Azərbaycanın hücum ordusu üçün 4 illik xərcləri: əsas hədəf 2025-ci ildirbackend

Azərbaycanın hücum ordusu üçün 4 illik xərcləri: əsas hədəf 2025-ci ildir

Ötən il 44 günlük müharibə nəticəsində ərazilərini işğaldan azad edən Azərbaycan yaxın 4 ildə hərbi büdcəsini nəinki azaltmayacaq, əksinə, onun həcminin bir qədər daha artırılması nəzərdə tutulur. Dövlət büdcəsinin 2025-ci ilədək əsas xərc istiqamətlərindən aydın olur ki, gələn il büdcə xərclərinin (28 milyard 974 milyon manat) 15,5 faizi müdafiə və milli təhlükəsizlik istiqamətinə ayrılacaq. Bu xərclər 4 milyard 499 milyon 238,9 min manat (təxminən 2 milyard 700 milyon dollar) təşkil edəcək.

2023-cü ildə Azərbaycanın hərbi büdcəsi  4 milyard 586 milyon 538,9 min manat, 2024-cü ildə 4 milyard 666 milyon 438,9 min manat, 2025-ci ildə isə  4 milyard 749 milyon 38,9 min manat həcmində proqnozlaşdırılır.

Azərbaycanın hərbi xərclərinin Ermənistanın ümumi dövlət büdcəsinə yaxın olması artıq dəfələrlə qeyd olunan məqamdır. Məhz bu xərclərin hesabına Azərbaycan son on illikdə öz ordusunu dünyanın ən peşəkar orduları sırasına çatdıra bilib. Və bu peşəkarlıq nəticəsində də ordumuz Ermənistanın 30 ildə işğal altında olan torpaqlarımızda qurduğu istehkamları, müdafiə sədlərini minimum itkilərlə yarıb, düşmən ordusunu məhv etməyə nail oldu. Bu böyük və tarixi qələbəyə baxmayaraq, Azərbaycan öz ordusunun texniki təminatını, peşəkarlıq səviyyəsini daha da yüksəltmək niyyətindədir. Bu barədə Prezident İlham Əliyev hələ müharibə getdiyi dövrdə məlumat vermişdi: “Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir”.

Müharibədən ötən müddət ərzində Ermənistanın revanşa cəhd edəcəyinə dair dəfələrlə məlumatlar açıqlanıb. Eyni zamanda Rusiyanın düşmən ölkənin ordusunu dirçəltmək üçün hərəkətə keçdiyinə dair məlumatlar yayılmaqdadır. Bu şəraitdə Azərbaycanın öz hərbi xərclərini azaltmaması, əksinə, bir qədər də artırması hansı perspektivlər yaradır?

KONKRET.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan Vətən müharibəsindən böyük qalibiyyətlə çıxsa da, savaşdan sonrakı dönəmdə ordumuzun maddi-texniki bazasının bərpası ilə bağlı ciddi işlər aparılmalıdır: “Hələ ortada bir sülh müqaviləsi yoxdursa, demək hərbi xərclərin azaldılması üçün də şərait yetişməyib. Biz müharibə zamanı ordumuza heç bir məsələdə korluq verməmişik, heç bir məsrəfdən çəkinməmişik. Hər bir orduda silahların resursları məhdud olur – bir silahdan müəyyən qədər atəş açdıqdan sonra onun müəyyən hissələrinin dəyişdirilməsi lazım gəlir. Əks halda, həmin silahı yenidən döyüşə hazır vəziyyətə gətirmək mümkün deyil. Bu nöqteyi-nəzərdən, ordumuzu yenidən tam döyüş hazırlığı səviyyəsinə çatdırmaq üçün müəyyən xərclərin çəkilməsi təbiidir. Digər tərəfdən, biz müharibədə istifadə etdiyimiz silah-sursatların ehtiyatlarını zəruri normalar səviyyəsində bərpa etməliyik”.

Ekspert bildirir ki, Azərbaycan Türkiyə ordu modelinə keçir: “Bu keçid yalnız ştat-rəhbərlik deyil, hissə-silahlanma səviyyəsində də böyük yenilənmənin həyata keçirilməsini tələb edir. Ordunun təminatında olan bir çox silahların daha yeni və modern variantlarla əvəz olunması lazımdır – silahlar da texnoloji baxımdan daim təkmilləşir. Bu baxımdan, Azərbaycan İsrail, Pakistan, Türkiyə kimi dost, müttəfiq ölkələrin müasir silah nümunələrini öz arsenalına daxil edir və edəcək də. Xərclərimizi yüksək səviyyədə saxlamağımız Ermənistan tərəfini də bəlli addımlar atmağa vadar edir. Azərbaycan kimi böyük həcmdə vəsaiti silahlanmaya yönəldə bilməsə də, düşmən ölkə öz büdcəsinin imkan verdiyindən daha çox pulu silahlanmaya yönəltməyə məcbur olur. Bu isə bizə Ermənistan üzərində yalnız hərbi-siyasi deyil, həm də iqtisadi təzyiqimizi davam etdirməyə imkan verir. Bu təzyiqlərin saxlanması isə Ermənistanın Azərbaycanın və qardaş Türkiyənin ərazi bütövlüyünü tanıyacağı yekun sülh müqaviləsini imzalayana qədər davam edəcəyi gözləniləndir”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Azərbaycanın hərbi büdcəsini azaltmamasının birdən çox səbəbi var: “Birincisi, qazanılmış qələbəni saxlamaq və möhkəmləndirmək qələbə qədər əhəmiyyətlidir. Azərbaycan Ordusu Vətən müharibəsində tarixi qələbə qazandı, lakin rəsmi Bakı anlayır ki, regional və geosiyasi vəziyyət arxayınlaşmamağı tələb edir. Bu baxımdan ordunun gücələndirilməsinə bundan sonra da davam ediləcək. İkincisi, müharibə başa çatsa da təhdidlər hələ də mövcuddur. Ermənistanda revanşist qüvvələrin olması, xüsusilə bu qüvvələrə xarici dəstək Azərbaycan ordusundan daim tətikdə olmağı tələb edir. Yenidən genişmiqyaslı müharibə istisnadır, lakin dövlət ordunu daim müharibəyə hazır vəziyyətdə və gücdə saxlamalıdır. Güclü ordunun olması həm də yeni müharibə istəyən qüvvələri çəkindirən amildir. Üçüncüsü, müharibədən sonra Azərbaycan ordusunun yenidən qurulması prosesi gedir. Hərbi büdcə müharibə vaxtı hərbi arsenaldan sərf edilən silah-sursatın bərpa edilməsinə, yeni texnikaların alınmasına, o cümlədən, ordunun yeni modelə keçidi üçün xərclənəcək. Prezident İlham Əliyev müharibədən sonra çıxışlarının birində bildirmişdi ki, döyüşlər zamanı bəzi hərbi texnikaların sərfəli olmadığı aydın oldu, bəzi texnikalar isə ümumiyyətlə istifadə olunmadı. Bu baxımdan, hərbi arsenalın müasir silahlarla təchizi prioritet istiqamətdir. İstisna deyil ki, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarının daha gücləndirilməsi istiqamətində addımlar atılacaq. Azərbaycan və Türkiyənin İHA və SİHA-ların birgə istehsal mərkəzinin yaradılması da mümkündür”.

A.Nərimanlının fikrincə, hərbi büdcənin məhz 2025-ci ilə qədər azaldılmamasının daha bir səbəbi isə Qarabağda rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərlə bağlıdır: “Azərbaycan öz suverenliyini bərpa edib və Qarabağ iqtisadi rayonlarına nəzarətin bərpa edilməsi istiqamətində də addımlar atılır. Buna paralel olaraq, mümkün risklərə qarşı hərbi müstəvidə də hazırlıq getdiyini düşünürəm və fikrimcə, ən sonuncu müddət 2025-ci il – rus sülhməramlılarının bölgədə qalmaq müddətinin başa çatdığı dövr götürülüb. Həmin vaxta qədər o ərazilərdə idarəetmənin bərpa edilməsi baş tutmasa, Azərbaycan hərbi variantı da önə çəkə bilər. Bu o demək deyil ki, mütləq genişmiqyaslı eskalasiya olacaq. Sadəcə olaraq, masada istədiyinə nail olmaq üçün hərbi müstəvidə də güclü olmaq lazımdır. İşğaldan azad edilmiş rayonlarda 700 kilometrlik yolların 2025-ci ildən öncə tamamlanması planı da bu kontekstdə təsadüfi deyil. Azərbaycan həmin vaxta qədər əlini kifayət qədər gücləndirməyi planlaşdırır”.

Ekspert deyir ki, Rusiya Ermənistan ordusunu “qurmaq” prosesini müddətsiz davam etdirəcək: “Bu, Moskvaya iki amilə görə lazımdır. Birincisi, Ermənistan üzərində davamlı nəzarətini saxlamaq. İkincisi, Ermənistanı silahlandırmaqla Azərbaycanı da rus silahını almağa təşviq etmək. 30 il davam edən münaqişə Rusiya üçün həm də yaxşı silah bazarı idi. Müharibədən sonra bu bazar ölməyə doğru gedir, çünki Azərbaycan münaqişəyə görə siyasi balansı qorumaq üçün rus silahlarını alırdı, amma müharibədə sıradan çıxardığı silahlara üstünlük vermək niyyətində deyil. Rusiya məhz Ermənistanı silahlandırmaqla Azərbaycanı yenidən buna təşviq etməyə çalışır. Rusiya silah bazarında itkilərlə təkcə Cənubi Qafqazda yox, bütün dünyada üzləşib. Bunun fonunda Cənubi Qafqazdakı bazarı yenidən canlandırmaq istəyirlər və bunun üçün Ermənistanı yenidən silahlandırırlar. Bu proses davam edəcək, amma Rusiyanın Ermənistana müasir texnologiyaya əsaslanan hərbi texnikanı verməsi çətindir. Birincisi, II Qarabağ müharibəsindən sonra digər ölkələr kimi, Rusiyanın özü də ordunu yeni texnologiyaya uyğunlaşdırmağı düşünür və bu o deməkdir ki, öncə öz hərbi arsenalını təmin edəcək. İkincisi, Rusiya Ermənistana silahları adətən pulsuz verir və özünün də ehtiyacı olan müasir texnologiyaları pulsuz verməyəcək, daha çox hərbi arsenalından çıxarılan köhnə texnikalar verəcək. Ermənistanın yenidən qurduğu ordusunu Azərbaycan Ordusunun səviyyəsinə çatdırması da mümkünsüzdür. Bunun üçün müasir texnologiyaya əsaslanan hərbi texnikalar ala biləcəyi yeni mənbələr lazımdır, misal üçün, İsrail və s. Rusiya başqa ölkənin Ermənistan bazarına böyük ölçüdə daxil olmasına icazə verməz. Digər tərəfdən, Rusiya maneəsi olmasa belə, Ermənistanın müasir silahlar almağa vəsaiti yoxdur. Bu ölkənin gəlir mənbələrinin məhdud olduğunu nəzərə alsaq, belə vəsaiti tapması da çətindir. Erməni diasporu müharibəyə qədər Qarabağın işğalda saxlanılması üçün bu və ya digər formada pul toplamaqda maraqlı idi, müharibədən sonra artıq diaspor böyük ölçüdə parçalanıb və bu, Ermənistanın mümkün olan yeganə maliyyə mənbəyinin də tədricən sıradan çıxdığı deməkdir”.

İqtisadçı-alim Elşad Məmmədov isə bildirir ki, Azərbaycanın yaxın illərdə hədəflədiyi büdcə xərclərini təmin etmək kimi probleminin olacağı gözlənilmir: “Bir tərəfdən ölkənin kifayət qədər qızıl-valyuta ehtiyatları var. Digər tərəfdən, əsas gəlir mənbəyi olan neftin dünya bazar qiyməti büdcə gəlirlərinə müsbət təsir edəcək səviyyədədir. Ortamüddətli perspektivdə neft bazarında qiymətləri uzun müddətə kəskin aşağı həddə saxlayacaq təhlükələr də gözlənilmir. Uzunmüddətli perspektivdə dünyada neftin əsas enerjidaşıyıcı kimi arxa plana keçməsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini zəruri edir. Bu istiqamətdə də ölkədə işlər aparılır. Bu baxımdan, Azərbaycan hərbi büdcəsinin icrasında hər hansı problemlə üzləşməyəcək”.

musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*