Oktyarın 15-də Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycanın dövlət bayrağını qaldırması dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizin də sevincinə səbəb oldu. Qazaxıstanda yaşan azərbaycanlılar da bu günü böyük iftixar hissi ilə qeyd ediblər.
Qazaxıstanda çıxan “Axıska” qəzetinin və “Türk birliyi” jurnalının baş redaktoru Rövşən İsmayılov KONKRET.az-a açıqlamasında bildirib ki, onlar Azərbaycanın hər bir uğuruna sevinir və bayram edirlər: “Ali Baş Komandan bizi – Qazaxıstandakı azərbaycanlıları 3 ildir hər gün sevindirməkdədir. İlham Əliyevin prezident seçilməsinin 20 ilinin tamam olan günü biz daha sevindirici xəbərlər aldıq. Azərbaycan Respublikası Prezidentinin üçrəngli bayrağımızı Xankəndidə qaldırması təkcə Qazaxıstanda yaşayan yüz min azərbaycanlının deyil, Axıska türklərinin, qazax türklərinin də sevincinə səbəb oldu, bir daha bizə qürur hissi yaşatdı.
İlham Əliyevin dəfələrlə “Mən nəyi nə vaxt, necə edəcəyimi bilirəm” deməsi bir daha sübut etdi ki, doğrudan da cənab Prezident bu günü hələ 20 il əvvəl də görürmüş və sadəcə vaxtını gözləyirmiş. İndi İlham Əliyev Ali Baş Komandan kimi bütün istədiklərinə nail oldu. Azərbaycanın uğuru bütün dünya azərbaycanlılarının nailiyyətidir.
Bir daha xalqımıza bu gözəl gün münasibətilə gözaydınlığı verirəm. Azad Qarabağın hər guşəsində, istər Xocalıda, istər Xocavənddə, istər Ağdərədə, xüsusilə də Xankəndidə Azərbaycan bayrağının dalğalanması bizim hamımızı qürurlandırdı. Burada rəhbərlik etdiyim qəzetdə də daim Azərbaycanın Qarabağ zəfərinə böyük yer verilir və geniş işıqlandırılır”.