Bakıda vətəndaşın koronavirus testi ilə bağlı rəsmi açıqlama – YENİLƏNİBbackend

Vətəndaşa səhv diaqnoz qoyan klinika məlumat yaydı - YENİLƏNİB

Referans Klinik Laboratoriya Mərkəzi vətəndaşın COVID-19 testinin cavabı ilə bağlı açıqlama yayıb.

Mərkəzdən KONKRET.az-a daxil olan açıqlamada deyilir:

“Referans Klinik Laboratoriya Mərkəzi olaraq pandemiya dövrü elan olunduğu ilk gündən etibarən virusla mübarizəyə aktiv dəstək olmaqdayıq. Laboratoriyamızın texniki bazasının, avadanlıq təchizatı üzərində aparılan kontrol yoxlamalar əsasında mərkəzimiz TƏBİB tərəfindən COVID-19 testinin aparılması üçün akkreditə olundu və bunun əsasında ilk günlərdən etibarən mərkəzimizdə COVID-19 testləri aparılmaqdadır.

TƏBİB ilə əməkdaşlıq daxilində Mərkəzimizdə aparılan bütün test nəticələri pasiyentə təqdim olunmadan öncə birbaşa olaraq TƏBİB-in pasiyent məlumatları bazasına yönləndirilir, yalnız bundan sonra pasiyentin nəticəsinin pozitiv olması aşkarlandığı haqqında məlumat, növbəti mərhələdə aparılacaq işlərə cavabdeh olan TƏBİB-in əməkdaşları tərəfindən ən qısa zamanda məlumat verilir, pasiyent müalicə üçün xüsusi ayrılmış tibb müəssisələrinə yönləndirilir. Bir laboratoriya mərkəzi olaraq maddi-texniki bazamız əsasında bütün müraciət edən pasiyentlərin laborator nəticələrinin işlənilib TƏBİB-ə düzgün məlumatın zamanında ötürülməsinə dəstək göstəririk. Mərkəzimizə iyunun 18-də müraciət edən M.S. adlı pasiyentimizdən biomaterial götürülüb və təxminən 24 saat sonra (19 iyun saat 18:18-də) əməkdaşlarımız tərəfindən nəticə pasiyentə təqdim olunub. TƏBİB-ə pasiyentin pozitiv olması haqqında məlumat isə 19 iyun saat 17:40-da artıq yönləndirilib.

Pasiyentə yazılı nəticə verilmədən öncə artıq TƏBİB-ə pasiyentin pozitiv nəticəsi və əlaqə məlumatları bizim əməkdaşlarımız tərəfindən yönləndirilmişdi. Lakin təəssüflə qeyd etmək istərdik ki, Mərkəzimizin qeydiyyat əməkdaşı tərəfindən texniki səhvə yol verilib və pasiyentə nəticəsi ’neqativ’ kimi çap olunaraq təqdim olunub. Bir tibb mərkəzi olaraq üzərimizə düşən bu məsuliyyəti anlayaraq bildiririk ki, həmin əməkdaşımız lazimi qaydada cəzalandırılacaq. Pasiyentimizə dünən təqdim olunan neqativ cavab əsasında onun rahat şəkildə ailə üzvləri və yaxınları ilə birlikdə yaxın təmasda olduğuna isə bir aydınlıq gətirmək istərdik ki, bəli, pasiyent neqativ nəticə təqdim olunduğu üçün rahat hərəkət etməyinə baxmayaraq, hər bir halda TƏBİB-ə verdiyimiz məlumata əsasən testi pozitiv çıxan pasiyentin son iki həftədə ətrafında olan insanlardan mütləq şəkildə COVID-19 testi götürüləcək. Hər bir halda pasiyentin ətrafında yoluxan insan varsa, bunlar da zamanında aşkarlanacaqdı, bunda sonra isə vətəndaş təyin olunan müalicə müəssisəsinə yönləndiriləcək”.

Mövzu ilə bağlı TƏBİB-dən isə bildirilib ki, qeyd edilən şəxsin COVID-19 testinin nəticəsi pozitivdir:

“Məsələ laboratoriya ilə aydınlaşdırılıb. Həmin vətəndaşın testinin nəticəsi pozitivdir və onun müvafiq nəticəsi TƏBİB-in ümumi databazasına daxil edilib. TƏBİB tərəfdən həmin vətəndaşla bağlı müvafiq prosedurlar həyata keçiriləcək. Belə ki onun təmasda olduğu şəxslər müəyyənləşdiriləcək və s. lazımi işlər görüləcək”.

=======================================================================================================

“Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” Covid-19 testindən keçən vətəndaş Sadıq-zadə Mirzənin iddialarına cavab verib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən klinikanın Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Xoşqədəm Əliyeva bildirib ki, vətəndaşın test nəticəsi pozitivdir:

“Sadəcə, əməkdaşlarımız texniki səhvə yol verdikləri üçün sənəddə neqativ yazılıb. Testin nəticəsi pozitiv çıxdığı an TƏBİB-ə məlumat verilib”.

X.Əliyeva əməkdaşımızın “Vətəndaş test nəticəsini neqativ bildiyi üçün rahat hərəkət edib. Bəs, buna görə məsuliyyəti kim daşıyır?” sualını cavabsız qoyub, o, telefon dəstəyini yerə asıb.

S.Mirzə isə bildirir ki, ona TƏBİB-dən zəng edən olmayıb:

“Xəbər sizin saytda yayımlandıqdan sonra sözügedən klinikanın əməkdaşı Xoşqədəm Əliyeva mənimlə əlaqə saxladı. O, test nəticəmin pozitiv olduğunu bildirdi. Düzdü, üzrxahlıq etdi.

Amma mən nəticəmin neqativ çıxmasından sonra rahatlaşmışam və ailə üzvlərimlə ünsiyyətdə olmuşam. Evimizdə yaşlı insan da var, onları da yoluxdurmuş ola bilərəm. Xoşqədəm xanım mənə dəymiş maddi ziyanın qarşılanmasını təklif etsə də, bununla razılaşmadım. Mənə 24 saylı poliklinikadan, daha sonra isə Epidemioloji Mərkəzdən zəng etdilər. Mənə təqdim edilən sənədi istədilər, göndərdim. Sənəddə cavab neqativ olduğu üçün onlar da təəccübləndi, məsələni araşdıracaqlarını bildirdilər”.

=======================================================================================================

Bakıda “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik”də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb.

KONKRET.az xəbər verir ki, Sadıq-zadə Mirzə Zeynal oğlu sözügedən tibb ocağında testdən keçib, onun nəticəsi neqativ çıxıb.

Lakin “Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə vətəndaşın test cavabını pozitiv kimi təqdim edib.

S.Mirzə bildirib ki, ona yaxın olan şəxslərdən birinin Covid-19 testinin nəticəsi pozitiv çıxıb və bu səbəbdən narahat olduğu üçün özü də test etdirib:

“Testdən bir neçə gün öncə yüngül öskürək və 37,4-37,5 qızdırmam var idi. Təcili yardıma bildirsəydim, cavablar 3 günə  çıxacaqdı və əgər məndə pozitiv idisə, kimisə yoluxdura bilərdim. Bu səbəbdən “Referans”a yollandım ki, əmin olum. Çox şükür ki, cavab neqativ çıxdı. Və artıq test verməyə gedəndə məndə heç bir narahatlıq yox idi –  nə öskürək qalmışdı, nə də qızdırma”.

Şikayətçi onu da bildirib ki, bundan öncə xüsusi karantin rejimi dövründə portalda iş üçün icazəsi olub:

“Bu gün baxdım ki, silinib. Yeni icazə götürmək istədiksə isə bildirildi ki, Covid-19-a yoluxmuş şəxs 21 gün sonra götürə bilər. Laboratoriya mərkəzinin hansısa işini düzgün görməyən əməkdaşı mənim barəmdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yanlış məlumat verərək, nəticəmin pozitiv çıxdığını bildirib. Bu səbəbdən, dünəndən telefonuma gələn zənglər və mənim hər birinə göndərdiyim testin nəticələrinə inansalar da, adını qeyd etdiyim Poliklinika öz səhvini düzəltmədi. Və mənim portalda olan iş icazəm ləğv olunmuş, adıçəkilən virusa “yoluxmağım” səbəbi ilə yeni icazə götürməyim mümkünsüzləşmişdi. Dünən “Referans”la əlaqə saxladım. Bildirdim ki, sizin məsuliyyətsizliyinizdir. Düzəldin səhvinizi. Dedilər ki, narahat olmayın. Sizdə cavab neqativdir. Kim dəqiqləşdirmək istəsə , bizim əlaqə nömrəmizi verin. Ancaq TƏBİB-ə verdikləri yanlış məlumatı düzəltmədilər. Bir saat öncə də TƏBİB-ə məlumat vermişəm. Dedilər ki, sizə məlumat veriləcək”.

Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, vətəndaş müraciət edibsə, araşdırılacaq.

Xatırladaq ki, S.Mirzə Covid-19 testi üçün klinikaya 100 manat ödəniş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*