Cənubi Qafqazda uzun illər davam edən gərginlik və münaqişələrdən sonra Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişi, region üçün yeni imkanlar açır; bu, iqtisadi, siyasi və sosial inteqrasiyaya doğru atılan mühüm addım kimi qiymətləndirilir. Vaxtaşırı səsləndirilən “mini Şengen” ideyası, yəni Cənubi Qafqaz ölkələrində sərhədsiz hərəkət və əməkdaşlıq modelinin Avropa ölkələri kimi formalaşdırılması indi daha real görünür.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Vaşinqtonda əldə olunan razılaşma region üçün çox önəmli perspektivlər formalaşdırır:
“Hazırda geniş inteqrasiya imkanları yaranır. Bu, həm ticarət-iqtisadi əməkdaşlıq, həm də sərbəst gediş-gəliş üçün əlverişli şərait yarada bilər. Bu fürsətlərin maksimum dərəcədə istifadə edilməsi labüddür. Əvvəlcə, Ermənistan tərəfindən götürülən öhdəliklər yerinə yetirilməlidir. Konstitusiyadakı dəyişikliklərdən sonra yekun sülh müqaviləsinin əldə edilməsi, diplomatik əlaqələrin, səfirliklərin və konsulluqların təşkili vacibdir. Sürətli iqtisadi inkişaf üçün Avropa ilə inteqrasiya mühümdür.
Məsələn, Gürcüstan üçün vizasız rejim tətbiq olundu, ucuz biletlərlə səyahətlər mümkün oldu. Ermənistanda da bəzi imtiyazlar təmin edildi. Eyni qayda Azərbaycana da tətbiq edilə bilər. Hazırkı şərait bu cür addımları labüd edir. Kollektiv Qərbin təhlükəsizlik zəmanəti verməsi də mühüm elementdir. Dövlətlərin siyasi iradəsi sazişin imzalanmasında açar rol oynayıb, ancaq Rusiyanın və İranın regiona təsirinin yaxın vaxtlarda azalacağını gözləmək doğru deyil. Bu baxımdan, strateji addımların davamlı atılması vacibdir”.
Politoloq Elçin Abdullayev bildirib ki, Cənubi Qafqazın “mini Şengen” kimi inteqrasiyası ideyası nəzəri baxımdan cazibədar görünür:
“Praktiki baxımdan isə bu, uzaq perspektivdə mümkün ola bilər. Azərbaycan, Ermənistan və Gürcüstan arasında tam siyasi sabitlik və qarşılıqlı etimad formalaşarsa, sözügedən prosesin həyata keçməsi mümkündür. Bu halda vizasız gediş-gəliş, bölgələrarası ticarətin artması və logistikanın xeyli ucuzlaşması kimi nəticələr əldə oluna bilər.
Lakin mövcud durumda bu istiqamətdə ciddi əngəllər mövcuddur. Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadsızlıq hələ də qalmaqdadır və onun aradan qaldırılması üçün uzun illər tələb olunur. Ermənistan cəmiyyətinin böyük hissəsi regionun inteqrasiyasına şübhə ilə yanaşır.
“Mini Şengen” planı yalnız Cənubi Qafqazda tam sülh, sabitlik və qarşılıqlı etimad bərqərar olduqdan sonra mümkün olacaq. Sülh sazişinin imzalanması ilə prosesin dərhal reallaşmasını gözləmək düzgün olmaz”.