Azərbaycanın “COVID-19” sınağı – Təhlükə hələ sovuşmayıbbackend

Azərbaycanın “COVID-19” sınağı - Təhlükə hələ sovuşmayıb

Bənövşə Məmmədova, Filologiya üzrə fəlsəfə doktoru

Dünya “COVID-19” pandemiyası ilə üz-üzədir. Azərbaycan da bu “imtahan”ın gərginliyini yaşayır. Bu məqamda insanları dövlətin ərtafında sıx birləşmək xilas edə bilər – dövlətin qoyduğu qaydalara bir nəfər kimi riayət etməklə. “Evdə qal” çağırışına əməl etməkdən tutmuş, şəxsi gigiyena qaydalarına diqqət etməyə qədər. Ölkəmizdə insanlar bir aydan çoxdur ki, bu qaydalarla yaşayır. Biz sivil xalq olduğumuzu bu sınaqda da göstərə bilirik. Həkimi gecəsini gündüzünə qatıb insanlara şəfa verməklə, müəllimi virtual dərs keçməklə, polisi asayişi qorumaqla…

Ölkənin əksər ali təhsil ocaqları kimi Azərbaycan Dillər Universiteti də təhsilin davamlılığını təmin etmək, tələbələrin ehtiyaclarını ödəmək məqsədilə və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışır. Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunandan bu günə qədər universitetdə online/distant dərslər keçirilir. Təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti hər cür fədakarlıq göstərib videodərslər təşkil edib, texniki imkanlar vasitəsi ilə tələbələrlə ünsiyyət yaradıblar. Universitet Təhsil Nazirliyi tərəfindən təklif olunmuş Microsoft Teams platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Bu da universitetin İKT şöbəsi və İnformasiya Texnologiyaları kafedrasının vasitəsilə həyata keçirilib. Növbəti addımımız – müəllimlər üçün virtual təlimlərin keçirilməsi idi. Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib.

Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Beynəlalq təcrübədən bəhrələnərək və universitetin spesifikasını (20–ə yaxın xarici dillərin tədris olunması) nəzərə alaraq təklif olunan məsafədən dərslərin keçirilməsi üçün digər resurslara (more than 100 TOOLS) müraciət olunub. Bunlardan Zoom, Twiddla, Google Class, Skype, Google Docs, Google Hangouts, WhatsApp kimi platformaları nümunə gətirə bilərik.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı məsələsinə də diqqətlə yanaşılıb. Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.

Hazırda dövlət cəmiyyətin həm fiziki, həm də mənəvi baxımdan sağlam olması, saflaşdırılması istiqamətində bütün gücünü səfərbər edib. Bu sınaq insanları həm də mənəvi sağlamlığına qovuşduracaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*