Bahalı avtomobil sürənlərə daha yüksək cərimə tətbiq ediləcək? – VACİB AÇIQLAMAbackend

Bahalı avtomobil sürənlərə daha yüksək cərimə tətbiq ediləcək? - VACİB AÇIQLAMA

Avtobus və velosiped zolaqlarına daxil olan avtomobillərin sürücülərinə tətbiq edilən cərimələrin məbləği nəqliyyat vasitəsinin qiymətindən asılı olmayaraq eyni qaydada müəyyənləşib. Bu isə cəmiyyətdə “bahalı avtomobil sürənlərə daha yüksək cərimə tətbiq olunmalıdırmı?” sualını gündəmə gətirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Azərbaycanda diferensial cərimə sistemi tətbiq olunmur və cərimələr bütün nəqliyyat vasitələrinə eyni qaydada şamil edilir.

Aslan Əsədov

Onun sözlərinə görə, mövcud mexanizmdə avtomobilin qiyməti və ya texniki göstəriciləri nəzərə alınmır:

“Hazırda cərimələnmə prosesi ümumi qaydada həyata keçirilir. Nəqliyyat vasitəsinin ucuz və ya baha olması fərq etmir. Sistem üzrə yalnız dövlət qeydiyyat nişanı və törədilmiş qayda pozuntusu əsas götürülür və optimallaşdırılmış mərkəz tərəfindən cərimə tətbiq edilir”.

Ekspert qeyd edib ki, keçmiş sovet məkanı və MDB ölkələrində də oxşar yanaşma mövcuddur və avtomobilin bazar dəyərinə görə ayrıca cərimə mexanizmi tətbiq edilmir.

“Asiya və Avropanın bəzi ölkələrində fərqli modellər müzakirə olunsa da, Azərbaycanda nəqliyyat vasitəsinin qiymətinə əsasən cərimə müəyyənləşdirilməsi praktikası yoxdur. Coğrafi baxımdan yaxın ölkələrin əksəriyyətində də standart qaydada cərimələnmə tətbiq olunur”, – deyə Aslan Əsədov vurğulayıb.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr sürücünün sosial statusuna və ya idarə etdiyi avtomobilin dəyərinə görə deyil, yalnız törədilən inzibati xəta üzrə müəyyən edilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*