Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.
KONKRET.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb. Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.
Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada, Fransada, Yaponiyada, Avstriyada, Almaniya, Polşada, Sloveniyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.
Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək.
Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar:
-48 kq.
Könül Əliyeva
Vüsalə Hacıyeva
-52 kq.
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
-78 kq.
Nərmin Əmirli
+78 kq.
Nigar Süleymanova
Oğlanlar:
-60 kq.
Nizami İmranov
-66 kq.
Nicat Nağıyev
Aydın Rzayev
-73 kq.
Süleyman Əliyev
Vüsal Qələndərzadə
-81 kq.
Ömər Rəcəbli
-90 kq.
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq.
Kənan Nəsibov