Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə son 7 ildə Azərbaycanda buzlaq sahələrinin orta hesabla 18 % azaldığını deyib.
O, bildirib ki, son illərdə ölkəyə daxil olan su ehtiyatlarında 18-20 %, ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb.
Şöbə müdiri həmçinin vurğulayıb ki, Kür çayının aşağı axınında da su səviyyəsinin aşağı düşməsi müşahidə edilir.
“Artıq Kür çayı dənizə deyil, dəniz Kür çayına axır. Bu, o deməkdir ki, mənbəyini Türkiyə ərazisindən götürən Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu, zamanla su resurslarımızın azalmasına səbəb olacaq”.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Azərbaycanın su ehtiyyatları transsərhəd çayların hesabına formalaşır:
“Bizim daxili su ehtiyyatlarımız xaricdən daxil olan su ehtiyatlarından daha azdır. Kür, Araz, Samux və digər çaylar vasitəsilə ölkəmizə daxil olan sulardan daha çox aslıyıq. Burada söhbət şirin sulardan gedirik”.
O xatırladıb ki, ölkəmizdə böyük su anbarları yoxdur:
“Bakıdakı Ceyranbatan su anbarını çıxmaq şərtilə böyük su anbarlarımız yoxdur. Əhalini vaxtaşırı su ilə təmin etmək üçün su anbarları olmalıdır. Misal olaraq Türkiyəni göstərmək mümkündür. İstanbulda şəhərin su ehtiyatı yağış suları hesabına formalaşır. Yağan yağış barajlarda, anbarlarda toplanır, bu da İstanbul və digər böyük şəhərlərin su ilə təminatında əvəzedilməz rol oynayır”.
Ekoloq təxirəsalınmaz tədbirlər görülməsə, ciddi su qıtlığı ilə üzləşə biləcəyimizi düşünür:
“Bakıətrafı ərazilərdə, Şamaxıda, Qobustanda, həmçinin Mərkəzi Aran regionlarında onsuz da su qıtlığı var. Baxmayaraq ki, Kür çayı bir çox hallarda həmin yerlərin yaxınlığından keçir. Biz bundan düzgün istifadə edə bilmirik, eyni zamanda Şirvan, Yuxarı və Aşağı Qarabağ kanalında su ehtiyatlarından istifadə edə bilmirik. Mərkəzi Aran regionunda qurunt sular dənizə axıdılır. Bu sulardan texniki su kimi istifadə edə bilsək, şirin su ilə paltar yumaq və digər məqsədlər üçün istifadəni minimuma endirərik. Su anbarımız olarsa, şirin su ehtiyatımız da orada qalar. Ümumi olaraq isə yaxın 10 ildə Azərbaycanda su böhranı yaşanmayacaq. Lakin sudan istifadəni düzgün təmin etmək üçün işlər görülməlidir. Kür-Araz çayından, kanallardan düzgün istifadə etmirik, selləmə suvarması qurulur. Suvarma sistemi qaydasında olmalıdır. Hökümət vətəndaşlara subsidiyalar ayırmalıdır ki, onlar aşağı faizli kreditlərlə müasir, damcı sulama sistemləri quraşdırsın və israfa yol verməsin. Həmçinin meşə və yaşıllıqların salınması ilə, mikroiqlim yaratmaqla su qıtlığının qarşısını qismən almış olarıq”.
Ekoloq su qiymətlərindəki artımın sudan izafi istifadənin qarşısını almaq üçün edildiyini deyib:
“Hökümət düşünür ki, vətəndaş cibindən çox pulun çıxmaması üçün sudan istifadəni azaldacaq. Lakin təcrübə göstərir ki, bu da lazımi nəticə vermir. Bəzi hallarda vətəndaşlar məmurlarla gizli anlaşmaya girərək oğurluq xətlər çəkirlər. Amma dərk etməliyik ki, su tükənən sərvətdir. Bu gün iqlim dəyişikliyi səbəbindən dünyanın bir tərəfində su qıtlığı yarananda digər tərəfi sel, daşqın basır”.
Onun fikrincə sudan istifadədə israfın qarşısını almaq üçün sudan istifadə mədəniyyəti formalaşdırmaq lazımdır:
“Burada da öhdəlik Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin üzərinə düşür. Bu, ibtidai sinif dərsliklərində, bağçalarda, universitetlərdə təhsilalanlara öyrədilməlidir. Pedoqoji kadr yetişdirilən universitetlərdə tədris aparılmalıdır ki, müəllimlər nə öyrətmək lazım olduğunu bilsin”.
Aygün Mirakif,
KONKRET.az
Su onemli deyil!. Onemli olan muxtelif cur toplantilar, konfranslar, yarislar ve s….