa Xalq Partiyası; Avropa üçün Liberallar və Demokratlar Alyansı; Avropa Mühafizəkarları və Demokratik Alyans; Birləşmiş Avropa Sol Qrupu və digərləri bu prosesdə aktiv rol oynadılar. AŞPA-da LGBT fraksiyasına üzv olan 157 deputat təmsil olunur ki, həmin fraksiyadan 65 nəfəri yanvarın 22-də Azərbaycan əleyhinə səs verib. Nəzərə alsaq ki, yanvarın 23-də “Avropa Şurasına üzv dövlətlər tərəfindən öhdəliklərin icrasına nəzarət” üzrə Komitənin (Monitorinq Komitəsi) təqdim etdiyi sənədə 76 nəfər səs verib, onda “erməni şəbəkəsi”nin öz işini kimlərin üzərində qurduğu faktı da aydınlaşar.
Monitorinq Komitəsinin təqdim etdiyi sənədi Danimarkalı nümayəndə Mogens Jensen hazırlayıb. LGBT müdafiəçisi olan Mogens Jansen 2023-cü ilin mart ayının 7-də qalmaqallı Markus Xyertşoya ərə gedib. Bundan öncə isə onlar 5 il müddətində sevgili olublar. Mogens Jansenin cinsi oriyentasiyası kimi, siyasi karyerası da təzadlıdır. Biri digəri ilə uzlaşmayan müxtəlif sahələr üzrə nazir postunu daşıyıb. Məsələn, bir müddət ərzaq, kənd təsərrüfatı və balıqçılıq naziri, daha sonra gender bərabərliyi naziri, ardınca da Nordic əməkdaşlıq naziri təyin edilib. Gender bərabərliyi naziri kimi çalışarkən onun da adı korrupsiya əməllərində hallandırılıb. Məsul olduğu sahə üzrə büdcədən 9 milyon dollar məbləğində vəsait yoxa çıxıb. İzahatında deyib ki, bu vəsait LGBT təbliğatına sərf edilib. Pul Uganda məktəblərində “azyaşlılara LGBT üzrə maarifləndirilməsi” üçün ianə qismində verilib. Bu xidmətinə görə “Uganda LGBT icmasının dostu ordeni”nə layiq görülüb. Mövzu ətrafında qalmaqal yaransa da, Mogens istefa verməkdən imtina edib.
Pandemiya dövrünü ən yarıtmaz məmuru
Mogens Jansenin adının maliyyə maxinasiyalarında hallanması epizodu bununla tamamlanmır. Onun ərzaq, kənd təsərrüfatı və balıqçılıq naziri postunu tutması COVID-19 pandemiyası dövrünə təsadüf edib. Mogens pandemiya zamanı kənd təsərrüfatı sahibkarlarına ayrılan maliyyənin qeyri-təyinatı üzrə xərclənməsinə görə ittiham olunub. Virusun mutasiyasının qarşısının alınması üçün atdığı addımlar da cəmiyyətin hiddətinə səbəb olur.
Bu mövzunun tragekomik təsviri vardır. Bütün dünya virusun yarasadan yayıldığını düşündüyü bir vaxtda Mogens məhz sincabların virus yayıcısı olduğunu iddia edib. “Sincabların şəhər ətrafından köçürülməsi” barədə qərar verir. Bu qərar köçürülən populyasiyanın yeni ortamda uyğunlaşmaması səbəbindən tələf olmaları ilə nəticələnib. Jurnalistlər araşdıraraq müəyyən ediblər ki, sincablar Jansenin fərdi bağında narahatlıq yaratdıqları üçün nazir pandemiya çaşqınlığından istifadə edərək onların sonuna çıxıb. Bu skandaldan sonra Jansen istefaya göndərilib.
Mogens Jansenin, Teodoros Rousopoulosun karyeraları ilə tanış olarkən, sonda belə bir qənaət yaranır ki, Avropa Şurasının Parlament Asambleyası ayrı-ayrı dövlətlərdə rüşvətə görə vəzifədən qovulmuş siyasətçi və məmurların reabilitasiya mərkəzinə çevrilib. Erməni şəbəkəsi bu amildən məharətlə yararlanır, rüşvətə öyrəşmiş bu şəxsləri yenidən ələ alaraq istədiyi qərarları AŞPA-da qəbul etdirə bilir.
Digər bir taktikaları isə “həssas qruplarla” iş üzərində qurulub. AŞPA-da səsverməyə cəlb edilmiş LGBT aktivləri barədə yuxarıda məlumat yazdıq. Bu qrupun ən məşhur simalarından biri də Carmen Leytedir. 71 yaşında LGBT fəalları sırasına qoşulub. AŞPA-nın baş ofisində tez-tez konsertlər verir.
LGBT paradında mahnı oxuyur. Müsiqilərinin ritmi LGBT mövzularını əhatə edir və s. Öz ölkəsində isə siyasi karyerası Kataloniyada separatizmi dəstəkləməsi üzərindən son qoyulub. Carmen Leyte İspaniyanın separatçı Kataloniya bölgəsində keçirilən qeyri-qanuni referendumu dəstəkləməsindən sonra AŞPA-nın qapıları üzünə açılıb.
Yeganə Hacıyeva,
Müşfiq Ələsgərli