Azərbaycan xalqı öz milli kimliyini necə qoruyur? – VACİB DETALLARbackend

Azərbaycan xalqı öz milli kimliyini necə qoruyur? - VACİB DETALLAR

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Bu ideyanın təbliği və qorunması həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Hər bir vətəndaşın şəxsi məsuliyyəti də bu ideyanın yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Azərbaycanın gələcəyi Azərbaycançılıq ideyasına sadiq, savadlı və vətənpərvər nəsillərin yetişməsindən asılıdır.

Hər bir dövlətin milli həmrəyliyinin təminatı üçün uğurlu ideoloji xəttə malik olması vacib şərtlərdəndir. Ölkəmizdə də məhz Azərbaycançılıq ideologiyası milli birliyimizin başlıca amilinə çevrilib. Ulu öndər Heydər Əliyev tarixən mövcud olmuş Azərbaycançılıq ideologiyasının ayrı-ayrı komponentlərini vahid formaya salıb və onu dövlət siyasətinin nəzəri əsasına çevirib. Azərbaycançılıq məfkurəsi məhz Heydər Əliyevin təşəbbüsü ilə mahiyyətcə real məzmun kəsb etməyə, praktiki faydalılığını göstərməyə başlayıb. Bu ideologiyanın faydalılığını sübut edən ən bariz nümunə isə 44 günlük Vətən müharibəsində büsbütün Azərbaycançılıq ideologiyasına bürünən gənclərin şücaətidir.

44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq. Cənab Prezident uzaqgörən siyasəti, müdrik addımları və cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi, Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman onun yanındadır”. Məruzələr cənab Prezidentin xarici siyasət kursu, ölkəmizdə sosial proqramların icrası, beynəlxalq enerji layihələrinin Azərbaycana qazandırdığı üstünlüklər, 44 günlük Vətən müharibəsi, Azərbaycanın güc mərkəzi kimi qəbul olunması üzərində qurulub.

Mövzu ilə bağlı siyasi şarhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, hər bir xalq üçün milli kimlik və ideologiyaya sadiqlik olduqca önəmlidir.

“Azərbaycan xalqı da tarix boyu öz milli kimliyini qorumağa və onu gələcək nəsillərə ötürməyə xüsusi önəm verib. Azərbaycançılıq ideyası isə sadəcə bir siyasi baxış deyil, əsrlərdən bəri formalaşaraq xalqımızın yaddaşına kök salmış, mübarizə ruhumuzu yaşadan bir dəyərdir. Bu ideya bizə əsarət dövrlərində də güc verib və birliyimizi təmin edib.

Məhz bu ideologiyaya sadiqlik sayəsində xalqımız son illərdə qarşısında dayanan milli problemləri uğurla aradan qaldıra bildi. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz Qələbə, eləcə də sonrakı antiterror əməliyyatı nəticəsində Xankəndinin və digər ərazilərimizin azad olunması, birbaşa xalqımızın milli kimliyinə bağlılığının və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinin nəticəsidir”.

Politoloqun sözlərinə görə, ən önəmlisi odur ki, bu uğurlar şəhidlərimizin və qazilərimizin sayəsində mümkün oldu.

“Onlar Azərbaycançılığın mahiyyətini dərindən anlayaraq, milli kimliklərini qürurla daşıyaraq düşmənə qarşı qəhrəmanlıqla mübarizə apardılar. Bugünki uğurlarımız məhz həmin vətənpərvər ruhun, milli həmrəyliyin və ideoloji birliyin bəhrəsidir”.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*