Sosial şəbəkələrdə koronavirusa yoluxan xəstələrin görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, yayılan görüntülərin koronavirus xəstələri üçün ayrılmış xəstəxanaların birinin reanimasiya şöbəsində lentə alındığı deyilir.
İddia edilir ki, xəstələr COVID-19-a yoluxanlardır.
Xəstələrin üzlərinin aydın görünməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, təmsil etdiyi qurum mövcud vəziyyətdən xəbərdardır.
R.Əliyeva bildirib ki, görüntülər, həqiqətən, pandemiya əleyhinə xəstəxanada çəkilib:
“Bəli, görüntülər koronavirusla mübarizə çərçivəsində ayrılan pandemiya xəstəxanalarından birində çəkilib. Videogörüntülərdəki xəstələr COVID-19-a yoluxan xəstələrdir. Təəssüf ki, xəstəxana işçilərindən kimsə vətəndaşların hüquqlarını tapdayaraq, bizim qoruduğumuz gizliliyi pozub. Bilirsiniz ki, COVID-19 xəstələrini nəinki çəkmək, hətta adlarının açıqlanmasına belə icazə yoxdur.
TƏBİB bu məsələni ciddi nəzarətə götürüb. Çox güman ki, görüntülər xəstəxana əməkdaşları tərəfindən lentə alınıb. Hazırda şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Qanunvericilik çərçivəsində bu videonu çəkən şəxs barəsində cinayət işi başlanılacaq”.