“AZAL-ın bu qədər resurslarla zərərlə işləməsi korrupsiyadan qaynaqlanır” – SƏRT AÇIQLAMAbackend

“AZAL-ın bu qədər resurslarla zərərlə işləməsi korrupsiyadan qaynaqlanır” - SƏRT AÇIQLAMA

Pandemiya dövründə qlobal iqtisadiyyat tamamilə iflic vəziyyətə düşdü. Bu çöküşdən ən çox təsirlənən sahələrdən biri də hava nəqliyyatı oldu. Ölkələrarası gediş-gəlişə qoyulan məhdudiyyət Azərbaycana gələn valyuta axınına xeyli mənfi təsir göstərdi. Müəyyən məhdudiyyətlərin ləğvi və gediş-gəlişin bərpasından sonra bu sahədə müəyyən qədər dirçəlmə müşahidə edilir. Belə ki,  Azərbaycanın beynəlxalq hava limanları ilin əvvəlindən ümumilikdə 900 minə yaxın sərnişinə xidmət göstərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur. Statistik rəqəmlərə görə aprel ayında Bakı hava limanının əsas aviadaşıyıcısı  olan “AZAL” aviaşirkəti 350 min sərnişin daşıyıb. Lakin buna baxmayaraq AZAL hələ də dövlətdən dotasiya almağa davam edir.Bilet qiymətləri isə kifayət qədər yüksəkdir.

Bəs görəsən belə bir şəraitdə AZAL özünü maliyyələşdirə bilərmi? Şirkətin şəffaf fəaliyyət göstərməsi üçün hansı islahatlar aparılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Rəşad Həsənov cavablandırıb. O bildirib ki, statistik rəqəmlərin ötən illə müqayisədə  iki dəfə çox olmasının obyektiv səbəblərinə baxmaq lazımdır: “Çünki ötən il hava yolu ilə sərnişindaşımaya məhdudiyyət qoyulmuşdu. Cari  ildə məhdudiyyətlər yumşaldılıb və bu istiqamətdə il ərzində heç bir sərt qayda olmayıb. Statistikanın real artım səviyyəsini bilmək istəyiriksə, 2019-cu ilin analoji dövrü ilə müqayisə etmək lazımdır. 2019-cu ilin eyni dövründəki rəqəmlərə baxsaq görərik ki, azalma var. Lakin AZAL bu günə qədər qeyri-şəffaf fəaliyyəti ilə ad çıxaran bir şirkətdir. Onun fəaliyyətinin şəffaflaşdırılması və sağlamlaşdıırılmasına ciddi ehtiyac var. Azərbaycanda hava nəqliyyatı infrastrukturunun idarə edilməsinin təkmilləşdirilməsinə ehtiyac duyulur. Xüsusilə AZAL-ın QSC nin nəzdindən çıxarılması məqsədə uyğundur. Özəl idarəetmə şirkətlərinin prosesə cəlb edilməsi dövlətin maliyə yükünü azaltmaqla yanaşı hava nəqliyyatı infrastrukturunun daha səmərəli istifadəsinə şərait yaradacaq”.

Yeni Müsavat”ın canlı yayım qonağı iqtisadçı ekspert Rəşad Həsənov olacaq

İqtisadçı bildirib ki, hazırda İnvestisiya Holdinqi bu istiqamətdə müəyyən tədbirlər görür: “Bu istiqamətdə təhlillər aparılır. Hesab edirəm ki, AZAL-ın bu qədər resurslarla zərərlə işləməsi və dövlətdən dotasiya alması onun fəaliyyətində mövcud olan nöqsanlardan, korrupsiyadan və resursların qeyri-səmərəli istifadəsindən qaynaqlanır. Biletlərin qiyməti həddən artıq bahadır. Digər şirkətlərlə müqayisələr aparsaq görərik ki, bəzi destinasiyalar üzrə qiymət fərqi hətta 40-44 dəfə bahadır. Təkcə bu fakt özlüyündə vəziyyətin nə yerdə olmasından xəbər verir. Bütün bu  problemlər İnvestisiya Holdinqi çərçivəsində ən qısa müddətdə öz həllini tapmalıdır. Əks halda halda AZAL-ın İnvestisiya Holdinqinin tərkibinə verilməsinin də heç bir əhəmiyyəti qalmayacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*