Azərbaycan dövləti bu il daxili borclanmanı artırır. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi ilə bağlı açıqladığı məlumatlardan bəlli olur ki, hökumət hər ay 100 milyon manatdan artıq borc cəlb edir.
KONKRET.az xəbər verir ki, daxili borclanma birillik, ikillik və üçillik müddətə həyata keçirilir. Keçirilən hərracların nəticəsinə əsasən, yanvarda 205,1 milyon manatlıq, fevralda 153,16 milyon manatlıq, martda 165 milyon manatlıq, apreldə 180 milyon manatlıq dövlət istiqrazı yerləşdirilib.
Məlumatların təhlili göstərir ki, dövlət daha uzun müddətə borclanmaqda maraqlıdır. Bu məqsədlə borc müddəti artdıqca, ayrılan faiz dərəcəsi də artırılır. Birillik borclar 5-6 faizlə, ikillik borclar 7-8 faizlə, üçillik borclar 8-8,5 faizlə cəlb edilir.
Faizin yüksək olması Maliyyə Nazirliyinə imkan verir ki, daha çox borcu 2 və 3 il müddətinə götürsün. Belə ki, bu ilin yanvar-aprel ayları ərzində 703,26 milyon manatlıq borc cəlb olunub. Onun 105 milyon manatı, yəni 14,9 faizi billikdir. İk il müddətinə alınan borcun həcmi 277,5 milyon manat, yaxud ümumi borcun 39,46 faizini, üçillik borc 320,76 milyon manat və ya cəmi borcun 45,64 faizini təşkil edib.