Sovet dövründə tərcüməçi ən prestijli ixtisaslardan biri sayılırdı. Hazırda isə ölkəmizdə tərcüməçilik ixtisasına minimum keçid balı ilə qəbul olmaq mümkündür.
Bəs görəsən, buna səbəb nədir? Gənclər xarici dillərə maraq göstərmirlər, yoxsa əcnəbi dilləri şəxsi təşəbbüsləri ilə öyrənmək mümkün olduğu üçün bu ixtisasa yönəlmək istəmirlər?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri danışıb.
Onun sözlərinə görə, müəyyən ixtisaslarda balların aşağı düşməsinin bəzi səbəbləri var:
“Hər hansı bir ixtisası, istər tərcüməçiliklə bağlı, mühəndisliklə bağlı, hüquq istiqamətli, istərsə də təbiət, pedaqoji əsaslı ixtisaslar olsun. Onların keçid balını müəyyənləşdirən iki detal var: Birincisi, həmin ixtisasların aid olduğu fənn qrupuna həmin il müraciət edənlərin sayı, ikincisi isə ixtisas seçimi zamanı həmin ixtisasları yazan abituriyentlərin sayı. Bu əsas faktorlardan biridir.
İkinci faktor, universitet tərəfindən həmin ixtisaslarla bağlı yaradılan plan yerləridir. Bəzən biz ixtisas seçimi edərkən, hər hansı bir ixtisasın ötən ilki keçid balına baxırıq. Lakin burda ən çox diqqət edilməli birinci məsələ plan yeridir. Çünki keçid balını da plan yeri müəyyənləşdirir.
Sadə bir neçə nümunə deyim, ötən il Azərbaycanda Turizm və Menecment Universiteti, Bakı Slavyan Universiteti elə Azərbaycanın Dillər Universitetinin özündə də tərcüməçilik əsaslı ixtisasların keçid balları çox aşağı səviyyəli oldu.
Birincisi, III qrupa ötən illərdə nisbətdə çox abituriyent imtahan verməyib. İkinci səbəb isə, müsabiqədən keçən abituriyentlər tərəfindən bu ixtisaslara o qədər də marağın olmamasıdır. Maraq o qədər az olub ki, plan yerləri boş qalıb”.
Ekspert bildirib ki, tərcüməçilik ixtisası üçün bu il də ballar aşağı olacaq:
“Məsələn, bu il bir universitetdə tərcüməçilik ixtisasını 200 tələbə bitirir. 200 yer boş qalır və universitet tərəfindən DİM-ə göndərilən təqdimat əsasında plan yeri iki-üç kimi göstərilir. Say həmin say deyil. Beləliklə, ixtisas seçiminin nəticələri müəyyən ediləndə biz plan yerlərinin də unudulmadığını görürük. Söhbət təbii ki, tərcüməçilik əsaslı ixtisaslardan gedir. Məsələn, 100 yer varsa, bunun 70-i dolur, 30 yer isə boş qalır. Həmin boş qalan 30 plan yeri əlavə şans müsabiqəsinə buraxılır. Əlavə şans müsabiqəsinə də əsasən, minimal balı güc-bəla ilə toplayanlar və müsabiqədən kənarda qalanlar gedə bilirlər. Onların keçid balı təbii ki, aşağıdır. Bu zaman həmin 30 abituriyentə görə ortalama keçid balı aşağı düşür”.
E.Nuri tərcüməçilik ixtisasına cəmiyyət tərəfindən marağın olmamasının səbəblərini də açıqlayıb:
“Bu il də tərcüməçilik ixtisasının balları aşağı olacaq, buna əminəm. Çünki bir ixtisasa cəmiyyət tərəfindən olan maraq, tendensiya şəklində bir neçə il davam edir. Həmçinin əksi, bir ixtisasa, bir profil üzrə olan laqeydlik bir neçə il də davam edir. Çünki cəmiyyətin ortalama maraq dairəsi adlı anlayış var.
Vaxtilə hər kəs hüquqa, beynəlxalq hüquqa meyl edirdi, pedaqoji əsaslı, yəni müəllimlik ixtisası seçilmirdi, amma indi əksinədir. Tələbat artdığına görə, keçid balları da artır. Ötən il BDU-da, riyaziyyat müəllimliyi ixtisasının keçid balı, hüquq fakültəsinin ixtisasının keçid balını üstələmişdi.
Son bir neçə ildə tərcüməçilik istiqamətli ixtisasların keçid balları artmayacaq, heç çox azalmayacaq da. Çünki bu ixtisasları cəmiyyət üçün, abituriyentlər üçün maraqlı edəcək əlavə bir nüans yoxdur. Dil bilgisini tələbə başqa resurslardan da ala bilir. Hazırlıq kurslarından, özəl repetitor xidmətindən dili öyrənib, onlardan yararlana və gələcəkdə əmək bacarığına tətbiqi istiqamətində ondan istifadə edə bilirik. Ona görə də bu ixtisaslara marağı artırmaq üçün bəzi işlər görmək lazımdır”.