Azərbaycanın Dağlıq Qarabağda qələbəsi İsrailə nə verdi?backend

Azərbaycanın Dağlıq Qarabağda qələbəsi İsrailə nə verdi?

Ermənistanla Azərbaycan arasında müharibənin başlanğıcında Hudson İnstitutu və Demokratiyanı Müdafiə Fondu (FDD) kimi neokonservativ düşüncə mərkəzlərindən olan bir qrup Vaşinqton “şahin”i ABŞ-ı Azərbaycanı dəstəkləməyə çağırıb. Onlar Ermənistanın – İranın, Azərbaycanın – İsrailin müttəfiqi olduğuna istinad ediblər. Beləliklə, Azərbaycanın qələbəsi İsrail üçün bir qazanc olmalı idi.

Bununla belə, Dağlıq Qarabağın taleyi bu neokonservatorları maraqlandırmır. Böyük Yaxın Şərqlə əlaqəli demək olar ki, hər şeydə olduğu kimi, onlar üçün də əsas məsələ İrandır.

Bu şəxslərin gözləntilərinə görə, Azərbaycanın qələbəsi iranlı azərbaycanlıları (əhalinin təxminən 25 faizi), guya Ermənistanı dəstəklədiyinə görə (bu ittiham dezinformasiya yaymaqla əsaslandırılmalı idi), Tehrana qarşı üsyana təhrik etməliydi. Azəri qiyamı “şahinlər”in çoxdankı arzusuna – İran dövlətinin süqutuna yol açmalı idi.

Dağlıq Qarabağda və ətraf bölgələrdə müharibənin aktiv hərbi mərhələsi noyabrın 10-da Rusiyanın dəstəklədiyi atəşkəslə sona çatıb. Onun şərtlərinə əsasən, Azərbaycan dörddəbir əsrdir erməni qüvvələri tərəfindən tutulmuş Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin, eyni zamanda, anklavın bir hissəsinin geri qaytarılmasını təmin edib. Təxminən 2 min rus sülhməramlı Azərbaycanın qazandıqlarını möhkəmləndirən yeni status-kvonu təmin etmək üçün bölgəyə daxil olub.

Görünüşündə İsrail belə bir nəticədə qalibdir. Bununla belə, bunun İranla qarşıdurmada əlavə strateji fayda gətirib-gətirməyəcəyi müəmmalıdır.

Azərbaycan-İsrail münasibətləri İsrailin Azərbaycana silah satışı, neft alışı (bəzi təxminlərə görə, idxalın 40 faizə qədəri) və Vaşinqtonda Bakı üçün lobbi fəaliyyətini nəzərdə tutan sövdələşməyə əsaslanır. Bir çox Yaxın Şərq avtokratları kimi, Azərbaycan Prezidenti İlham Əliyev də Vaşinqtona yolun Qüdsdən keçdiyinə inanır. İsrail də, öz növbəsində, kəşfiyyat məlumatları toplamaq üçün İranın şimal sərhədlərində özünə yer eləyib və ya İrana potensial hərbi hücum üçün start meydançası qazanır.

Müharibə bu münasibətlərin Azərbaycan üçün faydalı olduğunu təsdiqləyib. İsrailin inkişaf etmiş silahları, xüsusən, zərbə PUA-ları erməni müdafiəsini yox etməkdə əsas rol oynayıb. İsrail, beləliklə, özünü Azərbaycana dəyərli bir tərəfdaş kimi göstərib.

Bu, Bakının faydalanacağı bir sərvətdir. Amma Azərbaycan baxımından atəşkəs natamam işdir. Bakı üçün olduqca əlverişli şərtlərdə olsa da, atəşkəs münaqişəni mahiyyətcə yenidən dondurur. Dağlıq Qarabağın bir hissəsi hələ də Azərbaycanın təsirli suverenliyi xaricindədir və bölgənin statusu, ehtimal ki, yaxın gələcək üçün qeyri-müəyyən qalacaq.

Ermənistan üzərində keyfiyyət üstünlüyünü qoruyub saxlaya bilmək üçün son qərarlaşma ilə əlaqədar gələcək diplomatik döyüşlərdə ABŞ-ın dəstəyini təmin etmək naminə İsrailin köməyinə ehtiyac olacaq. Bunun müqabilində Azərbaycan İsrail kəşfiyyatçılarının İranla sərhəddə, öz ərazisində fəaliyyətinə icazə verməyə davam edəcək. Ancaq İsrail tərəfdarı “şahinlər”in Azərbaycanın daha da irəliləyəcəyi və İranı qeyri-sabitləşdirmək planlarını asanlaşdıracağına ümidləri arzu olunanı gerçəklik kimi qələmə verməkdir.

Müharibə zamanı Əliyev Tehranla münasibətləri xeyli ustalıqla idarə edib. O, Azərbaycan mediasında Ermənistana kömək üçün İranın Rusiyadan silah nəqlinə imkan verməsi barədə xəbərləri təkzibləyib. Tehranın Ermənistana potensial meylini təsirsiz hala gətirməyə hesablanan bir manevrlə, Əliyev və köməkçiləri Azərbaycanla İran arasındakı “dostluq” və “dərin əlaqələri” vurğulamaq üçün əlindən gələni ediblər.

Söz düşmüşkən, Tehran öz azəri azlığından ehtiyatlanaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə Bakını əmin etmək üçün siyasi və dini mesajlar göndərib. Ali Rəhbər Ayətullah Əli Xamnəi noyabrın 4-dəki çıxışında İranın münaqişəyə yanaşmasını izah edərək bu məqamı vurğulayıb. Xarici işlər nazirinin müavini Abbas Əraqçi həmin prinsiplə bölgəni gəzərək İranın sülh ideyalarını təqdim edib.

Bakının tərəfdarı olduğunu göstərən Tehran şimal cinahını münaqişənin potensial dalğalanma təsirlərindən qorumağa çalışıb. Bu hərəkət tamamilə uğurlu olmayıb. Atəşkəs razılaşmasının bir bəndi İranın mənafeyinə zərərlidir: Ermənistan ərazisindən keçin, Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirən birbaşa quru dəhlizi.

Əvvəllər o, İran ərazisindən keçməli idi və bu, Azərbaycana təsirin vacib bir nöqtəsi idi. İranın maraqlarının nəzərə alınmaması onun bölgədəki zəifliyini vurğulayıb.

Ancaq Əliyevin İranla yeni bir münaqişəni alovlandırmaq üçün bundan istifadə etməyə çalışacağı müəmmalıdır. Birincisi, 1990-cı illərin əvvəllərindəki sələfi Əbülfəz Elçibəydən fərqli olaraq, o, ideologiyalı pantürkist deyil. Onun ambisiyaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində ərazi bütövlüyünü bərpa etməklə məhdudlaşır. Başqa sözlə, Əliyev (İran Azərbaycanın əsas şəhəri) Təbrizə deyil, Qarabağa üstünlük verir.

Üstəlik, işi başından aşır; qaytarılmış ərazilərin yenidən qurulması iqtisadi tənəzzül kontekstində böyük resurslar tələb edəcəkdir. Digər problemlərə gəldikdə – pandemiya, korrupsiya, repressiya və iqtisadi modernləşmə ehtiyacı və bu hələ tam siyahı deyil – müharibə dövründə arxa plana keçirilə bilər, amma aradan qalxmayıblar və hakimiyyət onlarla üzləşməli olacaq. Bu şərtlərdə, İranla  münaqişə Əliyevin ehtiyac duyduğu son şeydir.

Azərbaycan İsraillə qarşılıqlı mənfəətli münasibətlərini davam etdirəcək, lakin məqsədəuyğunluğa və milli maraqlara əsaslanacaq, nəinki Vaşinqton düşüncə mərkəzlərində divan analitiklərinin hazırladığı İran əleyhinə planlara.

“Responsible Statecraft”, 24.11.2020

 Strateq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*