Azərbaycan qlobal enerji təminatçılarından biri kimi nüfuzunu artırır – ŞƏRHbackend

Azərbaycan qlobal enerji təminatçılarından biri kimi nüfuzunu artırır - ŞƏRH

Hazırda dünyanın geosiyasi vəziyyətinə təsir edən amillərdən biri də enerji təhlükəsizliyi məsələsidir. Zəngin enerji qaynaqlarına malik olan ölkələr dəyişən dünyada aparıcı siyasi aktora çevrilməkdədir. Ölkəmiz isə bu sferada mövqelərini gücləndirməkdə davam edir, qlobal enerji təminatçılarından biri olaraq mühüm fiqura çevrilir. Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürüb.

Odlar yurdu artan enerji potensialına görə nəinki regionda, artıq Avropada da ehtiyac duyulan ölkələrdəndir və nüfuzumuz getdikcə artıq, söz, hörmət sahibinə çevrilirik. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxaracaq. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır.

Şübhəsizdir ki, noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi dünyanın ölkəmizə olan hörmətinin və etimadının təzahürüdür. Ölkəmizin dünya maliyyə böhranı şəraitində belə davamlı inkişafı qarşıya qoyulan bütün layihələrin uğurla gerçəkləşdiriləcəyinə əminlik yaradır.

Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır.

Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artmaqdadır. Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir.

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*