Uzun illər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətdə (AzTV) Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etmiş Sərhəd Rəhmət oğlu Qasımov bu gün – noyabrın 20-də vafat edib.
KONKRET.az bildirir ki, bu barədə modern.az-a mərhumun yaxın dostu şair-publisist Mübariz Süleymanlı məlumat verib.
85 yaşında dünyasını dəyişən Sərhəd Qasımovun üç mərasimi noyabrın 22-də Təzəpir məscidində keçiriləcək.
Sərhəd Qasımov 1941-ci il aprel ayının 12-də Lənkəran şəhərində anadan olub. 1957-61-ci illərdə Rabitə Texnikumunda təhsil alıb. Həmin ildən Respublika Radio-Televiziya Mərkəzində elektrik montyoru kimi əmək fəaliyyətinə başlayıb. İki il hərbi xidmətdən sonra 1964-cü ildə işıq sexinin rəisi vəzifəsinə təyin edilib. 1967-ci ilin oktyabrında Teleradionun Həmkarlar İttifaqı Komitəsinin ilk sədri seçilib. İlk azərbaycanlı olaraq 1970-75-ci illərdə Moskva Beynəlxalq Həmkarlar Akademiyasında təhsil alıb.
O, 51 fasiləsiz olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləyib. Eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü olub.
Sərhəd Qasımov ölkə Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” adına, 2009-cu ildə isə “Tərəqqi” medalına layiq görülüb.
2018-ci ildə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 100 illiyi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.
