Sivilizasiya qlobal iqlim dəyişikliyi ilə üz-üzə qalıb. Antropegen təsirlər nəticəsində təəssüf ki, iqlim dəyişikliyi neqativ istiqamətdə inkişaf edir. Nəzərə alaq ki, 1883-cü ildən 2023-cü ilə qədər sənayeləşmə və digər amillər hesabına dünyada havanın temperaturu 2,5-3 dərəcə yüksəlib. Bu gedişlə 2100-cü ildə havanın temperaturu daha 5 dərəcə artacaq. Bu hesabla da səhralaşma daha böyük miqyas alacaq, buzlaqlar əriyəcək, təbii fəlakətlərin sayı artacaq. Ən əsası isə milyonlarla insan və hətta ayrı-ayrı ölkələr ekoloji fəlakətin qurbanına çevriləcək.
Bu günün özündə belə vəziyyət ürək açan deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 8 milyon insan ekoloji amillər üzündən həyatını itirir. Maraqlıdır ki, hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton, Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır.
Atmosferə atılan karbon emissiyalarının 1/5-i nəqliyyat sektorunun payına düşür. Belə ki, nəqliyyatın qlobal karbon dioksid (CO2) emissiyalarında payı 24%-dir. Məlumdur ki, benzin və dizel kimi qalıq yanacaqların yandırılması atmosferə istixana qazı olan karbon dioksidi buraxır. Karbon dioksid (CO2) və metan (CH4), azot oksidi (N2O) və hidrofluorokarbonlar (HFCs) kimi digər istixana qazlarının yığılması Yer atmosferinin istiləşməsinə səbəb olur. Ona görə də qlobal iqlim dəyişikliyi ilə üz-üzə qalırıq. Nəqliyyatdan yaranan istixana qazı (İQ) emissiyaları ABŞ-ın ümumi istixana qazı emissiyalarının təxminən 28 faizini təşkil edir. Bu da nəqliyyatı ABŞ-ın istixana qazı emissiyalarının ən böyük payçısına çevirir.
Son 30 ildə nəqliyyat sektorunda İXQ emissiyaları digər sektorlara nisbətən mütləq şəkildə daha çox artıb. 2021-ci ildə Aİ-nin bütün nəqliyyat İHQ emissiyalarının (daxili nəqliyyat və beynəlxalq bunkerlər daxil olmaqla) 76%-ni buraxır. Üzv dövlətlərdə mövcud və planlaşdırılan tədbirlərin əksəriyyəti avtomobil nəqliyyatına yönəldiyi üçün bu pay avtomobil nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli karbonsuzlaşdığından azalacağı gözlənilir. 2030-cu ilə qədər ən böyük artımlar aviasiya sektorunda, ondan sonra isə beynəlxalq dəniz nəqliyyatında proqnozlaşdırılır, çünki bunlar milli siyasətlərdə prioritet deyil.
Bununla belə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti bu və digər şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.
Nəzərə alaq ki, ekoloji tarazlığın pozulduğu ölkələrdən biri də Azərbaycandır. Bunun da acı tarixi var. Bildiyimiz kimi, SSRİ dönəmində təbii sərvətlərdən qeyri-səmərəli istifadə edilirdi. Bu isə digər sahələrlə yanaşı ekoloji sahədə də çox ciddi problemlər yaradırdı. Təəssüf ki, o zamanlar ekoloji problemlər prioritet deyildi. Ona görə də SSRİ-dən müstəqil Azərbaycana böyük ölçüdə ekoloji problemlər qalmışdı. Xüsusən də neft hasilatı zamanı böyük ərazilərdə torpaqlar neftlə çirklənirdi. Bakı ətrafındakı neft gölməçələri yəqin ki, xatirinizdədir. Hələ açıq dənizə buraxılan neft tullantılarını demirəm. Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də yığılıb qalmış ekoloji problemlərin həlli idi.
Qeyd edək ki, bu sahədə ilk böyük addım 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” bağlanarkən atıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqavilə iştirakçıları qarşısında ekoloji tarazlığın pozulmaması və qorunması əsas tələb kimi qoyuldu. Yada salaq ki, buna qədər Azərbaycan 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına qoşulmuşdu.
İlham Əliyev və ekoloji siyasət
Daha sonra 1997-ci ildə isə Kyoto protokolu imzalandı. Amma Azərbaycanda hələ “Əsrin müqaviləsi”ndən sonra ekoloji sahələrdə nəhəng layihələrin icrasına başlanılmışdı. Neftlə çirklənmiş minlərlə hektar ərazi müasir texnologiyalar vasitəsi ilə neft tullantılarından təmizləndi. 90-cı illərin əvvəllərindən başlanan ekolayihələr 1997-ci ilin Kyoto protokolundan sonra yeni müstəviyə çıxarıldı. Bu addımların sırf dövlət və cəmiyyət üçün prioritet olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan edildi. Bu faktın özü Azərbaycanın ekoloji problemlərə konseptual yanaşmasının göstəricisi idi. Məhz 2010-cu ildə ekoloji sahədə qlobal layihələrin icrası istiqamətində yeni səhifə açıldı. Həmin ildə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi sahəsində çox böyük işlər görüldü.
Ənənəvi enerji istehsalı sahələri ilə paralel olaraq, alternativ enerji mənbələrinin yaradılmasına başlanıldı. Bundan başqa istehsal sahələrində formalaşan və istixana qazı effekti yaradan qazların azaldılması üçün beynəlxlaq təşkilatlarla birlikdə müxtəlif layihələrin icrasına start verildi. “Ekologiya ili” çərçivəsində görülən işlər həm də növbəti illərdə bu sahədə görüləcək işlər üçün bir platforma oldu. 2010-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı SOCAR da ekoloji sahədə böyük uğurlara imza atdı. Belə ki, neft-qaz sahəsində yaranmış tullantıların utilizasiyası və onların emalı kompleks şəkildə təşkil edildi.
Beynəlxalq əməkdaşlıq və uğurlar
Məlumdur ki, Azərbaycan höküməti yeniliklərə hər zaman açıqdır. Məhz buna görə də dünyada ekologiya sahəsində uğurla sınaqdan keçən əksər layihələr ölkəmizdə də davamlı şəkildə tətbiq edilir. Məsələn, 2015-ci ildən Azərbaycanda BMT-nin İnkişaf Proqramı ilə birgə yeni layihənin icrasına başlanıldı. Bu “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasının təmin edilməsi istiqamətində Milli Fəaliyyət proqramı” idi. Bu layihə özündə 3 istiqaməti – nəqliyyat, enerji səmərəliliyi və səmt qazının yığılmasını birləşdirirdi. Layihə 5 il müddətində icra olundu. İcra müddətində uğurlu nəticələrə nail olundu. Layihənin uğurlu olması bunun digər sahələrdə tətbiqinə də maraq yaratdı. Son 4-5 ildə buna bənzər bir sıra layihələr icra edilib. Bu gün Azərbaycan hökümətinin qarşıya qoyduğu hədəf enerji itkisinin qarşısının alınmasıdır. Çünki enerji itkisinin qarşısının alınması enerji ehtiyatlarına qənaət deməkdir. Əldə olunan digər bir uğur isə səmt qazının idarə olunmasıdır. Azərbaycan beynəlxalq təcrübəyə əsaslanaraq səmt qazından bu gün çox səmərəli istifadə edir.
“COP 29”-a hansı uğurlarla gedirik?
Bütövlükdə götürəndə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası Azərbaycan höküməti üçün hər zaman prioritet olub. Təsadüfi deyil ki, 2024-cü il ölkə başçısının müvafiq sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu münasibətlə ötən 7 ayda Azərbaycanda müxtəlif ekoloji layihələr həyata keçirilib. Xüsusən də işğaldan azad olunmuş bölgə “yaşıl enerji” siyasəti üzərində qurulur. Bundan əlavə, Azərbaycan dünyanın ən iri “yaşıl enerji” ixracatçılarından bir olmağı hədəfləyir. Bu layihələrin yekunu və zirvəsi isə bu il noyabr ayının 11-də Bakıda BMT-nin təşəbbüsü və Azərbaycanın təşkilatçılığı ilə keçiriləcək “COP 29” konfransı olacaq. Nəzərə alaq ki, Azərbaycanın “COP29”-a ev sahibliyi etməsi böyük hadisədir. Bu ilk öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Bu tədbir həm də yaxşı mənada Azərbaycanın üzərinə bir məsuliyyət qoyur ki, ekoloji sahədə əldə etdiyimiz uğurlarımızla digər ölkələrə bir nümunə olaq. COP tədbirlərində təkcə mövcud problemlər müzakirə edilmir, həm də gözlənilən problemlərə diqqət yönəldilir. Ona görə də bu payız təkcə bizi yox, bütövlükdə sivilizasiyanı maraqlı Bakı müzakirələri gözləyir. Bu və digər tədbirlərə ev sahibliyi etməklə Azərbaycan sübut edib ki, “yaşıl iqtisadiyyat”ın formalaşmasında çox maraqlıdır. Bu istiqamətdə Azərbaycan bu gün də uğurlu addımlar atır.
Bəli, bu gün dövlət ekoloji tarazlığın bərpası üçün çox iş görür. Amma, ekoloji məsələlər ümumvətəndaş məsələsidir. Ona görə də bu məsələ vətəndaş olaraq hər birimizi düşündürməlidir. Bunun üçün də ekoloji maarifləndirməyə məktəblərdən başlamalıyıq. Müqayisə etsək görərik ki, ekoloji savadlılıq baxımından biz bəzi ölkələrdən geri qalırıq. Ona görə də gecikmədən konseptual işlərə başlamalıyıq. Evdə, təhsil obyektində, işdə və hətta istirahət yerlərində məişət tullantılarına münasibətimizi dəyişməliyik.
Natiq Səlim,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.