Azərbaycan həbsxanaları məhbuslarla dolub-daşır: ŞOK SƏBƏBLƏRbackend

Azərbaycan həbsxanaları məhbuslarla dolub-daşır: ŞOK SƏBƏBLƏR

Tanınmış vəkil Cavad Cavadov Azərbaycanda məhkum sayının azaldılması üçün atılmalı olan addımlar haqda fikirlərini bölüşüb.

KONKRET.az xəbər verir ki, Cavad Cavadov Musavat.com-a deyib ki, Azərbaycan Avropa Şurası ölkələri sırasında məhbus sayına görə ilk üçlükdə qərarlaşıb: “Bu sıralama əhalinin hər 100 min nəfərinə düşən məhbus sayına görə aparılır. Bu gün ölkəmizdə məhbus sayı həddindən artıq çoxdur. 2022-ci ilin hesabatına görə Azərbaycan Avropa Şurasına üzv dövlətlər arasında Türkiyə və Gürcüstandan sonra üçüncü yerdə qərarlaşıb.

2023-cü ilin statistik rəqəmləri hələ bəlli olmasa da, təcrübəmdən və müşahidələrimdən çıxış edərək məhbus sayında azalmanın deyil, əskinə artmanı müşahidə edəcəyimizi zənn edirəm.

Ən aşağı məhbus əmsalı Avropada həmişə olduğu kimi Finlandiya, Niderland və Norveçdə olması cinayətlərin ilk növbədə sosial-iqtisadi durumla bağlılığını ortaya qoyur.

Bu ölkələrdən Niderlandda hətta məhbus çatışmamazlığından türmələrin bağlanması tendensiyası var. Son illər bu ölkədə məhz bu səbəbdən ən azı 19 cəzaçəkmə müəssisəsi bağlanıb.

Lakin əsas amil kimi iqtisadi-sosial durumun götürülməsi ilə yanaşı qeyd etməliyəm ki, bu ölkələrdə ümumən cinayət qanunvericiliyində cəzaların sərt olmaması, bir çox əməllərin dekriminallaşması, məhkəmələrin cəza təyinində sərbəstliyi kimi amillər məhbus sayında özünü göstərir.

Azərbaycanda son illər cinayət qanunvericiliyində cəzaların humanistlərdiriliməsi ilə bağlı dəyişkilklər olsa da, bu kifayət etmir”.

Cavad Cabadov deyir ki, məhkəmələrə alternativ cəza təyin edilməsi ilə bağlı sərbəstlik verilməlidir və yuxarı məhkəmə instansiyaları bu məsələlərdə aşağı məhkəmələri dəstəkləməlidirlər: “Həmçinin dövlət ittihamı da cəza məsələsində özünün protest vermək hüququndan sui-istifadə etməməlidirlər. Təəssüflər olsun ki, hüquqi cəhətdən bərabər olsa da, yuxarı məhkəmələrdə müdafiə tərəfin apelyasiya, kasasiya şikayətlərinə və prokurorun protestlərinə fərqli yanaşma var. Faktiki olaraq sonuncuya üstünlük verilir. Məhbus sayının azalması üçün həmçinin cəzadan vaxtından əvvəl azad edilmə institutu da sadələşdirilməlidir.

Başqa bir problem də məhbusların vaxtından əvvəl azad olunması ilə bağlıdır. Məhbusun vaxtından əvvəl azad olunması zamanı çatsa da, məhkəmələr müvafiq prosedurların tətbiqini təmin etmirlər. Əsasən məhbusların ümumi cəzasının çəkməsinə 1 il, bəzən 6 ay qalmış məhkəmə qaydasında vaxtından əvvəl azad olunma məsələsinə baxılır. Bu da cəzaçəkmə müəssisələrində sıxlığın azalmasına əhəmiyyətli dərəcədə təsir edir”.

Cavad Cavadov deyib ki, məhbusların vaxtından əvvəl azad olunması məsələsində Penitensiar Xidmət (cəza çəkmə müəssisələri) sərbəst deyil: “Məhbusun vaxtından əvvəl azad edilməsi üçün cəza çəkdiyi müəssisə tərəfindən xasiyyətnamə verilir, mülahizələr irəli sürülür. Hətta bu məsələdə də müəssisələrə sərbəstlik verilmir və Ədliyyə Nazirliyinin rəyi əsas götürülür.

Bundan əlavə bu məsələdə digər qurumların faktiki olaraq razılığı alınır. Nəticədə məhkumun şərti azad olunma müddəti başa çatsa da, məhkum azadlığa çıxa bilmir. Məhkəmə qərarlarından prokurorluğun cinayət icraatlarından kənar idarəsinin protest verməsi də vaxtından azad edilməni daha da çətinləşdirir və ya mümkünsüz hala gətirir”.

Cavad Cavadov qeyd edib ki, məhbus sayının çoxluğu cəzaçəkmə müəssisələrində dözülməz sıxlıq yaradır: “Bu problemə dair Avropa Şurası Nazirlər Komitəsinin çoxsaylı tövsiyələri var. “Həbsxalanaların dolması və həbsdə saxlanılan şəxslərin sayının artması probleminə dair” Avropa Şurasının Nazirlər Komitəsinin R(99)22 saylı Tövsiyəsində açıq qeyd olunur ki, həbsxanaların dolmasının və həbsdə saxlanılan şəxslərin sayının artmasının həbsxana rəhbərliyi və ümumilikdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də penitensiar müəssisələrin səmərəli idarə olunması baxımından böyük problem yaradır.

Tövsiyələrdən biri də cəzanın faktiki olaraq çəkiləcək müddətinin azaldan tədbirlərin hazırlanması təşviq edilməsi, bu zaman həbsxanaların dolması probleminin həlli üçün kollektiv tədbirlərə (Amnistiya, Əfv Aktları) ilə müqayisədə məhz vaxtından əvvəl şərti azad etməyə üstünlük verilməli əks olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*