“Avropa Parlamenti bizim üçün faydalı, lakin bir çox cəhətdən yarımçıq sayılan qətnamə qəbul etdi. Qətnamədə Avropa Parlamentinin deputatları Laçın dəhlizi ilə bağlı məsələdən təəssüfləndiklərini bildirdilər. Bunun üçün onların hamısına minnətdarıq”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Qalust Qriqoryanın məqaləsində yer alıb. Görünür, erməni müəllif Avropa Parlamentinin heç bir əhəmiyyət kəsb etməyən, siyasi təsir gücünə malik olmayan, ən əsası isə ikili standartları özündə əks etdirən qətnaməsinin sevincindən eyforiyaya qapılıb. Amma yuxudan oyanmaq və həqiqətin gözünə dik baxmaq lazımdır. Azərbaycanlı ekoloqlar öz səslərini bütün dünyaya çatdırmağı bacarıblar və rəsmi Bakının haqlı tələblərində heç bir qəbahət yoxdur.
Qriqoryan daha sonra fikirlərini belə davam etdirib:“Qeyd etməliyəm ki, bu qətnamə yarımçıqdır. Hətta Avropa Parlamentinin Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquqlarını qorumağa çağıran ifadəsi heç nəyə dəymir. Çünki rəsmi Bakının bunların heç birinə əhəmiyyət verməyəcəyi məlumdur”.
HAŞİYƏ: Bəli, Qriqoryan erməni də olsa, prosesləri dəqiq analiz edir. Azərbaycan hökuməti belə mənasız qətnamələrə heç zaman fikir verməyib və ölkə vətəndaşlarının siyasi iradə ortaya qoyaraq tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəkləri dəqiqdir. Amma Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməkdənsə, ermənilərin 30 illik işğal dövründə törətdiyi vandallıqlara, müharibə cinayətlərinə, ekologiyaya vurduğu ziyanın miqyasına fikir bildirsəydi, bu zaman daha ədalətli mövqe sərgiləmiş olardı.
“Eyni zamanda, qətnaməyə səsvermə zamanı avropalı parlamentarilər bir sıra düzəlişləri qəbul etməkdən çəkiniblər. Çünki avropalı parlamentarilər Azərbaycan hökumətini qınamağa cəsarət etmirlər.
Onlar BMT baş katibini Laçın dəhlizinə səfər etməyə çağırmaqdan da imtina etdilər. Baxmayaraq ki, bu, Ermənistana dəstək üçün vacib idi. Bütün bunları nəzərə alsaq, Avropa Parlamentinin qətnaməsini natamam hesab edə bilərik. Amma qeyd edim ki, həmin Avropa Parlamenti Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı törətdiyi cinayəti təqib etmək üçün xüsusi beynəlxalq tribunal yaratmağa çalışır və bunun üçün qətnamə də qəbul edib. 472 deputat onun lehinə, 19-u əleyhinə, 33-ü isə bitərəf qalıb”, – erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az