AY Partiya soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirdi – FOTOLARbackend

AY Partiya soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirdi - FOTOLAR

Azərbaycan Yüksəliş (AY) Partiyasının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilib.

KONKRET.az xəbər verir ki, “31 Mart soyqırımına siyasi-ideoloji müstəvidə baxış” mövzusunda keçiriən tədbirdə açılış nitqi söyləyən AY Partiya başqanının humanitar məsələlər üzrə müavini Nigar Sultanlı bildirib ki, erməni-rus birləşmələrinin 1918-ci ilin mart soyqırımları nəticəsində on minlərlə Azərbaycan türkü qətlə yetirilib:

“Bu soyqırımları insanlarla yanaşı, yaşayış yerləri, kəndlər, qəsəbələr, müəssisələr, milli mətbuatımızın yerləşdiyi redaksiyalara qarşı da törədilib”.

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı Çar və Sovet Rusiyasının türk dünyasına qarşı daim soyqırımı siyasəti həyata keçirdiyini, ermənilərin isə bu məsələdə həmişə cinayət aləti kimi istifadə edildiyini diqqətə çatdırıb. O, Ürkün, Fərqanə və digər soyqırımlarını xatırladıb, 1926-30-cu illərdə 4,8 milyon nəfər əhalisi olan Qazaxıstanda 2,5 milyon nəfərin aclığa məruz qoyularaq öldürüldüyünü bildirib:

“Öldürülən qazax türklərinin yerinə ruslar bölgəyə köçürülüb. Buna görə Qazaxıstan əhalisinin xeyli hissəsini ruslar təşkil edir. 1905-1940-cı illərdə ruslar Quzey və Güney Azərbaycanda 40 milyon soydaşımızı qətlə yetiriblər. Təklif edirəm ki, ortaq Türk Soyqırımı Günü elan olunsun. Bu məsələdə ən böyük iş siyasətçilərin üzərinə düşür”.

Daha sonra çıxış edən kulturoloq, professor Mübariz Süleymanlı o dönəmdə Bakının azad edilməsi üçün Qafqaz İslam Ordusunun yaradıldığını xatırladıb, bu ordunun Bakı və digər şəhərlərimizi xilas etdiyini bildirib.

BDU-nun dosenti Boran Əziz isə məruzəsində soyqırımı ilə bağlı böyük tarixi araşdırmaların aparılmasının, çap olunmasının, başqa dillərə tərcümə edilib yayılmasının vacib olduğunu deyib.

Çıxışına “104 il əvvəl olan olub, amma keçən keçməyib”, – deyə başlayan professor Nəsib Nəsibli isə bildirib ki, bu hadisə istənilən səviyyədə araşdırılmayıb:

“104 il sonra bu hadisədən çıxardığımız dərs nədir? Bu olayın təsiri indiyədək davam edir. Tarixi şüurumuzda bu olay tam əksini tapmayıb. Hadisəni törədən tək ermənilər deyildi. Ermənilər soyqırımını ruslarla birlikdə törədiblər. Amma bu gün biz ermənilərin adını rahat söylədiyimiz halda, rusların günahkar olduğunu deməyə çəkinirik. Halbuki ermənilər rusların maşası idi, bu gün də eyni vəziyyət davam edir. Bunun ən gözəl izahını böyük Məhəmməd Əmin Rəsulzadə verib: “Rusiya tarixi ənənəsində türk-islam düşmənçilyi olan dövlətdir”.

Ruslardan çəkinmək şüursuzluqdur. Biz düşməni tanımalıyıq, adını söyləməkdən çəkinməməliyik. Siyasilər deyə bilmirsə, ən azından ziyalılar bundan çəkinməməlidir. Bir də bu məsələdə bizim göstərdiyimiz müqavimət, aldığımız intiqamlar da yazılmalıdır ki, yeni nəsillərin mübarizə ruhu ölməsin. Axı istər o dönəmdə, istərsə də sonralar bizə qarşı törədilən soyqırımlarına lazımi cavablar vermişik, intiqamımızı almışıq”.

Tədbirdə söz alan digər iştirakçılar – AXP sədri Pənah Hüseyn, XAP sədri Valeh Mirzəyev, tanınmış jurnalist Qulu Məhərrəmli və digər tarixçilər də çıxış edərək, belə olayların tarixi önəminin ortaya çıxarılmasının vacibliyini vurğulayıb, baş verənlərdən dərs çıxarmalı olduğumuzu diqqətə çatdırıblar. Həmçinin qeyd olunub ki, araşdırma aparıb, həqiqəti ortaya çıxarmaq şərtdir. Bildirilib ki, belə olaylarda əsas baza tarix olsa da, təbliğat çox vacibdir. Müxtəlif janrlı filmlər çəkilib, dünyaya göstərilməlidir. Və bu məsələdə təkcə tarixçilər yox, hər bir vətəndaş öz mövqeyini bildirməlidir.

Tədbir mövzu ilə bağlı geniş diskussiyalar fonunda başa çatıb.

Qeyd edək ki, AY Partiya 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanat da yayıb.

Bəyanatda deyilir:

“1917-ci ilin Oktyabr inqilabından sonra Rusiya imperiyasının növbəti idarəetmə forması bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdilər və Daşnaksütyun Partiyası ilə müttəfiqlik şəraitində yerli vəziyyətə nəzarəti gücləndirməyə çalışdılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bu prosesi sürətləndirmək üçün etnik erməni olan Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdi.

Mart qırğınları ərəfəsində Bakı soveti və Daşnaksütyun Partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi ilə Bakı və ətraf ərazilər boyunca azərbaycanlıları məhv etmək planını hazırladı. Stepan Şaumyanın etirafına görə, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı sovetinin 6 min və Daşnaksütyun Partiyasının 4 min silahlı əsgəri iştirak edib.

Martın 30-da erməni-bolşevik birləşmələri Bakı şəhərini gəmilərdən atəşə tutdu. Sonra silahlı erməni daşnaklar yalnız etnik mənsubiyyətlərinə görə azərbaycanlıların evlərinə basqın edərək, onlara qarşı amansız qətliam həyata keçirdilər. Bu dövrdə erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 20 mindən artıq günahsız insanı qətlə yetirdilər.

Azərbaycanlılara qarşı törədilən soyqırımı Bakı ilə məhdudlaşmadı. Qısa zamanda ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada 16 mindən artıq insan xüsusi vəhşiliklə öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silindi.

1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər, hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu.

Komissiya sübutlar əsasında 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi başlatdı.

Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsinə davam etdi və Azərbaycan Xalq Cümhuriyyətinin ədalətin bərpası üçün göstərdiyi səyləri başa çatdırmağı qərara aldı. Faciənin 80-ci ilində – 1998-ci ildə 31 mart tarixinin matəm günü elan edilməsi, 30 dekabr 2009-cu ildə isə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında dövlət tərəfindən Fərman imzalandı. Bu fərmanlar XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənədlər oldu.

Azərbaycan Yüksəliş Partiyası bildirir ki, 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan Rusiyanın növbəti imperiya forması olan SSRİ-nin köməkliyi və Rusiya geosiyasi maraqlarının diktəsi olaraq Azərbaycana qarşı müharibəyə başladı, ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirdi. Çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla soyqırımı aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirdi.

Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, mart qırğınının 104 illiyində Qarabağ İqtisadi Rayonu ətrafında baş verən hadisələr, rəsmi Moskvanın hadisələrə yanaşması, Rusiyanın müxtəlif hökumət və dövlət nümayəndələri tərəfindən ölkəmizə qarşı səsləndirilən təhdidlər bu siyasətin elə də çox dəyişmədiyini göstərir.

Bu gün bütün dünyanı nüvə silahı, kütləvi qırğınlarla hədələyən Rusiyanın rəsmi şəxslərinin riyakarlığı və şovinistliyi əslində anlaşılandır. Çünki həmin şəxslər yaxın keçmişlərinin dövlətçilik tarixini vərəqləyərkən Azərbaycanda 1905-1906, 1918, 1988-1994-cü illərdə törədilən qətliamları, Fərqanə hadisələrini, Qarabağı, Osetiyanı, Dnestryanını və əlbəttə ki, bugünkü Ukraynanı görürlər. Təbii olaraq, gördüklərini, öyrəndiklərini də təzahür edirlər.

Azərbaycan Yüksəliş Partiyası bildirir ki, hər bir dövlətin öz dəyərləri, quruluşu, qırmızı xətti, yanaşması, prinsipləri olur. Əfsus ki, bizim qonşumuz olan və hələ də xeyli gücə, rıçaqlara sahib Rusiyanın dövlətçilik anlayışının ana xəttində şovinizm, milli, irqi ayrıseçkilik, aqressiv xarakter dayanır.

Azərbaycan Yüksəliş Partiyası 31 mart 1918-ci ildə xalqımıza qarşı törədilən soyqrımı aktını qətiyyətlə pisləyir, dünya ictimaiyyətini yaxın keçmişdə baş verən bu kimi qətliamları unutmamağa, aqressorlara qarşı həmrəylik nümayiş etdirməyə çağırır.

Azərbaycan Yüksəliş Partiyası zaman-zaman böyük dövlətlərin maşasına çevrilən Ermənistanı bölgədə yaranmış yeni reallıqları diqqətlə analiz etməyə, Azərbaycan xalqına qarşı nifrət və aqressiya dolu siyasətdən əl çəkməyə çağırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*