Ölkədə jurnalistikanın “anasını ağlar qoyan” şəxslərin kimliyini soruşsalar, birinci növbədə heç düşünmədən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun adını çəkə bilərəm. Səbəb isə çox sadədir, bir məqaləni doğru-düzgün yazmağa siyasi və jurnalistika savadı çatmayan şəxs haqqında bundan artıq heç nə düşünmək mümkün deyil. Bəlkə də, Bəxtiyar bəy nə vaxtsa qələmi ilə sözün əsl mənasında “at oynadıb”. Amma indi nə yaş, nə də ki dövran o deyil. Həm jurnalistika sahəsi modernləşib, həm də Sovet siyasi arxitekturası tamamilə yenisi ilə əvəzlənib. Odur ki, Bəxtiyar bəy indi nəvələrinin əhatəsində olmaq əvəzinə, “Azərbaycan” qəzetinin üstü toz basmış “kreslosu” nu seçdiyi üçün haqqında deyilən iradları da təmkinlə qəbul etməlidir.
İndi isə keçək əsas, “no oçen vajnıy” məsələyə. Sadıqovun rəhbərlik etdiyi media orqanında dərc olunan “Heydər Əliyev mükəmməl və sağlam dövlət-din münasibətlərinin banisidir” başlıqlı məqalə diqqətimi cəlb etdi. Bəli, ilk baxışdan cümlədə qeyri-adi heç nə yoxdur. Ancaq bir az dərin düşünəndə Bəxtiyar bəyin “məntiqi”nin coşub-daşdığını sezmək olur. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O, dövlət-din münasibətlərinin inkişafında əvəzsiz xidmətlər göstərib. Amma “Heydər Əliyev din-dövlət münasibətlərinin banisidir” kimi fikirlərə yol vermək ifratçılıqdan başqa bir şey deyil. Bununla “Azərbaycan” qəzeti və onun rəhbəri ucuz və bayağı tərifin əsasını qoyur. O anlamır ki, Heydər Əliyev Azərbaycan xalqı üçün əvəzsiz bir nemət idi və ümummilli lider tariximizin ən yüksək zirvəsinə adını yazdırmağı bacardı. Odur ki, Ulu Öndərin və onun bizə miras qoyduğu siyasi kursun davamçılarının mübaliğəli tərifə ehtiyacı yoxdur. Onlar belə mübaliğəli təriflərlə öz maraqlarını güdməyə çalışsalar da, əslində dövlətin həyata keçirdiyi siyasi kursu nüfuzdan salmaqla məşğuldurlar. Bəxtiyar Sadıqov anlamalıdır ki, dövlət-din münasibətləri əsrlər boyu mövcud olub və bu, ölkə Konstitusiyası ilə təsbit edilib. Üstəlik, Azərbaycan dünyəvi dövlətdir və ölkədə yaşayan bütün insanların dini etiqadına hər kəs sayğı ilə yanaşır. Bizi dünyaya tolerant ölkə kimi tanıtdıran da məhz bu amildir.
Bəxtiyar Sadıqovun qəzetində yazılan məqaləni oxuduqca “tüstünün hansı bacadan çıxdığı” yavaş-yavaş anlaşılır. Sən demə dövlət-din münasibətlərindən danışaraq aləmi bir-birinə vuran və kələfin ucunu itirən təkcə Bəxtiyar Sadıqov deyilmiş. Dini Komitənin sədri Mübariz Qurbanlı da ona qoşularaq utopik fikirləri ilə “məqalə”yə rəng qatıbmış. Necə deyərlər, “tay tayını tapıb”. Büdcəni talayıb heç bir iş görməyən bu adamlar xəyal düşüncələrinin məhsulu olan fikirlərini elə öz kurasiyalarındakı media qurumlarında dilə gətirməklə “missiya”larını bitmiş hesab edirlər. Amma yaxşı olardı ki, Mübariz Qurbanlı dini münasibətlərin formalaşması sahəsində hansı işlər gördüyündən danışardı, fars-molla rejiminin “dini ideologiyası”nın Azərbaycan cəmiyyətinə necə sirayət etməsindən söz açardı, bu problemin həlli üçün dövlətə nə kimi təkliflər verməsindən söhbət edərdi. Görünür cənab Qurbanlı dövlət-din münasibətlərində bu kimi məsələlərin nizamlanmasını əhəmiyyətli saymadığından, yalnız söz yığınından ibarət fikirləri ilə çıxışına yekun vurub. Ümumiyyətlə dindən, siyasətdən, jurnalistikadan anlayışı olmayan Bəxtiyar Sadıqov isə bu məqaləni bəh-bəhlə öz qəzetində yayımlamaqdan qürur duyub.
Danışılası məqamlar çoxdur cənablar! Çünki biz susduqca, Bəxtiyarların, Mübarizlərin sayı artır, onlar özlərini doğru hesab etməyə başlayırlar və beləcə dövlətin gələcəyi üçün ciddi təhlükə yaradırlar. Yeri gəlmişkən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “fəaliyyəti” haqda bir sıra maraqlı məlumatlar var, gələn saylarımızda onları cəmiyyətə açıqlayaraq müzakirəni insanların öhdəsinə buraxacağıq. “Bəxtiyar”sız jurnalistika görmək ümidi ilə…
Müşviq Tofiqoğlu,
KONKRET.az