Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsindəki yeni yaşayış kompleksinin sakinləri tərəfindən Avropa Azərbaycan Məktəbi barədə ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.
KONKRET.az xəbər verir ki, Məktəbin soyutma sisteminin səsi sakinlərin rahatlığını pozur.
Onların sözlərinə görə, Məktəb rəhbərliyinə narazılıqlarını bildirsələr də, rəhbərliyin sakinlərə cavabı belə olub: “Bütün dünyada bu sistem belə işləyir”.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az saytı da Avropa Azərbaycan Məktəbi ilə əlaqə saxlayıb.
Məktəbin direktor müavini əvvəlcə məsələyə belə aydınlıq gətirib: “Chiller Soyutma Sistemidir. Məktəbdə kondisionerlər qoşulur, sistem işə düşürsə, belə səs çıxır. Bu, ancaq yay dövründə olan məsələdir, qışda olmur. Məktəbin binası 2015-ci ildən bəri həmin ərazidə var. Chiller Soyutma Sistemi də oradadır. İndiyə qədər bu barədə bizə heç bir şikayət daxil olmayıb. Sözügedən yaşayış binası yeni istifadəyə verilib. Bir neçə gündür, belə şikayətlər yaranmağa başlayıb. Məktəbimiz tətildə idi, iki gündür, açılıb. Bizə vətəndaşlardan yox, ancaq jurnalistlər tərəfindən şikayət daxil olub. Hazırda məktəb rəhbərliyi xüsusi mühəndis komandasına tapşırıb, sistemi yoxlasınlar ki, səsi necə azaltmaq olar. Hələlik iş gedir. Bu, bir az vaxt tələb edən məsələdir. Bilmirik ki, çarə tapa biləcəklər, ya yox”.
Direktor müavini əməkdaşımızın “səs məktəbin öz tədris, iş prosesinə maneə olmurmu?” sualına isə belə cavab verib: “Xeyr, məktəbimizdə o səs eşidilmir, ancaq yaşayış binasında eşidilir. Sistem səhər saat 08:00-dan 16:00-dək işləyir. Baxmayaraq ki, Məktəbdə 20:00-a qədər işləyənlər var, vətəndaşları narahat etməmək üçün şagirdlər məktəbi 16:00-da tərk edən kimi sistemi dayandırırıq”.
Eyni zamanda Avropa Azərbaycan Məktəbinin rəhbərliyi direktor müavini vasitəsilə bildirib ki, onlar Məktəbin adının hər hansı veb saytda hallanmasını istəmirlər, əks halda Məktəb hüquqi addımlar atacaq.
Sosial şəbəkədə videonu jurnalist Aynur Elgünəş paylaşıb.
Xatırlatma: Avqustun 28-də saytımız tərəfindən Avropa Azərbaycan Məktəbinin rəsmi elektron ünvanına yazılı sorğu göndərilib, lakin Məktəbdən cavab gəlmədiyi üçün şifahi sorğu ilə müraciət edilib. Mətbuatın əsas vəzifəsi mövcud problemlərə işıq salmaq və həllinə nail olmaqdır. Qanunvericiliyə uyğun olaraq, sorğu göndərilib, cavab gözlənilib. Hansısa məmur, şirkət rəhbərliyi jurnalistlərlə diktə ilə danışa bilməz. Yazının dərc edilməsinə qərarı Avropa Azərbaycan Məktəbinin rəhbəyliyi deyil, biz veririk. Azərbaycanda mətbuat azaddır, bu azadlığa təminatı da Prezident cənab İlham Əliyev verir.
Qeyd: Məktəbin təsisçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.