Bakı Vaşinqtonun hansı planlarını pozdu? – ABŞ açıq şantaja keçibbackend

Bakı Vaşinqtonun hansı planlarını pozdu? - ABŞ açıq şantaja keçib

“ABŞ istədiyi ölkəyə maliyyə-iqtisadi, siyasi, ideoloji, informasiya-psixoloji, diplomatik və digər vasitələrlə təzyiq etməklə məqsədlərinə çatmağa çalışır. Obyektiv təhlillər göstərir ki, Qərb onilliklər ərzində müstəqil dövlətlərin xarici və daxili siyasətini dəyişmək və son nəticədə onların özünə tabeliyini maksimum dərəcədə artırmaq məqsədilə başqalarının daxili işlərinə qarışır”.

Bu tezislər ayrı-ayrı dövlətlərin (Rusiya, Türkiyə, Venesuela, Kuba, Livan, Suriya, Macarıstan, Orta Asiya ölkələri) xüsusi xidmət orqanlarının ümumiləşdirilmiş hesabatından götürülüb.

Məsələn, Türkiyə xarici kəşfiyyat orqanlarının, ayrı-ayrı ölkələrdəki səfirliklərinin hazırladıqları illik təlimatlarında xüsusi olaraq vurğulanır ki, məqsədlərinə çatmaq üçün ABŞ və müttəfiqləri dünyanın müxtəlif regionlarında ittifaqlar yaradır, xərclədikləri külli miqdarda vəsait hesabına süni müxalifətçilik insititutları formalaşdırır, həssas məsələlərə aqressiv münasibəti ilə seçilən şəxslərin təxribatlar üçün individual qaydada hazırlanması təşkil edilir.

Məhz bu yolla ABŞ dünyanın bütün nöqtələrində nəzarətini gücləndirmək üçün dövlətlər arasında münasibətlər sistemini yenidən formatlaşdırmaq istəyir.

Onun Azərbaycanla bağlı planları da eyni məqsədə xidmət edir. Okeanın o tayından Cənubi Qafqaza nəzarət etmək, Azərbaycanı özünə tabe etdirmək üçün müxtəlif məcburetmə üsullarına əl atır. Yəni eyni koordinat, eyni xətt!

Beləliklə, ölkəmiz görünməmiş təzyiqlə, aşkar şantajla, təhdidlə üz-üzədir. Azərbaycanda rəngli inqilab yarada bilməyən Vaşinqton çox aqressivləşib. İkinci Qarabağ müharibəsindən sonra xalq arasında getdikcə nüfuzu artan Prezident İlham Əliyev və komandasını zərərsizləşdirmək, iqtidara marionet, “demokrat” lider gətirmək planı baş tutmadıqca, yeni mübarizə formaları axtarılır. Artıq əksər dünya dövlətlərinin əzbər bildiyi tezislər indi Azərbaycana qarşı tətbiq edilir.

Dövlət çevrilişi həyata keçirmək üçün sosial şəbəkələr vasitəsilə kobud dezinformasiyalar yayılması planlaşdırılır.

Ən təhlükəlisi isə odur ki, ABŞ 30 ildən sonra həll olunmuş Ermənistan – Azərbaycan münaqişəsini yeni formata salmaq istəyir. Daxildə olan alətləri ilə (“Abzas Media”, AXCP, xaricdən idarə olunan blogerlər, ən nəhayət, vaxtında zərərsizləşdirilmiş qisasçı sabiq məmurlar) kiçik böhran yaradaraq, ölkəni xaosa sürükləməklə “bulanıq suda balıq tutmaq” istəyir.

ABŞ-nin bir planı hələ ki, baş tutmayıb. Yəni Vaşinqtonun istədiyi kimi, regionda genişmiqyaslı müharibə başlamayıb. Birləşmiş Ştatlar ümid edirdi ki, Azərbaycan haqq savaşına başlayanda münaqişəyə başqa dövlətlər də qoşulacaq, Cənubi Qafqaz “Suriya donu” geyinəcək.

Bunun üçün cəhdlər davam edir. Məsələ burasındadır ki, ABŞ yalnız Azərbaycana deyil, müstəqilliyini qoruyub-saxlamaq istəyən istənilən ölkəyə qarşı belə aqressivdir. Məsələn, BMT-nin Kubadakı nümayəndəsi işləmiş Biana Leyva Requeyra Birləşmiş Ştatların xarici siyasətinə qarşı etirazını belə bildirmişdi: “Bu gün biz dünyada baş verən fəlakətli hadisələri ağrı ilə izləyirik. Dünyanı mənasız, absurd hala gətirən, vəhşi kapitalist dəyərləri olan ABŞ öz sistemini bütün yer üzünə yaymağa çalışır. Məhz Amerika və əlaltıları olan kollektiv Qərbin cəhdləri nəticəsində onilliklər boyu ədalətsiz dünya nizamı formalaşıb. Eləcə də sərt, məhdudiyyətsiz bərabərsizlik fonunda xalqların inkişaf hüququ qurban verilir. ABŞ özünəməxsus imperializm siyasəti ilə bir çox dövlətləri təcrid etməklə əslində milyonlarla insanın taleyini məhv edir, bu xalqlara zibil kimi yanaşır. COVID-19 pandemiyası zamanı bütün dünya xalqları bunun şahidi oldu. Düşünülmüş şəkildə yayılan xəstəliyin dağıdıcı nəticələri ölümcül oldu. Kasıb ölkələrin əhalisinin ən həssas təbəqələri arasında ölüm halları yüksək həddə çatdı”.

Göründüyü kimi, dünya xalqlarına qarşı məqsədli şəkildə müharibə aparılırdı. Ancaq Azərbaycan həm erməni işğalçılarına qarşı, həm də pandemiya savaşında tam qələbə qazandı. Çətinliyə baxmayaraq, davamlı iqtisadi tədbirlər nəticəsində məhdudiyyətlər olsa da, bu ağır müharibədən az itki ilə çıxdıq. Dövlət başçısının iradəsi, xalqa arxalanaraq cəsarətli addımlar atması sayəsində böyük güclərin ölümcül blokadasından qurtula bildik.

Lakin özünü Qərbi Roma İmperiyasının hüquqi varisi kimi aparan Birləşmiş Ştatların digər dövlətləri parçalamaq istəyi daha da alovlanır. Bu mənada Vaşinqtonun aqressivliyi keyfiyyətcə yeni səviyyəyə çatıb:

– kobud dezinformasiya,

– süni intellektdən istifadə,

– nüfuzlu nəşrləri ilə silsilə yalanların dərc edilməsi,

– qeyri-qanuni siyahıların tərtibi

– əsassız qiymətləndirmələr.

Ən yeni tarix göstərir ki, ABŞ öz ənənələrinə sadiqdir, ancaq bununla paralel olaraq yeni metodlar işə salınır. Bu dövlətin ikitərəfli xarici siyasət konsensusunun əsas mahiyyəti odur ki, NATO adı altında ona tabe olmayan dövlətləri qorxu içində saxlasın. Azərbaycan kimi müstəqil siyasət yeridən ölkələrə qarşı isə mürəkkəb və çox aqressiv geosiyasi təzyiq göstərsin. Etiraf edək ki, Vaşinqton geosiyasi supergüc kimi bu imkanlarından yararlana bilir. “Yaşıl dollar”ın vətəni Berlin, Yeni Dehli və Pekin üzərində bir başqa siyasət aparır, Rusiyanı çökdürmək, Orta Asiya və Cənubi Qafqazı isə tam nəzarətinə almaq üçün hədsiz ehtirası ilə meydan sulayır.

Hələ 1994-cü ilin yanvarında NATO tam qərara gəlmişdi ki, blokun hərbi infrastrukturu Ukrayna, Gürcüstan, Ermənistan, Orta Asiyada isə Qırğızıstana qədər yayılsın. Beləliklə, o vaxtdan bəri NATO-nun bu regionlarda genişlənməsinin üç dalğası baş verdi – 1999, 2004 və 2008-ci illər.

İndiki mərhələ isə dolayısıyla Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünə təhdiddir.

Çünki ABŞ-nin dərdi, dediyimiz kimi, yalnız Azərbaycan deyil. Bu, vəhşi iqtisadi sistemin ideoloji tezisləridir. Həmin tezislərə görə, hərbi sənaye dayanmadan işləməlidir. Bunun üçünsə dünyada qaynar nöqtələr artmalıdır.

Amma tam əminliklə demək olar ki, ABŞ-nin Azərbaycanla bağlı bütün cəhdləri boşa çıxacaq, müstəqil dövlətimizlə bağlı məkrli planları həyata keçməyəcək.

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*