Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilərbackend

Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçinin fəaliyyəti məhdudlaşdırıla bilər

İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi Zülfiyyə Baxışovanın fəaliyyəti məhdudlaşdırıla bilər.

KONKRET.az xəbər verir ki, bu barədə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

“Dünya praktikasına əsasən, hər hansı şəxs uşağa qarşı zorakılıq törədirsə, bununla bağlı məlumat bazaya yerləşdirilir. Bu kimi hal gələcəkdə tərbiyəçinin məhz həmin istiqamətdə fəaliyyət göstərməsini qadağan edir. Əgər o şəxsin adı həmin məlumat bazasında yerləşdirilirsə, bu, o deməkdir ki, artıq həmin şəxs bu sahədə heç vaxt fəaliyyət göstərə bilməz. Azərbaycan qanunvericiliyində də bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulub. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır və hüquqi qiymət veriləcək”, – T.İbrahimova əlavə edib.

Dövlət Komitəsinin şöbə müdiri vurğulayıb ki, Azərbaycanda da bu kimi hallarla bağlı məlumat bazası yaradıla bilər: “Artıq Dövlət Komitəsi yaxın vaxtlarda bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya rəsmi müraciət edəcək. Azərbaycanda da bu istiqamətdə işlər görülməlidir. Çünki artıq neçə illərdir ki, bu cür təhsilverənlərlə bağlı faktlar ortaya çıxır. Zənnimcə, həmin insanların belə bir tarixçəsi olmalıdır ki, gələcəkdə onlar bu istiqamətdə – uşaq hüquqları ilə bağlı, təhsil verən kimi fəaliyyət göstərə bilməsinlər”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi Baxışova Zülfiyyə Ədalət qızı körpəyə qarşı şiddət göstərib. O işdən çıxarılıb və hüquq-mühafizə orqanları tərəfindən təhqiqata cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*