Ölkədə avtomobil sayının artması, əhalinin rayonlardan paytaxta axışması, həmçinin universitetlərin, iş yerlərinin çoxluq təşkil etməsi və digər səbəblər Bakıda tıxac yaradan əsas amillərdəndir. Bəs bu tıxacların həll olunmasının yolları nədir? Mövcud problemi aradan qaldırmaq üçün hansı əsaslı addımlar atılmalıdır?
Millət vəkili Tahir Kərimli KONKRET.az-a açıqlamasında tıxac yaradan əsas səbəblərə toxunub: “Təxminən 20 il bundan əvvəl avtomobil sayı 100 mindən bir qədər artıq idisə, indi 700 mindən çoxdur. Məlumdur ki, Böyük Qayıdış layihəsi çərçivəsində azad edilmiş ərazilərə əhalinin köçürülməsi üçün müəyyən proqramlar həyata keçirilir. Ancaq bu, kifayət deyil. Hesab edirəm ki, hazırda qeydiyyata alınmayan çox sayda rayon əhalisi var ki, paytaxta işləməyə gəlir, burada qeydiyyatsız yaşayırlar. Ona görə də doğru olardı ki, rayonlarda xeyli iş yerləri açılsın, onların adına torpaq sahələri varsa, əkib-becərmək üçün imkanlar yaradılsın. Çünki torpaq sahələrinin çoxu becərilməmiş qalır və rayon əhalisi işləmək üçün Bakıya üz tutur”.
Millət vəkili bildirir ki, əvvəllər regionların inkişaf planı tərtib olunurdu: “Hesab edirəm ki, buna yenə də ehtiyac var. Çünki təkcə yolların genişləndirilməsi kifayət eləmir. Əslində isə bunun üçün heç yer də qalmayıb. Şəhərin içində əlavə yolların çəkilməsi də çətindir. Vaxtilə binalar tikiləndə arxitektura qaydaları pozulub. Bakının baş planı olmadan evlər, çoxmərtəbəli binalar tikilib. Bu da təbii ki, problemlər yaradır. Odur ki, bu məsələ ilə ciddi şəkildə bu məsələ ilə məşğul olmaq lazımdır”.
Müsahibimiz onu da əlavə edib ki, universitetləri, bəzi müəssisələri Bakıdan kənara köçürmək lazımdır: “Yəni şəhər mərkəzinin yükü azaldılmalıdır. Bakının baş planında artıq 50 km uzunluğunda tramvay yolunun tikilməsi nəzərdə tutulub. Bu xətlərin haradan keçəcəyi yəqin ki, müəyyənləşib. Hesab edirəm ki, bu məsələləri ciddi şəkildə həll etmək lazımdır. Hər şeydən əvvəl, rayon əhalisi üçün iş yerləri açmaq lazımdır. Çünki ev-eşik yox, gəlib kirayədə qalırlar, nə qədər xərcə düşürlər. Amma Bakıda qazandığının yarısını öz rayonunda qazanan kimsə şəhərə gəlməz, dolayısı ilə paytaxtda əhali sıxlığı yaranmaz”.
Nəqliyyat eksperti Aslan Əsədov isə hesab edir ki, Bakı şəhərinin tıxac problemi son dövrlərin ən aktual məsələlərindən biridir: “Burada müəyyən təkliflər var, amma bunlar kifayət qədər dəqiq deyil. Yəni universitetlərin bölgələrə köçürülməsi, bəzi məktəblərin bağlanması kimi fikirlər birmənalı qarşılanmır və qarşılanmayacaq. Burada kompleks yanaşmalar lazımdır. Daha çox vəsait ayırmadan, daha çox müəyyən iqtisadi səmərəli variantlardan istifadə etməklə bu məsələlər həll olunmalıdır. Yəni yol hərəkətinin təşkilinə yenidən baxılması, məhəllədaxili küçələrin bir-birilə əlaqələndirilməsi, şlaqbaunsuz keçidlərin olması və.s. Məsələn, elə yollar, elə məhəllələr var ki, tıxacdır, halbuki o məhəllələrdən keçməklə hər hansı bir yolu yarı etmək olar. Yol hərəkətinin təşkili və təhlükəsizliyinə yenidən baxılması, məsələn, birtətəfli istiqamətli hərəkətli yolların qarışılıqlı hərəkətli yollarla əvəz olunması, işıqforların yerlərinin dəyişdirilməsi və.s kimi məsələlər problemi azaldacaq amillərdəndir”.
Aslan Əsədovun fikrincə, universitet tikmək və ya köçürmək elə də asan başa gəlmir: “Yəni inşa prosesi ilə iş bitmir. Çünki universitetin köçürüləcəyi, tikiləcəyi bölgənin də müəyyən dərəcədə perspektivi olmalıdır. Ona görə də bunlar hamısı qarşılıqlı şəkildə nəzərdən keçirilməlidir. Bu işlərə kompleks yanaşma lazımdır. Bu, baş verərsə, artıq maneə qalmaz, tıxacların sayında azalma olar. Ən azından, günün pik vaxtlarında tıxacla üz-üzə qala bilərik, qeyri vaxtlarda isə tıxac azala bilər”.
Təhsil eksperti Kamran Əsədov da mövcud problemin səbəbi və həll yolları ilə bağlı fikirlərini bölüşüb: “İlk növbədə qeyd edim ki, hazırda respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 167 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 130 947 (bakalavr), 11 740 (magistr) nəfər Bakıda təhsil alır. Etiraf edək ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də şəxsi avtomobillərindən istifadə etməsi və ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına səbəb olur.
Sözsüz ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac problemini aradan qaldıra bilər.
Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdə ali təhsil müəsissələrinin mövcud olmasıdır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa, ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar.
Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Xarici Dillər Universiteti, İqtisad Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetdir.
Çünki bu ali məktəblərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali təhsil ocaqlarının Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu, həm də Bakıərtafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda da görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib-gələ bilirlər”.
Əsədov xatırladıb ki, Azərbaycanda təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur: “Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-bağçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti qalmayıb. Bəzi institutların maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb. Hesab edirəm ki, önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından asılı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir.
Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər. Amma nəzərə alsaq ki, hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var.
Əlbəttə, yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəb ətrafında sıxlıq, xaos yaradır.
Digər tərəfdən də məktəblərin büdcəsi yoxdur ki, avtobuslar saxlasınlar. Bu gün özəl məktəblərdə nəqliyyat servisi var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə olan halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər. İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb-gətirir. Bu halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki uşaq saatlarla ayaq üstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Amma məktəb avtobusları uzaq məsafəyə uşaqların rahat gediş-gəlişini təmin edir.
Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması təəccüblü deyil. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də məktəblərə şagirdləri avtobuslar gətirib aparır. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur. Və öz səmərəsini də göstərir”.
Mərahim Nəsib,
KONKRET.az
Yaxşı olardı ki, BDU ətrafında qanunsuz fəliyyət göstərməklə yanaşı tıxaca əsas səbkərları PARKOVŞİK -ləri yığışdırasınız, ikinci sırada da avtomobil saxlatdırırlar və d.