Bank güzəştləri edilə, kredit şərtləri yumşaldıla bilər – RƏSMİbackend

Bank güzəştləri edilə, kredit şərtləri yumşaldıla bilər – RƏSMİ

Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə bir milyard manat vəsait ayrılıb. 

KONKRET.az xəbər verir ki, ayrılan vəsaitin daha çox hansı sahələrə sərf ediləcəyi və digər məsələlər barədə sualları İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov cavablandırıb:

– Bir neçə gün öncə Prezident İlham Əliyev bir milyard vəsait ayrılması barədə sərəncam imzaladı. Həmin vəsaitin haraya xərclənəcəyi barədə konkret yol xəritələri varmı?

– Bildiyiniz kimi, koronavirus pandemiyasından irəli gələrək, dünya enerji və səhm bazarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, o cümlədən, makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərini azaltmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən növbəti tarixi sərəncam imzalandı. Bu sərəncamla ölkə Prezidenti bir daha Azərbaycan vətəndaşının, sahibkarların yanında olduğunu təsdiq etdi. Sərəncamla 2020-ci ilin dövlət büdcəsindən bir milyard manat vəsait ayrıldı. İşçi Qruplarının yaradılması ilə bağlı Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mərkəzi Banka konkret tapşırıqlar verildi. Artıq İqtisadiyyat Nazirliyində konkret tədbirlər planının hazırlanması istiqamətində işə başlanılıb. Qısa müddət ərzində təkliflərimizi Nazirlər Kabinetinə təqdim edəcəyik. İqtisadiyyat Nazirliyinə verilən tapşırıqlardan biri koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrin siyahısının, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan  olmayan fiziki şəxslərin siyahısının hazırlanması üçün meyarın hazırlanıb təsdiqlənməsidir. Bundan başqa, nazirliyə pandemiyanın yaxın və orta müddətdə ölkənin biznes mühitinə mənfi təsirinin azaldılması, iqtisadi artımın dayanıqlılığının artırılması məqsədilə təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Eyni zamanda Nazirlik mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğını müəyyən edib Nazirlər Kabinetinə məlumat verəcək. Yeri gəlmişkən xüsusilə qeyd edim ki, vergi güzəştləti və tətilləri, kredit şərtlərinin yumşaldılması və digər dəstək mexanizmləri yalnız işini şəffaf quran, vergi öhdəliklərini vaxtında yerinə yetirən sahibkarlara şamil olunacaq.

– İşçi qrupları yaradılıb. Onların fəaliyyət istiqamətləri necə olacaq? Sənədlərin Nazirlər Kabinetinə təqdim olunması üçün nə qədər müddət verilib?

– İqtisadiyyat Nazirliyində mütəxəssislər təkliflərin hazırlanması istiqamətində işlər aparır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışan sahibkarlarla görüşlər keçirilir. Təkliflər toplanır və təhlil olunur. Qısa müddət ərzində bu təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Nəticədə, hazırlanan təkliflər ümumi tədbirlər planı ilə təsdiq olunacaq və icrasına başlanılacaq. Vurğulayım ki, Cənab Prezidentin Sərəncamı xarici iqtisadi şokla mübarizədə Azərbaycan hökumətinin növbəti qabaqlayıcı tədbiri, xarici şokun ölkə vətəndaşına təsirinin minimallaşdırılmasını təmin edəcək. Təbii ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Dünyada baş verən istənilən mənfi tendensiya ölkə iqtisadiyyatından da yan keçmir. Həyata keçirilən tədbirlər xarici şoklara reaksiya verilməsində, konkret tədbirlərin görülməsində vacib rol oynayır. Bunun üçün Azərbaycanda artıq xarici iqtisadi şokların ticarət və tədiyyə balansına təsiri araşdırılıb və müxtəlif proqnoz ssenarilər hazırlanıb. Zərurət olduqca sabitləşdirici paket reallaşdırılacaq.

– İlkin araşdırmalarda bu təsirlərin hansı sahələrdə daha çox olduğunu müəyyənləşdilib?

– Koronavirus pandemiyasının ilkin olaraq ticarət, iaşə obyektləri, turizm və nəqliyyat sahələrinə təsiri gözlənilir. Digər sahələrə də təsiri ilə bağlı araşdırmalar davam etdirilir. Hazırda kifayət qədər geniş şəkildə təhlil aparılır. Təsir ehtimalı olan sahələr üzrə güzəştlərin edilməsi istisna deyil. Vergi ödənişləri və kredit şərtlərinin yumşadılması ola bilər. Bu məsələlər hazırda müzakirə predmetidir və bu istiqamətdə iş gedir. Qısa müddət ərzində tədbirlər planı çərçivəsində öz həllini tapacaq.

– Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitlər hansı sahəyə yönəldiləcək? Yalnız tibb, yoxsa?

– Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq iyirmi milyon manat ayrılıb. Bu prosesə artıq özəl sektor da qoşulub və maliyyə dəstəyi göstərir. Sərəncamda qeyd edilib ki, bu, səhiyyə sahəsində görülən işlərə dəstəkdir. Eyni zamanda, bu sahəyə cəlb olunmuş səhiyyə işçilərinin mükafatlandırılması məsələləri diqqətdə saxlanılıb. Sərəncamla ayrılan vəsait də bütövlükdə bu virusla mübarizə və pandemiyanın təsirlərinin minimuma endirilməsi məqsədi daşıyır.

– Bir neçə gün əvvəl sosial şəbəkələrdə marketlərdə məhsulların tükənməsi ilə bağlı kütləvi paylaşımlar yer aldı. Əhali arasında panika yarandı…

– Hökumətin həyata keçirdiyi siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması üçün zəmin yaradıb. Bu gün kifayət qədər özünü təminetmə səviyyəsi yüksək olan məhsullarımız istehsal olunur. İxrac potensialımız  da formalaşıb. Bu gün biz “Made in Azerbaijan” brendi ilə xaricə kənd təsərrüfatı, sənaye, İKT və s məhsullar ixrac edirik. Bəzi psixoloji amillərin nəticəsidir ki, vətəndaşlarımız marketlərdən müəyyən qədər artıq məhsul tədarük edirdilər. Bu proses səngidi. Çünki vətəndaşlar gördülər ki, marketlərdə, onların anbarlarında kifayət qədər ərzaq var. Anbarlar monitorinq olunur. İstehsal da, idxal da var. Tam əminliklə deyə bilərik ki, bu barədə panikaya düşmək üçün heç bir əsas yoxdur.

 

– Sahib müəllim, bəs valyuta ehtiyatımız barədə nə deyərdiniz?

 

– Bu gün bizim kifayət qədər strateji valyuta ehtiyatlarımız var. Bu, qlobal və regional risklərin ölkə iqtisadiyyatına neqativ təsirlərini neytrallaşdırmaq imkanı yaradır. Eyni zamanda, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə olunması üçün zəmin yaradır. Strateji valyuta ehtiyatlarımız dövriyyədə olan manat kütləsinin həcmindən beş dəfə, nağd manat kütləsinin həcmindən isə doqquz dəfə çoxdur. Bu, o deməkdir ki, valyuta bazarının tarazlığının təmin olunması, makroiqtisadi sabitliyin qorunması üçün fundamental şərtlərdəndir. Ölkəmizin iqtisadiyyatı dünyada baş verən xarici şoklara qarşı maliyyə immunitetinə, təhlükəsizlik “yastığına” malikdir. Bu, həyata keçirilən islahatlar nəticəsində formalaşmış potensialdır.

– Sosial şəbəkə istifadəçiləri və bəzi iqtisadi ekspertlər pandemiya fonunda ölkə iqtisadiyyatında geriləmələr barədə narahatlıqlarını ifadə edirlər. Sizcə, buna əsas varmı?

– Bu proses daxildə həyata keçirilən sosial-iqtisadi proseslə bağlı deyil. Qeyri-peşəkarların yaydığı dezinformasiyalardır. Bəli, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Deyə bilmərik ki, bunun bizim iqtisadiyyata təsiri olmayacaq. Hazırda Azərbaycan iqtisadiyyatına təsiri ehtimal olunan iki amil var: biri pandemiyanın neqativ təsirləri, digəri neftin qiymətinin ucuzlaşmasıdır. Hazırda bu təsirləri minimallaşdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Əksər ölkələrlə müqayisədə, Azərbaycan bu virusun yayılmasının qarşısını almaq üçün ilk günlərdən daha ciddi reaksiya verdi. Çevik qərarlar qəbul olundu ki, ehtimal olunan itkilər minumuma ensin. Risklərin iqtisadiyyata təsirinin minimallaşdırılması üçün tədbirlər davam etdirilir. Cənab Prezidentin son tarixi Sərəncamı iqtisadi fəallığının artması istiqamətində atılan çox mühüm addımdır.

Oxu.az

  • Ramiz
    Mart 22, 2020 - 15:14

    Salam. Cox xahiş edirem müracietime cavab veresinuz. Krefitle bagli yaziram. Yoldaşim Mahmudov Ramiz Namized ogluna kredit borclarinin faiz derecelerinun aşagi enmesine kömeklik edasinuz. 35 min e yaxin kredit ödeyib bir gün bele gecikməsi olmayib artiq öhd eda bilmir. Guzeşt edin faizleri azaldin.

  • Ülviyyə Əliyeva
    Mart 22, 2020 - 19:54

    Bank ödənişlərinin təxirə salınması əhalinin ehtiyacı olan ən vacib güzəştlərdəndir. Maaşdan əlavə gəlirlərlərə hesablanaraq götürülmüş kreditlərin ödənilməsi əhalini ciddi çətinliklər və narahatlıqla üz-üzə qoyur. Bu məsələ həll edilsə, çox minnətdar olarıq.

  • Qafur
    Mart 23, 2020 - 19:03

    Fəaliyyətimiz dayanib

    • Kamran
      Yanvar 4, 2021 - 09:39

      Salam sizden kredit elede etmek ucun hansi senetlere ehtyac var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*