Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. KONKRET.az xəbər verir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sahab dəfn ediləcəyi gözlənilir.
Haşiyə: Qeyd edək ki, Aydın Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. O, Bakı Dənizçilik Məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli 188 №-li fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2003-cü il 4 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 145 illiyi ilə əlaqədar və xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.