Dünya yeni müharibə mərhələsinə qədəm qoyur. Livan və İraqda baş verənlər fonunda bunu söyləmək mümkündür. Mobil telefonlar, peycer, başqa rabitə vasitəsilə terror, hücum təşkil edilir. Göyərçin, digər quşların maketini hazırlayıb, dron kimi istənilən ölkəyə, obyektə hücuma keçmək mümkün hala gəlib.
KONKRET.az xəbər verir ki, ortaya bir neçə sual çıxır: Azərbaycan bu cür hücumlara nə dərəcədə hazırdır?
Ermənistanla sülh imzalanmadığı müddətdə ölkəmizin belə “sürpriz” hücumlara məruz qalmayacağına zəmanət varmı? Bəs, Azərbaycanda bu cür hücum vasitələri varmı?
Mövzu ilə bağlı danışan Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyovun fikrincə, həqiqətən də, texnologiyaların inkişafı bəşəriyyətin həyatına müsbət dəyişikliklərlə yanaşı, mənfi, hətta qorxulu fəsadlara səbəb ola biləcək reallıqlar yaradır.
O deyib ki, Livan və İraqdakı hadisələr, eləcə də qlobal miqyasda baş verən oxşar təhdidlər buna bariz nümunədir:
“Bu gün müxtəlif qüvvələr ənənəvi silahlardan daha çox fərqli texnologiyadan, o cümlədən dronlardan, rabitə vasitələrindən və süni intellektdən istifadə edərək hücumlar təşkil edə bilirlər. Bir müddət əvvəl biz bir daha onun şahidi olduq ki, gündəlik istifadə etdiyimiz cihazlar – planşetlər, peycerlər düşündüyümüz qədər təhlükəsiz deyil, onlar vasitəsilə uzaq məsafədən idarə edilən hücumlar təşkil etmək mümkündür. Bu, texnologiyanın iki tərəfli qılınc olduğunu bir daha xatırladır. Texnologiya, bir tərəfdən də insanların həyatını asanlaşdırır, onlara təhsildə, səhiyyədə, nəqliyyatda və digər sahələrdə fayda gətirir. Lakin digər tərəfdən, həmin texnologiyalar silaha çevrilərək insanların həyatına son qoymaq üçün istifadə olunur. Bunun qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və effektiv nəzarət mexanizmlərinin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Həmçinin, dünyanın yeni müharibə formasına uyğunlaşması və ona qarşı müdafiə mexanizmləri yaratması vacibdir”.
V.Əlibəyovun sözlərinə görə, nəzərə almalıyıq ki, Azərbaycan Silahlı Qüvvələri texnoloji baxımdan kifayət qədər müasir silah və avadanlıqlarla silahlanıb:
“Vətən müharibəsi və 2 günlük antiterror əməliyyatı bunun bariz nümunəsi oldu. Bu, həmçinin o deməkdir ki, ölkəmiz müasir silahların hücumlarından qorunmaq üçün də müasir müdafiə sistemlərinə sahibdir. Ermənistanla, və ya, hər hansı başqa dövlətlə sülh müqaviləsinin olması bizi heç də “sürpriz” hücumlardan sığortalamır. Sülh müqaviləsi, əslində, bir kağız parçasıdır. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar bu kimi sənədlərin müddəalarının pozulmasını ciddi şəkildə qınayır. Amma bu heç də bəzi dövlətlərin həmin müddəaları kobudcasına pozmalarına maneə olmur. Yəni dövlətimiz hər zaman tək Ermənistan tərəfindən deyil, digər dövlətlər tərəfindən də mümkün hücumlara hazır olmalıdır. Müşahidələrim onu deməyə əsas verir ki, bu gün Azərbaycanımızın Silahlı Qüvvələri bu kimi təhdidlərin qarşısını almağa, buna cürət edən düşmənə layiqli cavab verməyə tam hazırdır”./Globalinfo.az