Astanada Türk Dünyası Ortaq Əlifba Komissiyasının ilk iclası keçirildi – FOTOLARbackend

Astanada Türk Dünyası Ortaq Əlifba Komissiyasının ilk iclası keçirildi - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyinin (TDT) dəstəyi ilə Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclasını keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclasda Komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Qeyd olunub ki, Türk dillərinin əlifbalarının uyğunlaşdırılması məsələsi qardaş ölkələr arasında mühüm əməkdaşlıq sahəsidir.

2021-ci ildə TDT Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş “Türk Dünyasına Baxış – 2040” strateji sənədində qeyd olunur ki, qarşıya qoyulan vəzifələrdən biri də üzv dövlətlər arasında daha səmərəli ünsiyyətin təmin edilməsi üçün əlifba və terminologiyada birliyə nail olmaqdır.

Bundan əlavə, Türk Akademiyasının yaradılması haqqında müqavilədə bütün türk dilləri üçün eyni dərəcədə uyğun olan əlifbanın ümumi prinsiplərinin işlənib hazırlanması da Akademiyanın məqsəd və vəzifələri sırasına daxil edilib.

Türk Akademiyasının prezidenti Şain Mustafayev forum iştirakçılarına ünvanladığı salamlama nitqində qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsi ilk dəfə 100 il əvvəl Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda müzakirə olunub.

Onun sözlərinə görə, 1991-ci ildə isə türk dövlətlərinin müstəqillik əldə etməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib.

Şain Mustafayevin fikrincə, ortaq əlifba bütün türk xalqlarının üzərinə vahid sistemin tətbiq edilməsi deyil, ortaq prinsiplərin işlənib hazırlanması cəhdidir. Akademiya rəhbəri onu da qeyd edib ki, ötən il sentyabrın 26-27-də Bursa şəhərində Ortaq əlifba Komissiyasının yaradılması haqqında qərar qəbul edilib və bu forum onun ilk iclasıdır.

Öz növbəsində Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış xatırladıb ki, ortaq əlifba haqqında razılığa gəlmək Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının göstərişidir.

O, həmçinin bildirib ki, türk xalqlarının dil yaxınlığının qorunub saxlanması əməkdaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifba birliyi türk xalqlarını daha da yaxınlaşdıracaq.

Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qədim dövrlərdə əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu və bu gün müstəqil dövlətlərin bu ənənəni davam etdirmək qismətinə nail olduqlarını xatırladıb.

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müşaviri Yerbol Alşınbai iştirakçılara nazir Darxan Kıdıralının təbrik məktubunu oxuyub və Komissiyanın ilk iclasının işinə uğurlar arzulayıb.

Elm və Ali Təhsil Nazirliyinin Dil Siyasəti Komitəsinin sədri Erbol Tleşov çıxışında latın qrafikalı əlifbaya keçid sahəsində Qazaxıstan tərəfinin gördüyü işlərə diqqət çəkib. O, eyni zamanda, qohum xalqlar arasında linqvistik yaxınlığın qorunması üçün ortaq əlifbanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Fasilədən sonra iclas tematik sessiyalarla davam edib. Birinci sessiya əlifbada birliyin təmin edilməsi məsələlərinə, o cümlədən, qohum ölkələrin dövlət dil siyasətinə həsr olunub.

Sessiyaya Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Dil Siyasəti Komitəsinin sədri Erbol Tleşov moderatorluq edib. Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun (Azərbaycan) baş direktoru Nadir Məmmədli, A.Baitursynova adına Dilçilik İnstitutunun direktoru Anar Fazyljanova (Qazaxıstan), Ş.Aitmatova adına Dil və Ədəbiyyat İnstitutunun direktor müavini Dinara İsrailova (Qırğızıstan), Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun elmi katibi Qulom İsmayılov (Özbəkistan), Türk Dilçilik Cəmiyyətinin sədri Osman Mert fikirlərini bölüşüb.

A.Navoi adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru Şukhrat Sirojiddinov ikinci sessiyada moderatorluq edib.

Türk Akademiyasının prezidenti Şain Mustafayevin keçirdiyi dördüncü sessiyada iclasın yekun sənədləri qəbul edilib.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*