Ötən gün tanınmış diktor, jurnalist, Əməkdar artist Gülşən Əkbərovanın Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya videomüraciəti böyük rezonans doğurdu. Onun təsirli müraciəti dövlət qurumlarında özlərini “Burada mənəm, Bağdadda kor xəlifə” kimi aparan rəhbərlərin hələ də meydan sulamasına daha bir sübutdur.
Bu hadisənin dövlət başçısının yürütdüyü siyasəti işıqlandıran televiziyada baş verməsi olduqca üzücüdür. Gülşən xanım AzTV-nin indiki sədrindən şikayət edərək, hələ sədr əvəzi olarkən Rövşən Məmmədovun himayədarı Əli Həsənova arxalanaraq onu 1970-ci ildən həyatını bağladığı sevimli televiziyasından hörmətsizliklə, şər-böhtana məruz qoyaraq uzaqlaşdırdığını, 15 ay ərzində mənəvi və maddi sarsıntı keçirdiyini bildirib.
Bəlkə də Gülşən xanımı yaxından tanınmayanlar onun dediklərinə şübhə ilə yanaşardı, amma AzTV-nin ona təhdid dolu, ağlasığmaz, məntiqsiz cavabı tanınmış sənətkarın necə haqlı olduğunu bir daha təsdiqlədi.
Bu da yəqin AzTV-nin “şakəridir”. Hər yeni rəhbər səslənən tənqidlərə texniki yenilənmələr, abadlaşdırmalarla cavab verir. Rövşən Məmmədovun komandası da Gülşən Əkbərin müraciətinin təsirini HD formatlı dəyişikliklərdən, ən müasir (!) montaj avadanlıqlarından, kameralardan, serverdən dəm vurmaqla azaltmağa çalışır.
Bu, Azərbaycan televiziya tarixinin birincisi olan bir məbədin əməkdaşlarına nümayiş etdirilən açıq-aşkar hörmətsizliyə, etikadan, milli mentalitetdən kənar davranış qaydalarına, haqq səsinin boğulmasına, ədalətin zəfər çalmasının qarşısının alınması cəhdinə, nəhayət Prezidentin “böyük-kiçik yeri bilin” tövsiyəsinə əməl olunmamasına dəlalət edir.
Rövşən Məmmədovun “kreativ” piarçılarına lap adamın yazığı gəlir. “İmkan verin işimizi görək” kimi bir cavaba televiziya tarixində rast gəlmək qeyri-mümkündür. Bu şüara yalnız qəhqəhə çəkib ürəkdən gülmək olar. Adama deyərlər, işinizi görmək üçün sizin əlinizi, ayağınızı tutan var? Hər çür imkanların sizə qədər yaradıldığı məkanda, bağlı darvaza arxasında oturmusunuz və Ərəbzəngi qılıncı da başınızın üstünü kəsdirməyib. Nə vaxtdan kiminsə kənardan haqqını, ədalətin bərqərar olmasını tələb etməsi, Prezidentin və I Vitse-prezidentin diqqətini AzTV-də baş verənlərə cəlb etməsi “işgörən”in əl-ayağını tutur, “düşünən” beynini tormozlayır?! Bəlkə Rövşən Məmmədovun və onun bivec komandasının HD imkanlarını və ya “kreativ” düşüncəsini əlindən alır?!
Yeri gəlmişkən, kreativ (dilimizdə yaradıcı deməkdir) sözünü əldə bayraq edən AzTV hansı orijinal veriliş və proqramı ortaya qoyub ki?! AzTV-nin bütün veriliş və proqramları Rusiya və Türkiyə televiziyalarının proqram və verilişlərinin daha bəsit və bayağı şəkildə təkrarlanmasından ibarətdir. Pardon, plagiatlığa nə zamandan kreativlik deyilir?
AzTV-də kadr islahatlarının getməsi iddiası isə lap gülüncdür. AzTV əməkdaşlarının Rövşən Məmmədovun işlədiyi “Lider” TV-nin, dərs dediyi ali məktəblərdəki dost və tanışları ilə əvəzlənməsi nə zamandan islahat olub? Elə Gülşən xanım hazırda AzTV və Mədəniyyət TV-də çalışanların əksəriyyətinin ustadıdır. Çalışdığı son günədək “Xəbərlər”in əməkdaşlarının nitqi ilə məşğul olur, süjet mətnlərini redaktə edir, verilişlərin, proqramların, sənədli filmlərin kadrarxası mətnlərini oxuyur, efirə gedəcək verilişlərə baxıb, rəyini bildirirdi. Biliyi, qələmi və təcrübəsilə “Xəbərlər”də, ədəbi-dram redaksiyasında çalışanların əksəriyyətindən üstündür, çünki peşəkardır. Bu xanımın enerjisinə, zəhmətkeşliyinə və AzTV sevgisinə yalnız qibtə etmək olar.
Amma Rövşən Məmmədov və “kreativ” komandasının AzTV-nin keçdiyi tarixi yolun canlı şahidi, əfsanəvi diktorlar qrupunun təmsilçisi, 50 il Azərbaycan mətbuatına xidmət etmiş yazıçı-jurnalist Məmməd Əkbərin ocağında tərbiyə alan, görkəmli yazıçı və şairlərin ədəbi mühitində şəxsiyyət kimi formalaşan, Mircəlal Paşayev və Nəsir İmanquliyev kimi nəhəng ustadlarından dərslər alan Gülşən xanımı ədəb, tərbiyə və mərifət normalarına əməl etməməkdə suçlamaq, yumşaq desək, ədəbsizliyin və mərifətsizliyin zirvəsidir.
AzTV-nin cavabında deyilir ki, “veteran-diktorun işdən azad olunması barədə qərarı sədr şəxsən özü verib və bu zaman kollektiv, konkret G.Əkbərova ilə çalışan əməkdaşların fikri əsas götürülüb, bu barədə həmin şəxsə ünvanlanan məktubda da yetərincə məlumat verilib”.
Yeri gəlmişkən Rövşən Məmmədovun imzaladığı həmin məktubda qeyd edilib ki, Gülşən Əkbərovanın Azərbaycan Televiziyasında yeni bir işlə təmin olunması münasib hesab edilmir.
Deyir “sən saydığını say, gör fələk nə sayır”. KİVDF-nin 10 illik yubileyində tortu birgə kəsdikləri himayədarı Əli Həsənovun kürsüdən düşürülməsi, “təzadlar.az” saytında dərc olunan “AzTV-ni idarə edən ruh: O, yaşayıb, yaşayır və yaşayacaq”?” başlıqlı məqalədə Gülşən xanımla bağlı məqama bir daha diqqətin cəlb edilməsi Rövşən Məmmədovun münasiblik barədə iddiasını kökündən dəyişdirir. Hətta kollektivin, konkret diktorla çalışan əməkdaşların intriqa, dedi-qodu və digər uydurmalarla “müraciətləri” də daha yada düşmür, “tarixin zibil qutusu”na atılır.
AzTV sədrinin radio üzrə müavini Rafiq Həşimov zəng edərək Gülşən xanımı 15 ay həsrət qaldığı AzTV-yə dəvət edir. Görüş zamanı Gülşən xanıma bildirilir ki, Rövşən Məmmədov ona Teleakademiyada müəllim kimi işləməyi təklif edir. Təbii ki, böyük təcrübəyə malik sənətkar AzTV sədrinin bu addımını vicdan əzabı və peşmançılıqdan deyil, yuxarıların qarşısında öz imicini təmizləmək naminə atdığını çox gözəl anlayır və başına gətirilənləri, uğradığı şər-böhtanı bütün təfərrüatı ilə Rafiq Həşimova danışır. Geri qayıtması müqabilində də 3 şərt irəli sürür. Gülşən xanımın şərtləri R.Məmmədovun “kreativ” piarçılarının hazırladığı cavabda tamamilə başqa interpretasiyada sadalanıb. Biçarələr bu məqamı onun əleyhinə yönəltməyə çalışıblar.
Amma məsələnin əsli başqadır. Onlar əsas şərtdən heç bəhs etməyiblər.
Gülşən xanım ilk növbədə Rövşən Məmmədovun onu şəxsən qəbul edərək, üzr istəməsini tələb edib. Sonra isə mütəxəssis kimi ona təklif olunan 400 manat məbləğində maaşla Teleakademiyada işləməyi qəbul etməyib. AzTV-ni tərk edərkən aldığı əmək haqqının və qonorarın 1500 manat məbləğində olduğunu xatırladaraq həmin maaşın bərpa olunmasını, Mədəniyyət TV-in direktor müavini kimi daha böyük işlər görməyə hazır olduğunu bildirib. İndi Rövşən Məmmədovun yandaşları tanınmış diktorun AzTV sədrinin ondan üzr istəməsi tələbinin üzərindən keçməklə, bu şərtin səsləndirilməyəcəyini zənn edirlər. Amma fakt faktlığında qalır. Gülşən xanım bu tələbləri yerinə yetirilməyənədək AzTV-yə qayıtmaqdan imtina edib.
Bir sözlə, Rövşən Məmmədovun kreativ piarçılarının hazırladığı açıqlama “Üzrü günahından betər” deyimini xatırladır. Tanınmış diktorun qızı Samirə Nağıyevanın AzTV-nin proqram direktorluğunda şöbə müdiri kimi işləməsinin yada salınması isə birmənalı şəkildə Gülşən xanıma ünvanlanan açıq təhdiddir. Amma onlar bir məqamı unudublar.
Əvvəla, Samirə Nağıyeva Rövşən Məmmədovun özəl telekanalında çalışmır. Bu televiziya dövlət büdcəsindən maliyyələşən Qapalı Səhmdar Cəmiyyətinə daxildir. Burada baş verən bütün qanunsuzluqlara görə AzTV sədri Prezident İlham Əliyevin imzaladığı qanunlar qarşısında cavabdehlik daşıyır.
İkincisi, Samirəni tanıyanlar bilirlər ki, Azərbaycan və rus dillərini mükəmməl bilən, işinə məsuliyyətlə yanaşan və vəzifəsinin öhdəsindən bacarıqla gələn mütəxəssisdir. Onu işdən çıxarmaq üçün heç bir əsas yoxdur. Və əgər tv rəhbəliyi bu fikrə düşsə, bu yalnız qısas məqsədilə əl atılan növbəti qanunsuz hərəkət olacaq.
Aztv-dəki yeyintilər, dövlət vəsaitinin mənimsənilməsi, insanların haqlarının tapdalanması məsələsinə gəldikdə isə bunun üçün Rövşən Məmmədov komandasının məhkəməyə müraciət xahişi və tövsiyəsi yersizdir. Əməkdar artist Məlahət Abbasovanın AzTV sədri Rövşən Məmmədovun 8 verilişin yayımlanması üçün 7 min manat tələb etməsi, əməkdaşların maaşlarını kəsməsi və başqa qanunsuzluqlara yol verməsi, 9 nəfər sürücünün AzTV-də yanacağ fırıldaqları ilə bağlı açıqlamaları ölkənin birinci kanalında yaranmış xoşagəlməz mənzərəni bütün palitraları ilə ifşa edir. Çünki əlindən yalnız uydurma, yekəxana, təhdidedici açıqlamar verən bu “kreativ” komanda üçün məhkəməyə müraciət çox böyük hörmət ola bilər. Hesablama Palatasının və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Mehdi Hüseyn küçəsi, 1 ünvanındakı darvazadan içəri girməsi bütün qaranlıq işləri aydınlığa çıxarmaq üçün kifayətdir.
Hər bir dövlət məmurunun vəzifəsi Vətəninə, xalqına doğru-dürüst, yüksək mənəvi dəyərlərə həqiqətən əməl etməklə xidmətdən ibarətdir.
Bununla həmin məmur təkcə özünə deyil, təmsil etdiyi hakimiyyətə və ona başçılıq edən Prezidentə başucalığı, əlavə nüfuz gətirir. AzTV-də baş verənlər isə bunun əksini sübut edir…(pravda.az)